Şahbuz rayonunda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istedadlı qadınların əl işlərindən ibarət sərgi-satış təşkil edilib.
Ovqat.com Naxcivantv.az-a istinadən xəbər verir ki, sərgi-satışda rayon üzrə 68 istedadlı qadının 580-dən artıq rəsm və əl işinin satışı təşkil olunub. Şahbuz şəhərindən, Badamlı qəsəbəsindən eləcə də rayonun Keçili, Kolanı, Ayrınc və Badamlı kəndlərindən olan istedadlı qadınların əl işləri üstünlük təşkil edib. Sulu və yağlı boya ilə işlənən tablolar, milli geyimlər, toxuculuq və bir-birindən maraqlı dekorativ-tətbiqi sənət nümunələri maraqla qarşılanıb.
Tədbirdə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında dövlət qadın siyasəti uğurla həyata keçirilir. Bu siyasətin tərkib hissəsi olaraq qadınlarımız dövlət quruculuğunda, ictimai-siyasi sahədə fəal iştirak edir, onların əməyi yüksək qiymətləndirilir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, artıq 2 ildir muxtar respublikanın rayonlarında belə sərgilər təşkil olunur. Ümumiyyətlə, indiyədək istedadlı qadınların rəsm və əl işlərindən ibarət təşkil olunan sərgi-satışlar xalq tətbiqi sənət növünün və əl işlərinin bənzərsiz nümunələri ilə seçilib. İstedadlı qadınlardan Vüqarə Alməmmədova göstərilən diqqət və qayğıya görə Şahbuz rayonunun qadınları adından minnətdarlıq edib.
Paylaş: