Xəbər lenti

 

Azərbaycanda koronavirusla (COVİD-19) mübarizə çərçivcəsində iaşə obyektlərinin, iri ticarət mərkəzlərinin fəalliyyəti dayandırılsa da,  qida-ərzaq bazarları əvvəlki qaydada fəaliyyətlərinə davam edirlər. Ölkədə hazırda karantin rejimidir. Bəs bütün bunların fonunda ərzaq bazarında vəziyyət necədir?

Musavat.com-un əməkdaşı Bakıda ərzaqların nisbətən ucuz satıldığı bazarların birində olub, mövcud durumla maraqlanıb.

Bazara gedən yolda müşahidə etdik ki, əksər geyim mağazaları qapadılıb. Yalnız 1-2 açıq geyim mağazasına rast gəldik ki, onların da sahibləri ac qalmamaq üçün günün birinci yarısına qədər işlədiklərini söylədilər. Bildirdilər ki, işləsələr də müştəriləri yox səviyyəsindədir...

Ərzaq bazarında isə vəziyyət fərqlidir. Buradakı satıcıların demək olar ki, hamısı qoruyucu maska, əlcək olmadan fəaliyyət göstərirlər. Satıcıların da çox az bir qismi maskadan, əlcəkdən istifadə edir. Qısası burada həyat adi günlərdə olduğu kimi davam edir. 

Bəs ərzaqların qiyməti necədir?

Bazarda müşahidə etdik ki,daha çox tərəvəzlər satılır. Yəni piştaxtaların çox az bir qismində meyvə gördük. Satıcılar bunu mövsümlə əlaqələndirdilər. Bildirdilər ki, yaz mövsümü olduğu üçün meyvə tapmırlar. Lakin meyvələr az olsa da, qiymətləri mağaza ilə müqayisədə aşağı idi. Məsələn, bazarda almanın qiyməti 1 manatdan başlayır, növündən asılı olaraq 3 manata qədər dəyişir. Eləcə də armud 2 manat 50 qəpik, mandarin 2 manat 70 qəpik, nar 2 manat 50 qəpikdir. 

Tərəvəzlərə gəlincə isə bu məhsullar həm boldur, həm də qiymətləri elə də yüksək deyil. Məsələn, bazarda kartofun qiyməti 60 qəpikdən başlayır, növündən asılı olaraq 1 manata qədər dəyişir. Göyərtilərin 1 dəstəsi 10 qəpikdir. Pomidor 1 manat 20 qəpikdən başlayır, 5 manata qədər dəyişir. Eləcə də xiyar 1 manat 30 qəpikdən başlayır, 3 manata qədər dəyişir. Bibərin 7-si 1 manata, turpun kiloqramı 1 manatadır. 

Bakıda belə bir şayilər gəzirdi ki, İranla sərhəd bağlandığı üçün ölkədə düyünün qiyməti bahalaşacaq. Lakin biz, bu məhsulların da qiymətində artım müşahidə etmədik. Növündən asılı olaraq bazarda düyünün bir kiloqramı 3-5 manat arasında dəyişirdi. 

Satıcılarla söhbət etdiyimizdə onlar bildirdilər ki, fəaliyyətlərinə hər hansı bir məhdudiyyət qoyulmayıb.

Satıcı Kərim Həmidov aşağıdakıları söylədi:

"Biz aptekdə nə qədər maska axtarsaq da, tapa bilmirik. Ona görə də burada məcbur qalıb, maskasız dayanırıq. Qadınlar ağızlarını şalları ilə örtürlər. Bizim üçün isə çətindir. Virusun yayıldığını başa düşürük, lakin evdə ac da qala bilmirik. Bazarda müştəri əvvəlki ilə müqayisədə xeyli azalıb. Ət məhsullarını alan demək olar ki, yoxdur. Bazara gələn meyvə, göy-göyərti alıb, gedir".

Müşahidə etdik ki, doğrudan da bazarda birinci cərgə(tərəvəz satılan hissə) müştəri ilə dolu olsa da, arxa cərgələr tamamilə boşdur. 

Onu da bildirək ki, hazırda ölkədə fəaliyyət göstərən iri supermarketlərdə meyvə və ərzaq problemi yaşanmır. Lakin mağazalarda olub, qiymət müqayisəsi apardığımız zaman öyrəndik ki, supermarketlərdə satılan meyvələrin qiyməti bazardakı qiymətlərlə müqayisədə  xeyli yüksəkdir. 

Mağazalar əvvəlki günlərdə olduğu kimi həftə sonları endirim və digər bu kimi kampaniyalar aparmırlar...

Əli Rais,
Musavat.com
Fotolar müəllifindir




Ana səhifəyə qayıt        Baxış: 2 022          Tarix: 27-03-2020, 17:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma