Xəbər lenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir qədər əvvəl Rusiya istehsalı olan Su-35 və Su-57 qırıcıları ilə maraqlanması və bu barədə Prezident Vladimir Putinlə müzakirə aparması son vaxtlar bu məsələni tez-tez gündəmə gətirir. Xüsusən, bəzi media orqanlarında Türkiyənin Rusiyadan aldığı silahları onun özünə qarşı istifadə etməsi ehtimalı haqda fikirlər yazılır.

Ovqat.com axar.az-a istinadən xəbər verir ki, rus hərbi ekspert, polkovnik Yuri Knutov mövzu ilə bağlı şərhində çox maraqlı bir detala toxunub.

O bildirib ki, ruslar Su-57 qırıcılarının Türkiyəyə satılmasına görə narahat olmamalıdırlar:

“Ümumiyyətlə, başqa ölkələr Rusiyadan aldıqları silahları onun özünə qarşı istifadə edə bilməzlər. Məsələn, əgər Türkiyə Su-57-dən Rusiyaya qarşı istifadə etmək istəsə, sistem dayanacaq və bu cəhd uğursuz olacaq”.

Polkovnik vurğulayıb ki, xarici ölkələrə satılan hərbi texnikanın üzərində “E” (Eksport) yazılır:

“Yəni bu silahlar ixracat üçün nəzərdə tutulmuş versiyadır. İxracat versiyası rus ordusunda istifadə ediləndən fərqlənir. Belə deyək, xaricə satılan silahlarda müəyyən dəyişikliklər edilir: Rusiyanın müdafiəsinə təhdid olan detallar ya çıxarılır, ya da dəyişdirilir”.

Knutov qeyd edib ki, ABŞ da silahların satışında həmin üsuldan istifadə edir:

“Əgər kimsə ABŞ silahlarından onun özünə qarşı istifadə etmək istəsə, sözügedən sistem aktivləşəcək və ABŞ-a heç bir zərər dəyməyəcək”.

Qeyd edək ki, Knutovun bu açıqlamasının təkcə qırıcılara deyil, S-400 sistemlərinə də şamil olunduğu düşünülür.

Bir qədər əvvəl Türkiyə mediasında Ankaranın aldığı S-400-lərin lazım gəldiyi təqdirdə Rusiyaya qarşı istifadə ediləcəyi haqda fikirlər də səsləndirilmişdi.




Ana səhifəyə qayıt        Baxış: 204          Tarix: 30-09-2019, 13:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma