Azərbaycanın müstəqillik tarixində ilk dəfə keçirilən növbədənkənar parlament seçkisi ilə 6-cı çağırış Milli Məclisin tərkibi formalaşdı.
ARB24 telekanalının analitik qrupunun hesabatına görə, parlamentin tərkibi 35.2% yenilənib.
Ötən çağırışla müqayisədə, 44 yeni deputat seçilib, 81 nəfər isə mandatını qoruya bilib. Müqayisə üçün 5-ci çağırış Milli Məclisin tərkibinə 96, 4-cü çağırışın tərkibinə isə 88 deputat təkrar seçilmişdi.
Yenidən mandat qazanan deputatlardan dördü - Mixail Zabelin, Elman Nəsirov, Səməd Seyidov və Qüdrət Həsənquliyev yeni, digər 77-si ötən seçkidəki dairəsindən deputat seçilib.
Milli Məclisin 3, 4 və 5-ci çağırışlarının rəhbərliyi eyni şəxslərdən ibarət olub:
1. Oqtay Əsədov - Sədr
2. Ziyafət Əsgərov - Sədrin birinci müavini
3. Bahar Muradova – Sədrin müavini
4. Valeh Ələsgərov – Sədrin müavini
Bahar Muradova və Valeh Ələsgərovun 6-cı çağırış Milli Məclisin tərkibində təmsil olunmadığını nəzərə alsaq, parlament rəhbərliyində iki nəfərin başqa şəxslərlə əvəz olunacağı dəqiqdir.
2015-ci il Milli Məclis seçkisi zamanı yalnız üç nəfər 50 faizdən aşağı səs toplamaqla deputat seçilə bilmişdi. 9 fevral seçkisində isə 50 faizdən aşağı səs toplayaraq deputat seçilənlərin sayı 41 olub. Onların 19-u yeni seçilmiş, 22-si isə təkrar seçilmiş deputatdır. Qalib gələn namizədlər orta hesabla 55.3% səs toplayıb.
2015-ci il seçkisi zamanı isə qaliblər orta hesabla 67.2% faiz səs əldə ediblər. Ümumilikdə, 6-cı çağırış Milli Məclisdə təmsil olunan 82 deputat müstəqillik dövründə formalaşmış parlamentlərin tərkibində iki dəfə və daha çox təmsil olunub:
İlk dəfə təmsil olunanların sayı - 43 nəfər
İki dəfə təmsil olunanların sayı - 18 nəfər
Üç dəfə təmsil olunanların sayı - 17 nəfər
Dörd dəfə təmsil olunanların sayı - 19 nəfər
Beş dəfə təmsil olunanların sayı - 19 nəfər
Altı dəfə təmsil olunanların sayı - 9 nəfər
6-cı çağırış Milli Məclisdə qadın və kişi deputatların sayında bir nəfərlik fərq var. Belə ki, 5-ci çağırış Milli Məclisdə 104 kişi, 21 qadın deputat var idisə, indi 103 kişi və 22 qadın deputat seçilib.
6-cı çağırış Milli Məclisdə deputatların orta yaş həddi 53.9 təşkil edib. Ötən çağırışda bu rəqəm 54.6 idi. 30 yaşadək deputatların sayı birdən üçə, 31-45 yaş aralığında olanların sayı 26-dan 35-ə qalxıb. 46-60 yaş arası deputatların sayı 54-dən 47-yə, 61-75 yaş arası deputatların sayı 40-dan 38-ə, 76 yaşdan yuxarı deputatların sayı dörddən ikiyə düşüb.
6-cı çağırış Milli Məclisdə ən gənc deputat 26 yaşlı Səbinə Xasayeva, ən yaşlı deputat isə 81 yaşlı Fəttah Heydərovdur.
5-ci çağırış Milli Məclisdə deputatların 84-ü partiyalı, 41-i bitərəf idisə, indi millət vəkillərinin 82-si partiyalı, 43-ü bitərəfdir. Parlamentdə ümumilikdə doqquz partiya təmsil olunub. Yeni Azərbaycan Partiyası 72, Vətəndaş Həmrəyliyi üç, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Demokratik İslahatlar, Ana Vətən, Vətəndaş Birliyi, Vəhdət və Azərbaycan Demokratik Maarifçilik partiyaları bir nəfərlə təmsil olunub.
Hesabat Mərkəzi Seçki Komissiyasının 9 fevral seçkisinin nəticələri ilə bağlı ilkin məlumatı əsasında hazırlanıb, rəsmən açıqlanacaq yekun nəticələrdə hansısa dəyişiklik olarsa, bu hesabatda da müəyyən dəyişiklik ola bilər.
Paylaş: