Xəbər lenti

 

Dostlar üçün darıxan bir nəğmə...

Heç kəs gözləriylə görməyib yəqin,
Ölən sevgilərin başdaşlarını.
Ey dostum, əlvida, əlvida daha,
Qoru gözlərini, göz yaşlarını.

Bilmirəm nə qədər sevirsən məni,
Bilmirəm gözündə qarayam, ağam.
Onu bilirəm ki,
təəssüf, ancaq
Mən səni tezliklə unudacağam.

Budur, qatiliyəm sənin eşqinnin,
Düşmən qarşısında mərdlər baş əyməz.
Qoru gözlərini, göz yaşlarını,
Mənim kimisinə ağlamaq dəyməz.

Ürəyim deyir ki, ayrılaq gərək..,
Gözləmə gələrəm yazla, yağışla.
Mən sənə heç nəyi vədə vermirəm..,
Bağışla, bağışla, məni bağışla.

...Ey dostum, əlvida, əlvida daha,
Qoru gözlərini,göz yaşlarını.
Heç kəs gözləriylə görməyib yəqin,
Ölən sevgilərin baş daşlarını...

Darıxan bir nəğmə

Ağlına gəlməz ki, qardı Qonaqkənd,
Ağlına gəlməz ki, təkəm, tənhayam.
Ağlına gəlməz ki, könlümə düşdün,
Çox şeylər ağlına gəlməz bu gecə..,
Ağlına gəlməz ki,
gəlməz ki, gəlməz...
Ağlına gəlməz ki, şəklinə baxdım,
Baxdım və şəklini öpmək istədim,
Ağlına gəlməz ki, körpən qoymadı –
bətnindəki körpən!
Ağlına gəlməz ki, olub keçənlər
məhəbbət olmayıb,
bir oyun olub..,
Bəlkə nağıl olub –
söylərsən bir vaxt
oğluna,
qızına,
nə bilim kimə...
İncimə,
sən Allah, məndən incimə
o, şirin nağılın sonu kədərmiş,
eh, sənin taleyin qəza-qədərmiş...
Mənimdə taleyim elədir, vallah!
...Ağlına gəlməz ki, qardı Qonaqkənd,
Ağlına gəlməz ki, təkəm..,
tək niyə?!
– Mən varam –
dünya var bu boş otaqda...
Ağlına gəlməz ki, gecə yarıdır,
Və şeir yazıram mən sənin haqda...
Ağlına gəlməz ki,
gəlməz ki, gəlməz..,
Çox şeylər ağlına gəlməz bu gecə!..

AĞIR YER

Gözlərində o kədəri görsəydi
Allah özü çıxardardı papağın.
Çəkdiyin ah dörd tərəfi yandırdı,
Sümükləri sızıldadı torpağın.

Son görüş yerinə gəlirəm hərdən..,
Təzə-tər görürəm həmən kədəri...
...Havadan sızıltı keçir canıma,
Torpağın altından inilti gəlir.

Son görüş yerinə gəlirəm hərdən...
Gərək mən bu yerdə bir şam yandıram...
Gərək pak gələsən ağır yerlərə -
Bura hər gələndə havalanıram...

Səni də görmürəm bəlkə min ildi,
Bu kədər dalımca min ildi gəlir.
...Hələ də havanı yandırır ahın,
Hələ də torpaqdan inilti gəlir.




Ana səhifəyə qayıt        Baxış: 1 545          Tarix: 9-02-2020, 12:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma