Xəbər lenti


Hessam Qənatir
“Iran Wire08.04.2020
 
Çinin İrandakı səfiri Çan Hua sosial mediada mübahisə və satira hədəfinə çevrilib. İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpurla fikir ayrılığından sonra bəziləri Çan Huanın İrandan qovulmasını tələb edib, digərləri isə İran rejiminə sadiq qalaraq onu dəstəkləyiblər.
Əslində, mübahisə ən azı 20 ildir davam edir. Hələ Məhəmməd Xatəminin prezidentliyinin sonunda, İslam Koalisiya Partiyası daxil olmaqla, radikal mühafizəkarlar Çin Kommunist Partiyası ilə dostluq münasibətləri qurmağa başlayıb, bir sıra prinsipçi siyasi fəallar İran üçün Çin inkişaf modelinin təbliğatçısı olub.
2002-ci ildə qələmə alınan bir məqalədə, sonradan prezident Əhmədinejadın mədəniyyət naziri olacaq gündəlik “Keyhan” qəzetinin baş redaktoru Məhəmməd Hüseyni Səffar-Hərəndi, 1989-cu ildə Tyananmen Meydanındakı qırğına dəstək verdiyini ifadə edib. Qırğını “insan faciəsi” adlandıraraq o yazıb: “Lakin bu qətiyyətli hərəkət əcnəbilərin bir milyarddan çox çinliin taleyinə müdaxiləsini kəsdiyindən, sonrakı şəfa ilə haqq qazandığından acılığına dözülməli bir dərman kimi görülməlidir”.
İslam Respublikasının Çin hökumətinə dəstəyi o qədər dərinə gedib ki, 2009-cu ildə Sincan əyalətində uyğur müsəlmanları qətlə yetirildikdə, Tehran buna səssiz qalıb. Dini və etnik azlığa qarşı davam edən repressiyalara baxmayaraq, diplomatik sükut qalmaqdadır.
İranın mübahisəli 2009-cu il prezident seçkilərindən sonra keçmiş prezident Haşimi Rəfsəncani Tehrandakı Cümə namazında xütbə oxuyarkən, etirazçılar “Çinə ölüm!” və “Rusiya səfirliyi casus yuvasıdır!” – deyə qışqırıblar.
“Nə Şərq, nə Qərb” şüarına baxmayaraq, sosial şəbəkədəki tənqidçilər İslam Respublikasının de-fakto Çin və Rusiyaya fidyə verdiyini və öz növbəsində, bu iki ölkənin İrana müstəmləkə tərzində yanaşdığını iddia edirlər.
 
Səfir və sözçü: Twitter müharibəsi
Söz müharibəsi aprelin 5-də İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mətbuat konfransında və bir tvitində Çinin koronavirus statistikasını şübhəyə aldıqda başlayıb. Cahanpur Çinin açıqladığı rəqəmlərin yanlış olaraq dünyanın əksər ölkələrini koronavirusun ciddi bir qrip virusu olmadığı və ölüm sayının az olacağına inandırdığını iddia edib. O, Çinin dünya ilə “kobud bir zarafat” etdiyini söyləyib.
“Elmi məsələlər siyasətlə qarışdırıla bilməz və qarışdırılmamalıdır, – deyə sözçü “Tvitter”də yazıb. – Epidemioloji məlumatlara və Çin tədqiqatçılarının hesabatlarına əsasən, dünyanın bütün akademik dairələri, koronavirusun, ən azı A tipli qripdən daha az təhlükəli olduğu qənaətinə gətirib. Ancaq bugünkü məlumatlar əksini göstərir və öz nəticələrimizə daha çox güvənirik”.
İranın Koronavirus üzrə Milli İşçi Qrupunun üzvü doktor Minu Mohraz COVID-19-un Çinin açıqlamasına zidd olan bir davranış sərgilədiyini əlavə edib. Onun sözlərinə görə, iki ehtimal var: ya virus mutasiya edib, ya da Çin adekvat məlumat verə bilməyib.
Çin səfiri Çan Hua təpki vermək üçün “Twitter”-dən faydalanıb. “Çinin Səhiyyə Nazirliyi hər gün mətbuat konfransı keçirir. Nəticə çıxarmaq üçün bu mətbuat konfranslarını diqqətlə izləmənməsini təklif edirəm”.
Buna cavab olaraq Cahanpur tvitlə İranın Səhiyyə Nazirliyinin də gündəlik mətbuat konfransı keçirdiyini bildirib. Bu konfranslar, onun sözlərinə görə, “demək olar ki, bənzərsizdir və bütün ölkələrdə, xüsusən də dost ölkələrdə hörmətli səfirlər və media rəhbərləri onlardan faydalana bilər”.
Digər bir tvitdə bu dəfə fars dilində Çin səfiri birbaşa Cahanpura müraciət edib. “Əzizim, ümid edirəm ki, Çin xalqının təqdim etdiyi faktlara və böyük səylərinə hörmətlə yanaşacaqsınız”.
Sosial media iştirakçılarının çoxu bu tviti təhqiramiz sayıb.
Çin səfirinin “çox köhnə dost” adlandırdığı İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi mübahisəyə qoşularaq Çini dəstəkləyib. “Çin höküməti və xalqı koronavirusu aradan qaldırmaq üçün mübarizə aparır və dünyanın bütün ölkələrinə səxavətlə kömək edir. COVID-19-la mübarizədə Çinin igidliyi, fədakarlığı və peşəkarlığı təqdirəlayiqdir. İran bu çətin vaxtlarda daima Çinə minnətdar olub”.
Bu kiber döyüş zamanı bir çox şərhçilər Səhiyyə Nazirliyinin sözçüsünün işdən çıxarılmasına çağırış ediblər. Digər tərəfdən, rejimin tənqidçiləri İranın “Çin müstəmləkəsi” olduğunu yazıblar.
 
Çinə sərnişin reysləri
Gərginliyi artıran başqa bir amil də “Mahan” aviaşirkətinin İran və Çin arasındakı uçuşları ilə əlaqədar davam edən mübahisə idi. Çində koronavirusun yayılmasından sonra İran rəsmiləri Çinlə dostluğunu müxtəlif yollarla, o cümlədən humanitar yardım göndərmək və Çinə “Mahan Air” uçuşlarının davam etdirməsi yolu ilə möhkəmləndirməyə çalışıblar.

Bu dövrdə təxminən 6 ay əvvəl İrana səfir təyin edilmiş Çan Hua “Twitter” fəaliyyətini xeyli artırıb. O, fars dilində bir neçə dəfə tvit atıb, İran rəsmiləri və media ilə məsləhətləşmələrini müzakirə edib.
Fevralın 2-də “Təsnim” agentliyinə verdiyi müsahibəsində səfir İran rəsmilərindən xahiş edib ki, İrana daxil olan Çin səyahətçilərinə məhdudiyyət qoyulmasın. Elə həmin gün o, “Mahan Air” şirkətinin baş direktoru Həmid Ərəbnejadla görüşünün fotolarını yayıb və aviaşirkətin Çinlə əməkdaşlığı davam etdirmək istədiyini qeyd edib.
Çan Hua, eyni zamanda, iranlı rejissor Məcid Məcidinin bir məktubunu da yayıb: “Bir an belə keçmir ki, siz və məsum Çin uşaqları haqqında düşünməyim”.
 
Çinin güclənən təbliğatı
İranda koronavirusun yayılması rəsmi olaraq təsdiqləndikdən sonra Çin səfirinin “Twitter”-dəki fəaliyyəti yenidən önə çıxıb. “Bu gün Çinin İrandakı səfirliyi adından mən İrana 250 min maska bağışladım”, – deyə o, fevralın 25-də yazıb. – Gələcəkdə İrana daha çox yardım göndərəcəyik. Güclü ol, İran!”
Çan Hua öz tvitlərində müntəzəm olaraq dərman şirkətlərinin və Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının başçıları tərəfindən İrana və digər ölkələrə edilən ianələri vurğulayıb.
Hua tvitlərə fars dilində cavab verməyə çalışıb, elə Çin mediasının farsdilli xidmətləri də çox fəal olub və bu dildə təhsil proqramları hazırlayıb. Bu videolarda Çin qadınları, görünür, İran mediasının mühafizəkar standartlarına uyğun olaraq, uzunqollu libaslar geyiniblər. Tədris vasitələri və koronavirusla bağlı xəbərlərdən əlavə, Çan Hua, Çin dilini öyrənən və ya Çin yeməklərini bişirən iranlı şagirdlərin əyləncəli video və şəkillərini səhifəsində yerləşdirir.
Sadəcə İranda deyil, dünyanın hər yerində Çin koronavirus böhranını təbliğat vasitəsi kimi istifadə etmyə çalışır, dünyaya öz mesajını çatdırmaq üçün müxtəlif dillərdəki mətbu orqanlara milyardlarla dollar xərcləyir. Çin diplomatları da bu səyə yeni qurulan “Twitter diplomatiyası”nı cəlb edir və Çan Huanın yazıları buna sübutdur.
Aprelin 6-da yüksək səviyyəli şəxslərin təzyiqi altında Cahanpur Çinlə bağlı əvvəlki açıqlamalarından geri çəkilib. Bir mətbuat konfransında o, Çinin koronavirusun epidemioloji qiymətləndirməsini İranla bölüşdüyünü deyib. Sözçü bir tvitilə əvvəlki rəyini də dəyişib: “Çinin bu çətin vaxtlarda İran xalqına verdiyi dəstək unudulmazdır”.
Tərcümə: Strateq.az



Ana səhifəyə qayıt        Baxış: 2 317          Tarix: 9-04-2020, 11:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma