Xəbər lenti

  ADP İdarə Heyəti özünün növbəti toplantısını keçirib. Ovqat.com xəbər verir ki, toplantıda ötən həftə ərzində dünyada və ölkədə baş verən bir sıra mühüm məsələlər müzakirə olunub. Toplantı iştirakçıları ilk növbədə ötən həftə ABŞ prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanımaq qərarını müzakirə edib. Müzakirələrin yekunu olaraq baş vermiş hadisə qətiyyətlə pislənilib. Eyni zamanda bildirilib ki, ABŞ Prezidentinin bu qərarı Türk düşmənçiliyini yenidən alovlandırmağa xidmət edir, müsəlmanların vicdan azadlığına qəsdir, Yaxın Şərq münaqişəsinin sülh yolu ilə həllinə böyük zərbədir, regionun o cümlədən, İsrail dövlətinin maraqlarına zidd bir mövqedir. Müzakirələrdə qeyd edilib ki, ABŞ dövlətinin bu qərarı İslam ölkələrində qərbyönümlü siyasət aparan qüvvələrin fəaliyyətinin zəifləməsinə, demokratiyaya olan ümidlərin azalmasına, İslam ölkələrinin demokratikləşməsinin əngəlləməsinə, eyni zamanda radikal İslamın önə çıxmasına, İslam demokratlarının isə uduzmasına gətirib çıxara bilər. İdarə Heyəti bu gün ABŞ Prezidenti Trampın məlum qərarına etiraz əlaməti olaraq Qüdsü müdafiə edən bütün dünya dövlətlərini, o cümlədən Avropa və İslam dövlətlərini alqışladığını bildirib, eyni zamanda bütün dünya ictimaiyyətini Amerikanın beynəlxalq hüququ çeynəməsinə qarşı mübarizə aparmağa çağırıb.

İdarə Heyəti ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin Vyanada Nazirlər Şurasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri, Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Reks Tillerson və Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lacanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik missiyasında birgə mövqedən çıxış etdikləri, bu münaqişənin Helsinki Yekun Aktı və orada göstərilən güc tətbiq etməmə, güc tətbiqi ilə təhdid etməmə, ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyin etmə prinsiplərini Dağlıq Qarabağ münaqişəsinin həllinin əsaslanmalı olduğu prinsipləri kimi təsdiqlədiklərini bəyan etmələrini müzakirə edib. İdarə Heyəti ATƏT-in Minsk qrupunun fəaliyyətini bir daha kəskin şəkildə pisləyərək bu qurumun Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həll edilməsinin qarşısını alan bir qurum kimi dəyərləndirib. Müzakirələrdə bildirilib ki, beynəlxalq hüquq normalarında işğala məruz qalan dövlətin öz ərazilərini işğaldan azad etmək naminə hərbi gücdən istifadə hüququ təsbit olunduğu halda ATƏT-in Minsk qrupunun Azərbaycanı işğal olunmuş ərazilərini hərbi yolla azad etməkdən çəkindirməsi ilə bağlı mövqeyi beynəlxalq hüquq normalarına ziddir.

İdarə Heyəti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil almaq üçün qrantların verilməsi haqqında sərəncam imzalamasını müzakirə edərək bu addımın təqdirəlayiq bir addım kimi dəyərləndirib. Eyni zamanda yerli tələbələrin də dövlət tərəfindən lazımi qayğı ilə təmin olunması, imkanı olmayan istedadlı gənclərin ali təhsil almaq hüquqlarının həyata keçirilməsinə yardım göstərilməsi, pullu təhsil sisteminin faiz dərəcəsinin və təhsil haqlarının aşağı salınması istiqamətində islahatlar həyata keçirilməsinin vacibliyi qeyd olunub.

İdarə Heyəti ötən həftə vəzifədən azad edilmiş vergilər naziri F.Məmmədovun ölkədən 4 milyard manat pul çıxarması ilə bağlı hakimiyyətə mətbuat orqanlarında informasiyaların yayılmasına da münasibət bildirib. İdarə Heyəti məlum informasiya əsasında Respublika Baş Prokurorluğunu araşdırma aparmağa çağırıb. Eyni zamanda bildirilib ki, bu hadisə bir daha ölkədə əksər nazirliklərin korrupsiyaya bulaşdığının göstəricisidir, ölkənin var-dövlətinin, hətta regionlarının oliqarx nazirlər arasında bölüşdürülməsi Azərbaycan dövlətçiliyi üçün təhlükəli bir tendensiyadır. İdarə Heyəti hesab edib ki, bütün nazirliklərin maliyyə təsərrüfat fəaliyyəti yoxlanılmalı, korrupsioner məmurlar müəyyən olunmalı və ölkənin xarici borcları həmin korrupsioner məmurlar hesabına ödənilməlidir.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 549          Tarix: 12-12-2017, 12:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma