Nurəddin İsmayıl
Parlayırsan səmalarda günəştək,
Şəfəqlərdən rəngin alan bayrağım!
Dalğalanıb çağlayırsan sellərtək,
Hər bayraqdan zəngin olan bayrağım!
Hürr yaşayan millətimin gözüsən,
Könüllərin çiçək açan sözüsən,
Bayraq deyil, azadlığın özüsən,
Başım üstə dalğalanan bayrağım!
Müjdə verdin zülmə qalib elindən,
Qurtuldun sən əsarətin əlindən,
Öpüm bir də gül qoxuyan telindən,
Canlar verib, canlar alan bayrağım.
İmanımdır, soy nişanım, qanımdır,
Üstündəki o al, mənim qanımdır,
İstiqlalım, candan əziz canımdır,
Ucalardan uca olan bayrağım!
Dastan oldun haqqı sevən dillərdə,
Adın gəzər hürr yaşayan elllərdə,
Qürur duyur səni tutan əllər də,
Ana yurda şölə saçan bayrağım!
Zirvəsinə əl yetməyən qalasan,
Azadlıqdan könlümdə bir talasan,
Qismət olsun Təbrizdə ucalasan,
Yaddaşlarda izi qalan bayrağım!
Paylaş: