Xəbər lenti


Azərbaycanın ərazi bütövlüyünü tanımaqla biz faktiki olaraq Ermənistanın ərazi bütövlüyünü tanımış olduq”.

 

Ovqat.com-un məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 11-də ölkə parlamentində hökumətin 2023-cü il proqramının icrasının yekunlarına dair hesabatın müzakirəsinə həsr olunmuş yekun çıxışında bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün tanınması faktı Ermənistanın ərazi bütövlüyünü tanıdılması üçün lazımdır, çünki Ermənistanın ərazi bütövlüyü Azərbaycan tərəfindən məhdudlaşdırılmışdı.

 

“Ermənistan, hətta tarixən, daha dəqiqi, SSRİ məntiqinə görə, bu ölkələrin əhatəsindədir və sən onların ərazi bütövlüyünü tanımırsansa, öz ölkənin də varlığını tanımırsan. Onlar bizi bu vəsvəsəyə saldılar və biz özümüz də bununla ölkəmizin suverenliyinə xələl gətirdik”, - deyən Paşinyan vurğulayıb ki, heç kim tarixi Ermənistanı ondan çox sevmir, amma o, başqalarından fərqli olaraq tarixi Ermənistanı əsl Ermənistandan çox sevməkdən imtina edir.

 

Paşinyan daha sonra ATƏT-in Minsk qrupunun 30 illik faydasız vasitəçilik missiyasını tənqid atəşinə tutub:

 

“Bizi xüsusilə də ATƏT-in Minsk qrupu çərçivəsində gedən proseslərdəki mövqeyimizə görə tənqid edirlər, amma hiss etmirlər ki, ATƏT-in Minsk Qrupu 2014-cü ildən münaqişədə, 2022-ci ildən isə bir-biri ilə müharibə vəziyyətindədir. İndi deyirlər ki, biz Ermənistanı geosiyasi rəqabət meydanına çeviririk. Bağışlayın, bəs bu ATƏT-in Minsk Qrupu Ermənistan Respublikası ilə bağlı legitim geosiyasi rəqabət deyildisə, nə idi? Yəni siz elə bilirdiniz ki, Fransanın, ABŞ-ın, Rusiyanın, eləcə də Minsk qrupuna üzv ölkələrin maraqları üst-üstə düşür, onlar gəlib siz dediklərinizi edəcəklər? Bu məntiqdən çıxış etsək, əksinə, deyirik: bu o deməkdir ki, biz geosiyasət subyekti deyilik, amma nə bilim, bizi zorla bu torbaya salıblar. Bağışlayın, amma 30 il biz çuval kimi əvvəl bir səmtə, sonra digər səmtə tulazlandıq. Görmədinizmi ki, gəlib bura deyirdilər ki, bunu deyin, sonra gedib ATƏT-də başqa cür səs verdilər? Bu, geosiyasi rəqabət deyilsə, bəs nədir?”.

 

Paşinyan bildirib ki, Azərbaycanla sülh danışıqlarına getməklə əksinə, Ermənistanı bu rəqabətdən çıxarmaq istəyir.

 

O, çıxışında KTMT ilə münasibətlərin pisləşməsinin səbəblərinə də aydınlıq gətirib və buna görə hökuməti tənqid edən sələflərinə cavab verib.

 

Bəli, biz yazmışdıq ki, KTMT, hava hücumundan müdafiə, müttəfiq Ermənistan-Rusiya münasibətləri bizim təhlükəsizliyimizi təmin etməlidir, amma KTMT deyir: yox, biz sizə kömək etməyə gəlməyəcəyik, müqavilə işləmir”, - deyən Paşinyan xatırladıb ki, alyansın Nizamnaməsində birgə hava hücumundan müdafiənin üzv ölkələrinin ixtiyarında olduğu qeyd olunub: “Lakin KTMT-nin hava hücumundan müdafiə sistemləri bizim əmrimizə qoşulmamışdı və belə hekayələr çoxdur. İndi deyəcəksiniz ki, Rusiya Federasiyası və KTMT ilə yaxşı siyasət aparsaydıq, bu, baş verməzdi. Düz deyirsiniz, onda siz də yaxşı siyasət aparsaydınız ki, 2016-cı ilin yanvarında danışıqlar prosesində xalqın Lavrov planı adlandırdığı, məsələyə böyük xaç işarəsi qoyulan məlum həll paketi ortaya çıxmazdı. Söhbət Dağlıq Qarabağın statusundan gedir. Status məsələsi elə bir şəkildə qoyulmuşdu ki, heç kimi təxmin etməsin”.

 

Baş nazir Ermənistanın sabiq Müdafiə naziri Seyran Ohanyana müraciət edərək “strateji tərəfdaşları” adlandırılan Rusiyanın da bostanına daş atıb:

 

“Siz onda yaxşı siyasət aparardınız, cənab Ohanyan, axı Müdafiə naziri idiniz. Strateji tərəfdaşımız (Rusiya – Ovqat.com) sizin vaxtınızda Azərbaycanla 3 milyard dollar məbləğində silah satışı ilə bağlı müqavilə imzaladı. Bu qədər yaxşı münasibətiniz var və aranızda heç bir probleminiz yox idisə, bizim kimi bacarıqsız olmadığınıza görə bu məsələni həll edərdiniz. Gəlin, görək, 2013-2018-ci illərdə Ermənistan Rusiyadan hansı silahları, Azərbaycan hansı silahları alıb? Üstəlik, KTMT üzvü olduğumuza görə dünyada bir çoxları bizə silah satmırdılar, deyirdilər ki, KTMT-nin üzvüsən, sənə silah verməyəcəyik”.

 

 




Ana səhifəyə qayıt        Baxış: 6 121          Tarix: 12-04-2024, 10:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma