ABŞ-ın keçmiş müdafiə naziri Leon Panetta ABŞ-la Rusiya arasında yeni soyuq müharibə başladığını söyləyib. Onun sözlərinə görə, Vaşinqton Rusiyanın Yaxın Şərqə təsirinin qarşısını daha çox dialoq yolu ilə deyil, hərbi-siyasi yolla almalıdır.
Sözügedən məsələ ilə bağlı Axar.az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, bir sıra dairələr ABŞ-ın Rusiya ilə bağlı siyasətində sərt addımlar atılmasının tərəfdarıdır:
“Hadisələr göstərir ki, ABŞ Prezidenti Donald Tramp iki ölkə arasındakı münasibətlərə o qədər də təsir göstərə bilmir. ABŞ-ın xarici siyasətini, xüsusilə də Rusiya ilə münasibətlərini müəyyənləşdirən qüvvələr var. Həmin qüvvələrin bu cür açıqlamalar verməsi onu göstərir ki, Rusiya siyasəti ilə bağlı Trampa təzyiq böyükdür və bu, davam edəcək.
Bu şəxslər ABŞ-ın Rusiya ilə münasibətində daha radikal addımlar atılmasının tərəfdarıdır. Bunun da arxasında ABŞ-ın hərbi sənaye kompleksinin təmsilçiləri dayanır. Onlar ABŞ-Rusiya münasibətlərinin güc yolu ilə tənzimlənməsini istəyirlər. Belə vəziyyət iki ölkə arasında yeni formada qarşıdurmaya gətirib çıxaracaq. Məsələn, Rusiya öz müttəfiqlərini ətrafına cəmləməyə çalışacaq. ABŞ-da həmçinin. Yəqin ki, bundan sonra ABŞ-ın Rusiya ilə bağlı siyasətində hərbi-siyasi amilin daha çox rol oynamasını müşahidə edəcəyik”.
Paylaş: