Xəbər lenti

 

Rauf Arifoğlunun seçkidə vəkili kimi çıxış etməyim bəzi dostlarda müəyyən suallara yol açdı. Açığını desəm, mənə “bir zamanlar ən öndə gedən müxalif kimi tanınan bir adamın yanında sənin nə işin var?”, - deyənlər də tapıldı.

Doğrusu, bu sualı verənləri başa düşürəm də. Hər şeyə ağ-qara gözlüyü ilə baxanların hadisələrin mahiyyətini olduğu kimi rəngarəng görməsi müşkül məsələdir və hamıdan bu həssasiyyəti gözləməyə də dəyməz. Bir də görünür, bəziləri Rauf bəyi yaxşı tanımırlar. Unudurlar ki, bu adamın şəxsi keyfiyyətləri həmişə birinci olmağı şərtləndirir.

Təsadüfi deyil ki, Rauf Arifoğlu bulunduğu düşərgənin növündən və sahəsindən asılı olmayaraq, həmişə ön sıralarda qərar tutub. O, vaxtilə müxalifətdə də ön cərgədəydi, bu gün mətbuat sahəsində də birincidir. Məktəb və tələbəlik illərində onu tanımadığım üçün həmin dövrlərdəki mövqeyi barədə, təbii ki, xəbərim yoxdur.

Amma ümidvaram ki, Rauf bəy həmin illərdə də uğuruyla seçilən şagirdlərdən və tələbələrdən olub. İndi hansısa bir adamı bulunduğu ortamda öndə gedənlərdən olmasına, qazandığı uğurlarına görə qınamaq nə dərəcədə doğrudur? Əksinə, belə başarılı insanları istənilən düşərgənin və şəxslərin qazanması daha ağıllı yoldur.

Müasir cəmiyyətlərdə düşərgələrarası rəqabətlər məhz bu cür başarılı insanların qazanılması uğrunda getdiyi üçün onlar inkişaf edib, demokratikləşib və modern topluma çevriliblər. Bizdə isə bəzi bacarıqsız kadrlar mövcud vəziyyətin qorunmasında maraqlı olduqlarına görə, köhnə palan eşməklə, toplumun müxtəlif kəsimləri arasında yaxınlaşmaların qarşısını almaqla məşğuldurlar.

Rauf Arifoğlunun ən gözəl xüsusiyyəti hansı düşərgədə və sahədə olmasına baxmayaraq, həmişə xalqın və dövlətin tərəfində dayanmasıdır. O, müxalifətdə olanda da Azərbaycanın inkişafını düşünür, daha yaxşı gələcək uğrunda çalışırdı, bu gün bir media patronu olaraq da bunu özünün əsas meyarına çevirib. Elə bu səbəbdən də Rauf Arifoğlunun dəyişdiyini söyləyənlər yanılırlar. Dəyişilən sadəcə onun sahəsidir. Bir zamanlar ölkə bir siyasətçi kimi fayda verəcəyini düşünən Rauf bəy ətrafındakı insanlarla bunun mümkün olmayacağını anlayıb, daha fərqli istiqamətlərdə çalışmağa başladı.

Media sahəsində qələm yoldaşlarını doğru seçdiyi üçün də ciddi uğura imza atdı. Bu gün Azərbaycan mediası sahəsində “Yeni Müsavat” qəzetinin müstəsna yer tutduğunu hətta onun rəqibləri də, düşmənləri də etiraf edirlər. Məhz media sahəsindəki çalışmalarıyla köhnə silahdaşlarından, bir çox siyasi partiyalardan belə bu ölkəyə, millətə daha çox fayda verir. Hətta onun gücünü, topluma qazandırdığı faydanı bir çox nazirlərin xidmətindən yüksək qiymətləndirmək olar. Bəzi sosial və siyasi problemləri ictimailəşdirə-ictimailəşdirə məhz onun və silahdaşlarının həllinə nail olduğunu bütün Azərbaycan cəmiyyəti bilir.

Rauf Arifoğlu sadə vətəndaşlarımızın sözçüsü olduğu kimi həm də ölkəmizin xaricdən qarşı Azərbaycana yönələn təxribatçı, zərərli təbliğatlara, siyasi basqılara qarşı əzmlə dayanan qalxandır. Onun rəhbərlik etdiyi media orqanları bir çox belə təxribatların üstünün açılmasında, insanlarımızın maariflənməsində müstəsna rol oynayır. Sözsüz ki, bu mövqeyi ilə o, müxalifətli-iqtidarlı bütün Azərbaycan xalqının ideoloji savaşından ön cərgələrdə dayanır. Mən həmişə onun barəsində düşünəndə Səməd Vurğunun II dünya müharibəsi dövründə yazdığı məşhur misraları xatırlayıram:

“Bilsin Ana Torpaq, eşitsin Vətən;
Müsəlləh əsgərəm mən də bu gündən!”

Bəli, Rauf Arifoğlu sözün bütün mənalarında qələmini silaha çevirən, haqsızlığa, məmur özbaşınalığına, həm də xarici ideoloji təxribatlara qarşı Azərbaycanın ən peşəkar əsgəridir. Məhz bu xidmətlərinə görə də, Azərbaycan prezidenti Cənab İlham Əliyev 2015-ci ildə imzaladığı Sərəncamla ona “əməkdar jurnalist” adını layiq görmüşdür.

Ümidvaram ki, Rauf bəy qarşıdan gələn deputat seçkiləri də namizəd olduğu dairədən birinciliklə başa vuracaq və deputat kimi fəaliyyət göstərdiyi Milli Məclisdə ən çox seçilən millət vəkillərindən olacaq. Onun deputat kimi qazanacağı uğurlar başda təmsil etdiyi dairənin seçiciləri olmaqla bütün Azərbaycan xalqının mənafeyinə xidmət edəcək. Mən qələm dostuma addımladığı bu yolda uğurlar diləyir və onsuz da indiyədək qeyri-rəsmi şəkildə yürütdüyü millətin vəkili statusunu rəsmiləşdirməsini arzulayıram.

Mürvət Həsənli, iş adamı, Rauf Arifoğlunun seçkilərdə vəkili




Ana səhifəyə qayıt        Baxış: 531          Tarix: 5-02-2020, 12:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma