Xəbər lenti

 

Naxçıvanın dibər guşələrindən olan Şahbuz Muxtar Respublikanın ən ucqar yerlərindən sayılır. Hətta bir zamanlar Naxçıvanda  yarıgerçək, yarızarafat deyərdilər ki, Azərbaycanda sovet hakimiyyəti ən son Şahbuzda qurulub. Doğrudan da Şahbuz sovet-rus işğalına qarşı mübarizənin ən son qalalarından olub. Bu rayonun sıldırım qayaları, dağətəyi meşələri yadelli düşmənlərə və imperialist işğalçılara qarşı ən güvənli sığınacaqlar olublar. Uzun illər bu təbii sığınacaqlarda məskən salan qəhrəmanlarımız sovet rejiminə qarşı dirəniş göstəriblər.

Sevindirici haldır ki, Şahbuz indi ən mütərəqqi islahatlarda nəinki Muxtar Respublikaya, hətta bütünlüklə ölkəmizə öncüllük etmək iddiasındadır. Bunu bir neçə saat öncə rayon mərkəzində keçirilən bir müşavirə də təsdiq edir.

Gəlin, ən yaxşısı, xəbəri ilk qaynaqdan - "NUHÇIXAN"-dan alaq:

 

Nuhcixan.az xəbər verir ki, oktyabrın 31-də Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir ki, səhiyyənin inkişafı müasir infrastruktur təminatı və kadr hazırlığından başlanır. Ötən əsrin 90-cı illərinin acı nəticələri muxtar respublikanın səhiyyə sistemində də çətinliklərin yaranmasına səbəb olmuşdur. Lakin ötən dövrdə muxtar respublikada səhiyyə müəssisələrinin yenidən qurulması, müasir tibbi avadanlıqların alınması və kadr hazırlığı sahəsində görülən işlər öz nəticəsini vermişdir. Artıq muxtar respublikada infeksion xəstəliklərin, eləcə də ana və uşaq ölümlərinin qarşısı alınmışdır. Səhiyyənin inkişafı sahəsində görülən işlər muxtar respublikada icbari tibbi sığortanın uğurla tətbiq olunmasına imkan verir.

 

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov, Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov və Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev aidiyyatı üzrə məlumat vermişlər.

Ali Məclisin Sədri noyabrın 1-dən etibarən Şahbuz rayonunda icabari tibbi sığortanın tətbiq olunması, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən muxtar respublikada icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərin birgə nəzarətdə saxlanılması, monitorinqlərin aparılması, bu sahədəki yeniliklərin öyrənilərək tətbiq edilməsi, Ordubad, Culfa və Babək rayonlarında da icbari tibbi sığortanın tətbiqi sahəsində işlərə başlanılması və qısa müddətdə başa çatdırılması barədə aid qurumlara tapşırıqlar vermişdir.

 

Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev icbari tibbi sığortanın tətbiqi və səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərə görə rayon sakinləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.




Ana səhifəyə qayıt        Baxış: 695          Tarix: 31-10-2019, 19:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma