
Ekspert: “Qərb siyasi texnoloqları siyasi liderlər üçün qeyri-ənənəvi obraz, imic düşünmək məcburiyyətində qalırlar”
Dünya siyasətində, xüsusən də Qərbdə ciddi, qaraqabaq siyasi liderləri daha sərbəst, komik şəxslərin əvəz etməsi müşahidə edilir. Burada bir incə nüans da odur ki, seçicilər səsvermə zamanı gülərüz liderlərə üstünlük verirlər. Ən son nümunə kimi Ukraynada Zelenskinin prezident, Britaniyada Boris Consonun baş nazir seçilməsini göstərmək olar. Bəs bu prosesin arxasında hansı səbəblər dayanır? İnsanlar nədən seçimlərində daha çox sadə, ciddiyyətdən uzaq namizədlərə üstünlük verməyə başlayıblar?
Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, dünya qloballaşır. Qloballaşan dünyada artıq yumşaq güc vasitələri ənənəvi gücü sıradan çıxarır, arxa plana atır, stereotiplər məhv olur. Bu, bütün sahələrdə özünü göstərir, eləcə də siyasətdə: “Qərbdə belə bir deyim var: “bir ordu ilə bir ölkəni zorla zəbt edib orada çox qalmaq olmaz, amma qəlbləri, beyinləri fəth edib orada əbədi qalmaq mümkündür”. Hollivud filmlərini bütün dünya seyr edir və Amerikaya valeh olur, lakin Amerika əsgərlərini heç kəs öz torpağında görmək istəmir. Bu, həm də Soyuq müharibənin başa çatması, kommunizmin “dəmir pərdəsi”nin aradan qaldırılması, demokratiyanın, liberal dəyərlərin bütün dünyaya yayılması iddiaları ilə bağlıdır. Qərb siyasi texnoloqları siyasi liderlər üçün qeyri-ənənəvi obraz, imic düşünmək məcburiyyətində qalırlar. Seçicilər, vətəndaşlar artıq istər Qərbdə, istər Şərqdə zəhmli, pafoslu nitqlər söyləməklə kütlə ilə öz arasında sədd çəkən siyasətçilərdən yorulub, onların səmimiyyətinə inanmır, özlərindən biri kimi görünən, danışan liderlərə üstünlük verirlər”.
Politoloqun sözlərinə görə, küçələrdən, meydanlardan xalqın arasından keçməklə dövlət başına gələn siyasətçilərin “rəngli inqilab” metodu ilə siyasi olimpə yüksəlməsi “xalqdan biri” obrazını labüd edir. İnsanlar dəmir sədlə özünü onlardan ayıran, cangüdənlərlə, zirehli maşınlarla qorunan, ağır, zəhmli siyasətçiləri yox, gənc, dinamik, onların dilində danışan, onlar kimi həyat tərzi keçirdiyini nümayiş etdirən sadə, təvazökar insanları öz liderləri kimi görməyə daha çox meylli olmağa başlamışlar: “Təcrübə göstərir ki, prezident, baş nazir, monarx, kansler vəzifəsi ya titulu daşımasından asılı olmayaraq insanlar sürətlə dəyişən dünyada yenilik axtarırlar. Bu, ənənəviçiliyi inkar edən yanaşmadır, lakin özünü daha çox doğruldur. Demokratiyanın bütün dünyada yayılmağa iddialı olan dəyər, xalqın səsini, rəğbətini qazanmağın isə seçkilərin və hakimiyyətdə qalmağın başlıca şərtlərindən biri olan hazırkı dünya sistemində bu, qarşısıalınmaz prosesidir. Xalqların seçmək azadlıqlarının demokratiyanın əsas prinsiplərinindən birinə çevrildiyi müasir dünyada ən azından sadə, xalqa yaxın görünmək, ondan biri olduğunu göstərmək tələbi siyasi liderin qarşısında duran əsas vəzifələrdən, yazılmamış qanunlardan biridir. Xüsusən Qərbdə yanaşma belədir ki, xalq onu qane etməyən siyasətçini seçmək məcburiyyətində deyil, xalqın rəğbəti olmadan seçilmək və uzun müddət hakimiyyətdə qalmaq mümkünsüzdür. Adətən belə olduqda dərhal beynəlxalq mexanizm işə düşür, təzyiqlər başlayır, həmin hakimiyyət qeyri-legitim hesab olunur və sair. Belə bir şəraitin mövcud olduğu müasir dünyada xalqın rəğbətini qazanmaq, davranışdan tutmuş dress-kod normalarınadək bir sıra tələblərə riayət etmək siyasətçinin kütlə arasında nüfuzunu artıraraq, onun uğurunu şərtləndirir. Siyasətçinin müsbət imici ona olan etibarı artırır və siyasi karyerasında uğuru şərtləndirir”.\\Yeni Müsavat
Paylaş: