Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümüdür. Belə ki, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü ildə yaradılıb. Türkiyə ilə Rusiya arasında bağlanan Qars müqaviləsinin tələblərinə əsasən, əvvəl ayrı bir dövlət kimi təsis olunan, daha sonra bir sıra muxtar statuslarla Azərbaycana bağlanan Naxçıvan MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi şimal-qərbdən Cənub-Şərqə doğru 158 km məsafədə uzanır. Naxçıvan Muxtar Respublikasının şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Araz çayının sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmir yol stansiyasıdır. Şimaldan cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir.
Qədim Azərbaycan torpağı olan Zəngəzurun 1920-ci ildə sovet rəhbərliyi tərəfindən Ermənistana verilməsi nəticəsində 44–45 km enində zolaq Araz çayına doğru uzanaraq, Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının qalan ərazisindən ayırmışdır.
1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdi: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunis, Nərimanov, Culfa, Parağa və Ordubad dairələri. 1930-cu ilin birinci yarısında Şahbuz rayonu əlavə edilməklə Şərur, Naxçıvan, Culfa, Ordubad və Əbrəqunis rayonları yaradılmışdır. 1948-ci ildə Əbrəqunis rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra, Naxçıvan MSSR inzibati cəhətdən beş rayona (Naxçıvan (1978-ci ildən Babək), Şərur, Şahbuz, Culfa və Ordubad) bölünmüşdür. 1990-cı il 28 avqustda Azərbaycan SSR Ali Sovetinin fərmanına əsasən, Türkiyə ilə həmsərhəd bölgənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədi ilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq, Sədərək kəndi və ona məxsus ərazilər əsasında Sədərək rayonu, 2013-cü ildə isə Şərur rayonunun 10 kəndu hesabına Kəngərli rayonu yaradılmışdır.
1929-cu il 18 fevralda Zaqafqaziya MİK totalitar inzibati-amirlik şəraitində Naxçıvan MSSR-in doqquz kəndinin – Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, habelə Kilit kəndinin torpaqlarının bir hissəsinin, əkin sahələri və torpaqları ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Zaqafqaziya MİK-in Naxçıvanın sərhədləri məsələsinə baxması, Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) sənədlərini imzalayan tərəflərin iştirakı olmadan Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi beynəlxalq hüquq normalarının kobudcasına pozulması demək idi.
1 yanvar 2014-cü ilə olan rəsmi məlumatlara əsasən, Muxtar Respublikası inzibati cəhətdən yeddi rayon və Naxçıvan şəhər inzibati ərazi dairəsindən ibarətdir; Muxtar Respublikada 5-i şəhər (Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz), 8-i şəhər tipli qəsəbə, 206-sı kənd olmaqla, ümumilikdə 219 yaşayış məntəqəsi yerləşir. Muxtar Respublikanın inzibati mərkəzi qədim Naxçıvan şəhəridir.
Bütün bu tarixi faktlar rus imperializminin Naxçıvanın başı üzərində böyük oyunlar qurduğunu və bu diyarı tamamilə Azərbaycansızlaşdırmağı düşündüyünü göstərir. Zamanın gərdişi Moskvanın bu arzusunu qurşağında qoymuş və Azərbaycan tarixinə böyük şəxsiyyətlər bəxş etmiş, Türk dünyası arasında təbii körpü rolunu oynayan Naxçıvanın indiyə qədər ayaq üstündə dayanmasına zəmin yaratmışdır. Bu gün 95 yaşına qədəm qoyan bu əzəli türk yurdu indi Azərbaycan ordusunun ən güclü və çevik qüvvələri tərəfindən qorunur, bölgədən Türk varlığını tamamilə silmək istəyən qüvvələrin planlarını alt-üst edir.
Naxçıvan Muxtar Respublikasının yubileyi münasibətilə başda Muxtar Respublika rəhbərliyi olmaqla, bütün “kiçik torpaq”əhalisini, həmçinin, Azərbaycan xalqını təbrik edirik. İnşallah, bu diyar Türk Dünyasının bir araya gəlməsində üzərinə düşən müqəddəs missiyanı ləyaqətlə yerinə yetirəcək və hər zaman olduğu kimi, bundan sonra da düşmənə göz dağı olacaq.
Paylaş: