İrəvan Qarabağla bağlı qərarları məhz NATO-nun təsiri altında qəbul edib.
Ovqat.com-un məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu “Zvezda” telekanalının “Bu arada” verilişinin efirində bildirib.
O qeyd edib ki, regionda vəziyyətin gərginləşdiyi dövrdə Moskvanın və KTMT-nin guya Ermənistana kömək etməməsi barədə deyilənlər yalandır.
Rus diplomatın sözlərinə görə, Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsinin bütün “günahı” NATO ölkələrində olub. Məhz NATO ölkələri Ermənistanın Qarabağdan rəsmən imtina etməsi mövzusunu təbliğ ediblər: “NATO üzvlərinin diktəsi ilə imzalanan sənədlərdə Dağlıq Qarabağ sakinlərinin hüquqları heç bir şəkildə açıqlanmayıb və heç bir şəkildə təmin edilməyib”.
Zaxarova onu da vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında yeni gərginlik rəsmi İrəvanın Aİ, ABŞ və Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməsinə nə dərəcədə imkan verməsindən asılıdır.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və s. kimi rus yetkililəri dəfələrlə bu tezisi təkrarlayıb. Nə yazıq ki, Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə şübhə altına alan bu bəyanatlara hələ də rəsmi Bakı adekvat cavab verməyib. Deməyib ki, ay Moskva, axı sən kimsən, Azərbaycanın suveren ərazilərinin taleyi barədə danışır, bizim torpaqları özünün siyasi mötəkkirlik predmetinə çevirirsən?
Paylaş: