Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərindən biri ləğv olunub.
BakuPost-un məlumatıma görə, bu, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.
"Güzəştli mənzil” sisteminin "Elektron hökumət” portalına inteqrasiyasını və müvafiq dövlət qurumlarının informasiya sistemlərindən məlumatların bu sistemə ötürülməsi imkanını təmin etmək səlahiyyəti nazirlikdən alınaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə verilib.
Qeyd edək ki, keçən il mayın 7-də "Elektron hökumət” portalına inteqrasiya olunmuş "Güzəştli mənzil” sistemi vasitəsilə güzəştli mənzillərin ilk elektron satışı zamanı vətəndaşların seçim etmək imkanları məhdudlaşıb. Daha sonra məlum oldu ki, satışa çıxarılan 260 mənzil üçün 1600 nəfərə bildiriş göndərilib. Onlardan yalnız 260 nəfəri bildirişini təsdiqlətdirə bilib, qalanlar yaranan problemlə bağlı MİDA-nın qapılarında qalıblar. Bu, böyük qalmaqala yol açıb və ilk satışın nəticələri ləğv olunub.
Paylaş: