Xəbər lenti


“İlk növbədə kürd xalqına qan-qadadan və göz yaşından başqa heç nə gətirməyən “PKK” düşüncəsi artıq modası keçmiş nəzəriyyə təsiri bağışlayır və getdikcə populyarlığını itirir...”

 

“Türkiyənin qarşısını ala bilməyən xarici güc mərkəzləri indi onunla hesablaşmağa məcburdur və bu da “PKK”-nın bitirilməsini şərtləndirir...”

 

40 ildən çox  bir müddətdə Türkiyədə 40 mindən çox insanın qətlinə bais olan terrorçu “PKK”-nın silahı yerinə qoyaraq özünü ləğv etməsi haqda informasiyalar yayıldı. Görəsən, bu, həqiqətdirsə, bəs indən belə Türkiyədə və regionda müxtəlif xarici qüvvələr tərəfindən körüklənən və əslində kürd xalqının özünə ağır zərbələr vuran kürd separatçılığı və terrorçuluğunun durdurulması istiqamətindəki prosesi uğurla davam etdirmək mümkün olacaqmı?

 

Siyasi şərhçi Heydər Oğuz mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bildirib ki, “PKK”-nın özünü buraxması və silahlarını yerə qoyması barədə qərarı Türkiyədə birmənalı qarşılanmayıb: 

 

“Bir sıra siyasilər və politoloqlar bu qərarı separatizm üzərində qazanılmış həlledici qələbə kimi qiymətləndirsə də, bir çoxları qərara ehtiyatla yanaşır. Bu da səbəbsiz deyil. Çünki “PKK” qurulduğu 1978-ci ildən indiyədək keçən 47 il ərzində dəfələrlə silahları yerə qoyub, guya dinc və demokratik mübarizə yolunu seçib. Amma bütün bu dəyişimlərin ömrü uzun sürməyib, qısa zamandan sonra yenidən terror metodlarına əl atıb. “PKK”-nın son tərksilah qərarı sayılan 12-ci Konqresinin Yekun Bəyannaməsi də bir sıra müəmmalı məqamlarla doludur. Yekun Bəyannamədə “PKK” adı altında fəaliyyətin dayandırıldığı qeyd olunsa da, mübarizədən tamamən vaz keçildiyi vurğulanmır. Əksinə, mübarizənin şəkil və formasının dəyişiləcəyinə, yeni paradiqmalara uyğunlaşdırılacağına eyham vurulur. Qeyd olunur ki, son zamanlar Yaxın Şərqdə yaşananlar Üçüncü Dünya Müharibəsinin təzahürləridir və “Yaxın Şərqdə baş verən hazırkı proseslər kürd-türk münasibətlərinin yenidən qurulmasını qaçılmaz edir”. Belə çıxır ki, mövcud reallıqlar silahlı mübarizə zərurəti yaratmır, çünki yeni paradiqmalar kürd varlığını inkar etmir və “PKK”-nın təsis olunmasının əsas məqsədi də bu idi. Bu mənada öz hədəfini reallaşdıran “PKK” özünü buraxmalı və partiyalar yaradıb siyasi mübarizəni tamamilə başqa müstəvidə aparmaq lazımdır. Bəyannamədə Türkiyənin fundamental əsasları sayılan Lozanna müqaviləsinin və Atatürk tərəfindən hazırlanan 1924-cü il Konstitusiyasının kürd problemini ortaya çıxaran təməl səbəblər kimi göstərilməsi də problemin birdəfəlik həllini əngəlləyən amil kimi rol oynaya bilər. Açığı, “PKK” bu ideologiyasını davam etdirərsə, yaxın gələcəkdə türk-kürd yaxınlaşmasının fiaskoya uğramasına gətirib çıxara bilər. Çünki Lozanna müqaviləsi I Dünya savaşında Türk diplomatiyasının ən böyük uğuru, qardaş ölkəni parçalamaqdan qoruyan təməl siyasi aktlardan biridir. Onu qəbul etməmək Türkiyənin dəyişilməz prinsiplərindən sayılan unitar dövlət formasına qarşı çıxmaq deməkdir. 1924-cü il Konstitusiyasının inkarı da məhz bu separatizmdən qaynaqlanır.

 

Yekun bəyannamədə yer alan bir çox prinsiplər “PKK”-nın hələ də sosialist düşüncədən vaz keçmədiyini, marksist-leninçi anlayışları qoruduğunu göstərir. Artıq tarixin zibilliyinə atılmış bu ideologiyanın indiyədək qoruyub saxlanması və onu “komunal demokratik toplum” kimi absurd prinsiplərlə “zənginləşdirilməsi” də “PKK”-nın Türk-Kürd bütünləşməsində effektiv rol oynamayacağına işarədir. Ona görə ki, amerikalı yazıçı və filosof Murroy Bukçinin fəlsəfi düşüncələrindən yararlanan Abdullah Öcalanın ortaya atdığı “komunal demokratik toplum” nəzəriyyəsi dövlətçilik prinsipinə əsaslanmayan, sadəcə ictimai xarakter daşıyan konfederalizm düşüncəsinə söykənir. Türkiyə cəmiyyəti və dövləti isə nəticə etibarilə separatizmin rüşeymləri sayılan bu nəzəriyyəni yaxına buraxmaz. Onu özü üçün bir təhdid olaraq görər və ona qarşı sərt mübarizə apara bilər”.

 

Bununla belə, Heydər Oğuz “PKK”-nın silah buraxmasının və özünü ləğv etməsinin müsbət tərəflərinə də toxunub. Onun fikrincə, “PKK”-nın 12-ci Konqrensinin bu müəmmalı bəyannamələri əslində kürd separatçılığını gələcəkdə imperialist xarici güc mərkəzləri üçün sui-istifadəyə yararlı qüvvə kimi təqdim etməyə çalışsa da, təşkilatın özünü buraxması və dünya düzənində dəyişilən dəngələr tamamilə başqa nəticələr ortaya çıxara bilər: 

 

“Əvvəla, ona görə ki, ilk növbədə kürd xalqına qan-qadadan və göz yaşından başqa heç nə gətirməyən “PKK” düşüncəsi artıq modası keçmiş nəzəriyyə təsiri bağışlayır və getdikcə populyarlığını itirir. Sözsüz ki, onun özünü buraxması da bu nüfuzdandüşmə prosesini daha çox dərinləşdirəcək. İkincisi ona görə ki, “PKK” artıq özünün beynəlxalq dəstəyini də böyük ölçüdə itirib. Artıq ona əvvəlki himayədarları heç bir dəstək vermir, dünyanın əksər dövlətləri Türkiyə ilə daha geniş həmrəyliyə can atırlar. Xüsusilə də ABŞ. Bilirsiniz ki, Donald Tramp Yaxın Şərq məsələsini dilə gətirdiyi bütün açıqlamalarında Türkiyəni mədh edir, regional məsələlərdə onu ən ciddi müttəfiqi kimi görür. Üstəlik, bu mövqe dəyişikliyi təkcə Trampa xas özəllik də deyil. Tramp prezident seçkilərinə qatılmamışdan əvvəl, Co Baydenin dövründə belə, ABŞ rəsmilərinin Ağ Evdə keçirdikləri toplantıda Amerika qoşunlarının Suriyadan çıxarılması məsələsi müzakirə olunmuş və bu ölkədə məskunlaşan kürd separatçılarının Suriya ordusuna inteqrasiyasının vacibliyinə toxunmuşdular. Bu isə “PKK”-nın yaxın zamanlarda tamamilə tarixdən silinəcəyi mənasına gəlirdi...

 

Üçüncüsü, Türkiyə üzərindən keçməsi planlaşdırılan beynəlxalq marşrutlar oraların terrorçu ünsürlərdən tamamilə təmizlənməsini gərəkli hala gətirir. Məlumdur ki, istər Hindistandan, istərsə də Çindən göndərilən mal və məhsulların İraq üzərindən Türkiyəyə, Türkiyədən isə Avropaya keçməsi planlaşdırılır. Qardaş ölkə adına “Kalkınma yolu” dediyi bu marşrut üzərində yuva salan “PKK” ünsürlərinə qarşı “Pəncə - Kilid” əməliyyatlarını hələ bir neçə il bundan əvvəl başlatmış və indiyədək demək olar ki, marşrut üzərindəki “canlı minaları” tamamilə zərərsiz hala gətirmişdi...

 

Digər bir marşrut isə körfəz ölkələrinin təbii sərvətlərinin İordaniya və Suriya üzərindən keçərək Türkiyəyə və Avropaya daşınması xəttidir. Hələ 2008-ci ildə Qətərin kapitalı ilə inşa olunması gözlənilən bu proje Rusiya, İran və Bəşər Əsəd tərəfindən əngəllənməyə çalışılmış, nəticədə Suriyada 13-14 ildir davam edən vətəndaş müharibəsi başlamışdı. Ötən il Bəşər Əsədi rejiminin çöküşü ilə tamamlanan bu müharibədə Türkiyənin qələbəsi ABŞ və Avropa ölkələri tərəfindən də müsbət qarşılanır, İran və Rusiyanın isə savaşı sürdürmək taqəti qalmayıb. Hazırda Türkiyənin bu qələbəsi sadəcə İsrail tərəfindən həzm oluna bilmir, o da əvvəlki nüfuza sahib deyil. Xatırlayırsınızsa, İsrail Baş naziri Binyamin Netanyahu Türkiyənin bu uğurunu dayandırmaq üçün təcili ABŞ prezidenti Donald Trampla görüşə getmişdi və ondan çox sərt cavab almışdı. Tramp Netanyahunu bir az məntiqli və rasional olmağa çağıraraq Türkiyə ilə münasibətləri sahmana salmağı məsləhət görmüşdü. ABŞ prezidentinin bu çağırışından və məsləhətindən heç bir dərs almayan Netanyahu hazırda bütün beynəlxalq dəstəyini itirərək, özünün yola salınacağı günü gözləyir. Bütün bu faktlar onu göstərir ki, Türkiyənin qarşısını ala bilməyən xarici güc mərkəzləri indi onunla hesablaşmağa məcburdur və bu da “PKK”-nın bitirilməsini şərtləndirir”.

 

Heydər Oğuzun fikrincə, Türkiyə qarşısına qoyduğu və beynəlxalq güclər tərəfindən də dəstəkləndiyi bu projeləri reallaşdıra bilsə, qlobal ticarətin mərkəzinə çevriləcək və getdikcə iqtisadi-siyasi cəhətdən böyüyəcək: “Bu inkişaf imkanını yaxalayan Türkiyə Yaxın Şərqin və Türk dünyasının əsas himayədarına çevriləcək”.

 

Təqdim etdi:

Sultan Laçın

 




Ana səhifəyə qayıt        Baxış: 5 577          Tarix: 14-05-2025, 09:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma