İran Prezidenti Məsud Pezeşkian hökumət rəsmilərinin qarşısında çıxış edən zaman mərhum həyat yoldaşının şəklini görərkən göz yaşlarını saxlaya bilməyib. O, ağladığı üçün danışmaqdan imtina edib və səhnədən enib. Həmin görüntülər dünya mediasının manşet xəbərinə çevrilib.
Sitat: “İcazə verin, mən danışmayım. Çünki mənim üçün çox çətindir. Bağışlayın!”.
İran prezidenti dəhşətli ailə faciəsi yaşayıb. 1993-cü ildə Məsud Pezeşkian avtomobil qəzasında həyat yoldaşını və bir övladını itirib. Qalan iki oğlunu və qızını isə tək böyüdüb, bir daha evlənməyib.
İran kimi sərt və radikal dövlətin Pezeşkian kimi kövrək və humanist prezidentinin olması diqqətdən yayınmır. Bəzi müşahidəçilərin fikirlərinə görə, burda çox ciddi təzad var. Kövrək qəlbli birinin İran kimi sərt bir dövlətin başında olması ziddiyyət yaradırmı?
Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, nəinki Pezeşkian, hətta diktatorlar da bir insandır və onların da insani hissləri, duyğuları var.
Onun fikrincə, hər kəs öz duyğuları ilə hərəkət edir:
Heydər Oğuz
“Hər bir insan duyğulana bilir. Bəzən sevinir, bəzən qəzəblənir və s. Bunu diktatora da bağışlamaq olur. Dünyanın ən böyük diktatoru Hitler idi. Onun öz itinə, pişiyinə olan hörməti dillər əzbəri olmuşdu. Baxmayaraq ki, milyonlarla insanın qətlində iştirak etmiş bir adam olub, amma ikinci, yəni qeyri-rəsmi həyat yoldaşına olan sevgisi dastanlara çevrilmişdi. Lakin bu, onun insan kimi düşünməsi, belə duyğular daşımasına mane olmamışdı. İndi söhbət əgər İrandan gedirsə, orada Pezeşkianın hərəkətlərinə baxaraq onun və ya dövlətin siyasi xarakterinə qiymət verə bilmərik. Çünki İranı idarə edən Pezeşkian deyil. O, ora bir kukla kimi gətirilib. İranı idarə edən Xameneidir”.
Heydər Oğuz deyib ki, həm də ağlamaq İran siyasətinə zidd bir şey deyil:
“Bilirsiniz ki, orada məhərrəmlik ənənəsi mövcuddur. Onlar həmin ayda göz yaşı tökürlər, mərsiyələr oxuyurlar. Mirzə Ələkbər Sabirin məşhur bir sözü var. Deyir, “ağladıqca kişi biqeyrət olur, necə ki, ağladı, İran oldu”. Yəni tarixən İran siyasətini ağlamaq üzərində qurub, insanlara ağlamaqla təsir göstərib. Xameneinin 4-5 il öncə Məhərrəmlik ayında çıxışını xatırlayıram. O deyirdi ki, biz sionizmə, dünya imperializminə qarşı mübarizədə göz yaşı “bombalarından” istifadə edəcəyik. Bunların təfəkkürü budur! Göz yaşı onlar üçün məqbul bir haldır. Saysız insan öldürürlər, onların qətlində iştirak edirlər, amma yeri gələndə ağlamağı da bilirlər”.
Zaira Akifqızı
Globalinfo.az
Paylaş: