Xəbər lenti
Mehriban Vəzir Azərbaycan ədəbiyyatında öz dəsti-xətti ilə seçilən yazarlarımızdandır. Və mənim onun xanımlığına, qələminə, ictimai-siyasi fəaliyyətinə hörmətim yetərincədir. O, məni yaxından tanımasa da, mən onu tanıyıram. Mitinqlərdə, görüşlərdə, mərasimlərdə bir yerdə olmuşuq. Əqidə yoldaşıyıq. Və əqidəsinə sadiq xanımdır.
                 
                 
Onun Kulis saytında  dərc edilən "Doğum yeri: Naxçıvan"  hekayəsini oxudum. İstedadlı qələm sahibinin hekayədə dil sadəliyi, gözəlliyi, ifadə tərzləri oxucunu valeh etməmiş olmur. Və məni də valeh etdi.  O, ədəbiyyatımızda seçilən qələm sahibidir. Hekayənin fonunda naxçıvanlıların ümumiləşdirilmiş obrazını (müqəssirliyini) verilməsi isə əsil həqiqətə göz yummaq kimi görünür. Ola bilsin ki, xanım Mehriban Vəzir naxçıvanlıların bu günkü həyat tərzindən xəbərsizdir və yaxud onları dilə gətirməyə dili gəlməyib. Belə bir hekayəni milyonlarla insanın önünə çıxarmazdan əvvəl Azərbaycanımızın qədim bölgəsi olan Naxçıvana səyahət etmiş olsaydı, yəqin başqa fikirdə olardı. Naxçıvanlılar qonaq sevərdilər, Mehriban Vəzir kimi qonağı isə ürəklərinə bükərdilər. 

             Bir neçə naxçıvanlı dılqır (lap belə nazir) məmurun dikbaşlığını, onun yekəxanalığını bütün navçıvanlılara şamil etmək Allah qarşısında haqsızlıqdır. Bu torpağın neçə-neçə siyasi xadimi, dahisi, ədibi, şairi....var. Onların adlarını sadalamaq fikrim yoxdur, böyük bir siyahı alınar.

             Naxçıvan qədim tarixə malikdir. Milli sərvətlərimiz olan abidələrlə zəngin bir diyardır. Tale bu torpaqdan öz səxavətini əsirgəməyib. Bu yurdun ən böyük sərvəti isə şübhəsiz ki, onun dünyaya bəxş etdiyi böyük tarixi şəxsiyyət, bəşəriyyətin ikinci atası sayılan həzrəti Nuh peyğəmbərin də vətəni olmuşdur.

              Xanım Mehriban Vəzir yazır:
  
"…Bu işin başqa çarəsi yoxdu, polisin yaxasından yapışmaq lazımdı, sənin vəzifəndi, gəl
susdur bunları. Amma neçə gecə 102-yə zəng vurmuş, qonşularla həyətə axışmış, səhər
toplaşmışdılar. Məlum olmuşdu ki, sahə müvəkili - naxçıvanlı olsa belə - bu restoranlara
girməyə cürət edir. 102 də yaxın durmur, uzaqdan maşınların nömrələrinə baxıb
qayıdır. Arxaları çox yuxarılara bağlıdı, deyirdilər. Qonşular da çəkinir, qapılarında qırğı
kimi gəzən cangüdənləri, qara-qorxunc çipləri göstərib `ailəmiz, uşağımız var, müəllim,
bunlar naxçıvanlıdı, hər şey əllərindədi.`"

"Bunlar naxçıvanlıdır"--bir qarış da olsa torpağını erməniyə təslim etmədi, canlarından, qanlarından keçdilər, şəhid oldular. Gediş -gəlişi kəsilən Naxçıvan və naxçıvanlılar nə gün keçirdilər Allahdan gizli deyil. Ağır blokada şəraitində yaşayan naxçıvanlılar təkcə ermənilərin Şərur, Sədərək, Ordubad, Şahbuz kəndlərinə elədikləri hücumun qarşısını almırdı. Həm də daxildə həyat, yaşamaq uğrunda çarpışırdı,  mübarizə aparırdı. Bir qarın tox, bir qarın ac, yalavac insanlar soyuqdan əllərini ağızlarına soxurdular. Şaxtalı, qaranlıq gecələrdə soyuqdan və acından yata bilməyən südəmər körpələrin iniltisi, çığırtısı adamın qanını dondururdu. Bunun əzabının nə olduğunu ata-ana olanlar bilər. Bunları xanım Mehriban Vəzir də yaxşı bilir.

        Mehriban xanımın təəbiricə desək, guya sovetlər birliyi dönəmində başqa bölgələrdən olub Bakıda oxuyan məktəb şagirdlərinə yerli şagirdlər gözü götürməməzlikdən onların çıxıb getməsini hər gün israrla deyər və lağa qoyardılar. Bu şagirdlərdən  biri də Naxçıvan doğumlu olan Mikayıldı. Bu nə qədər inandırıcıdır, o dövrdə yaşayanlar bilər.

 Və sinif yoldaşları Mikayıla deyirlər:
 
"Get Naxçıvana da`. Məktəb illərində bu söz səslənməsin deyə hər oyundan çıxırdı. İllər keçdi, ali
məktəbdə bir az rahatladı. Orda hərə bir dərədən gəlmişdi, heç kim heç kimin
doğulduğu yeri ələ salmırdı. Bir müddət sonra isə `Doğum yeri; Naxçıvan` yeni anlam
kəsb etməyə başladı, həyatının yaşıl işığına çevrildi, çox şeyə, hətta babası Ağa Mikayılın
imarətini geri qaytarmağa belə xidmət etdi."

           Bir ağbirçək, dünya görmüş nənənin  diliynən naxçıvanlı ataların əclaf adlandırılmasına nə deyəsən. Hansı məktəb şagirdi əclaf sözünün mənasını bilmir. Elə bilir ki, ƏCLAF atasının adıdır. Gülüş doğurmur və yaxud bir bölgəyə--Naxçıvana və naxçıvanlara nifrətin olması deyilmi. Və onu milyonlara bildirməsinin arxasında nə məqsəd güdülür? Nənənin nəvəsindən onun atasının adının gizlədilməsi nə demək?
         
              Xanım Mehriban Vəzir yazır:
  
"… Püstəxanım üçün isə Naxçıvan qarın dizə çıxdığı, `qurd ulayan yer`, naxçıvanlı Mikayılın
atası demək idi. Adını çəkmirdi, `aton əclaf`` deyirdi. Mikayıl uşaqlıqda elə bilirdi ki, `aton
əclaf`` atasının adıdı. Böyüdü, həyətdə kimin kimə əclaf dediyini gördü, başa düşdü, belə
ad olmaz"

          Hekayədə Mikayılın atası anasından ayrılır. Bu ayrılığa adi hal kimi baxmaq olar. Ancaq atasının yad bir millətdən olan qadınla evlənəndən sonra öz doğma övladını, Vətənini unutmaq onun əqidəsizliyini, nankor , arvadbaz olmasını naxçıvanlıların timsalında verilməsi bağışlanmazdır. Naxçıvanlıları belə vurub doğrayan Mehriban xanımın əlindəki balta kimin baltasıdır. 

             Hekayədə göstərilir ki, doğma yurdunu, hətta belə doğma dilini unutmuş naxçıvanlı yad bir millətin qadınına söykənərək vəzifələr tutmuş, nüfuz sahibi olmuşdur. Vətəni yad ayaqları altına atmışdır. Doğma övladlarını belə unutmuşdu. Azərbaycan və onun bölgələri hər bir naxçıvanlı üçün qürur mənbəyi və onun goz işığıdır. İlk olaraq Naxçıvan Muxtar Respublikası və naxçıvanlılar Sovetlər birliyinə etiraz edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə onun  tərkibindən ayrılmasını bəyan etdi, bu xəbər qardaş  Türkiyədə ildırım sürətilə yayıldı. Belə Vətən, yurdsevər naxçıvanlı torpağını, dilini unuda bilərmi?

         Xanım Mehriban Vəzir yazır:
  
                "…Atası isə öz elmi rəhbərinin qızı ilə evlənmiş, iki oğlu olmuş, öz zəkası və qaynatasının
himayəsi ilə heç bir Azərbaycan türkünün Rusiya elmi çevrəsində əldə edə bilməyəcəyi
dərəcələrə yüksəlmiş, mənsəblər qazanmış, vəzifələr tutmuş, nüfuz sahibi olmuşdu.
Eləcə də, vətəni, millləti, qohum-əqrəbanı, ana dilini, hətta ilk övladının varlığını belə
tamamən unutmuşdu".

                  17 noyabr 1990-cı ildə keçirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin  sessiyasında  SSRİ kimi nəhəng bir imperiyanın hələ tarix səhnəsindən silinmədiyi  dövrdə əsası Məhəmmədəmin Rəsulzadə tərəfindən qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanda qaldırılması  böyük cəsarət tələb edirdi. Bu cəsarətə ilk olaraq naxçıvanlılar bulundu. Bunu da xanım Mehriban Vəzir yaxşı bilir.

             Xanım Mehriban Vəzir yazır:
  
                  "İndi Mikayılın Peterburqda özü kimi iki professor qardaşı, Parisdə isə üç yahudi bacısı
vardı. Mikayıl onları heç vaxt görməmiş, görmək belə fikrindən keçməmişdi. Bu arada
Azərbaycan Rusiyadan qopub müstəqil olmuş, övladları böyümüş və bu qohumluq
əlaqələri, eləcə də `doğum yeri; Naxçıvan` onların qürur mənbəyinə çevrilmişdi.
Oğlanları gah Rusiyada əmiləri ilə, gah Fransada bibiləri ilə görüşürdülər".

                Naxçıvan əhalisinin 70%-i (təqribən) ata-baba ocaqlarını məcburiyyətdən tərk ediblər. Dolanışığın olmaması ucbatından naxçıvanlılar İranda, Türkiyədə bir tikə çörəyə hambalçılıq ( bu ifadəyə görə üzr istəyirəm, amma nə etmək olar günün reallığıdır) edirlər. Naxçıvanlıların əmisi, dayısı, xalası, bibisi İranda, Türkiyədədir. Bir qrup pullu, villalı naxçıvanlının nə pulu kasıb naxçıvanlının cibinə dolur, nə də villasının işığı onun evini işəqlandırır. Bunu da xanım Mehriban Vəzir yaxşı bilir.

                 Mikayılın oxuduğu məktəbdə arvadını boşayan yeganə adam onun atasıdır. Və bu boşanmaların əsasını da naxçıvanlı qoyub, ordanda Azərbaycana yayılıb. Üstəlik anası da vətən xaini idi. Ərindən boşanmış qadın vətən xaini, nə vaxtdan ər millət üçün, qadın üçün Vətən olub. 

                  Xanım Mehriban Vəzir yazır:
  
                "…Sovet dönəmində isə… Içərişəhər əhli üçün o, `Püstəxanımın yetimçəsi` idi.
Məhəllədə valideynləri atmış tək oğlan idi. Siniflərində, bəlkə də bütün məktəbdə
`ata-anası boşanmış` yeganə şagird idi. O vaxt İçərişəhərdə boşanan olmurdu, ata
yoxdusa, ya ölmüş, ya türməyə düşmüşdü. Mikayıl məhəllə üçün elələri kimi əziz
deyildi. Hələ `anası da yəhudiyə ərə getmiş vətən xaini` idi. `Qızı cuuta getmiş` Molla
Püstəxanımın da dili qisa olmuşdu".

                 Hekayədə ata -anası boşanmış balaca məktəbli Mikayılın bu ayıb olmuş kimi alnına damğa kimi vurulur. "Püstəxanımın nəvəsidir"  deyərək günahsız uşağı hətta belə yerin dibinə soxur. Onun "ayıblarını" böyükdən kiçiyə su-əzbər bilirlər. Günahsız bir uşağın naxçıvanlılar timsalında belə bir vəziyyətə salınması nə qədər vətənpərvərlikdir? Nə qədər uşaq sevərlikdir? Uşaqlar bizim gələcəyimizdir deməyə haqqımız çatırmır? Məqsəd nədir onu damğalayıb cəmiyyətə göstərmək?

               Xanım Mehriban Vəzir yazır:
 
            "Mikayıl bu damğaları ilə hamıdan seçilirdi, xəcalət çəkir, ölüb yerə girirdi, heç
tanınmayacağı bir yer axtarırdı. Elə bir yer ki, orda ona `Püstəxanımın nəvəsidi`
deməsinlər. İçərişəhərdə isə elə bir yer yox idi. İçərişəhər böyükdən kiçiyə onun
həyat əhvalatını su-əzbər bilirdi".

             Hekayədə göstərilir ki, Naxçıvan doğumlu olanların hara getsə qarşısında yaşıl işıq yandırılır. Belə çıxır ki, Azərbaycanın  ali məktəblərində oxuyanlar naxçıvanlıdırlar. Belə bütün vəzifələr də onlara aiddir.

               Xanım Mehriban Vəzir yazır:
  
            "Əslində həyat onun üçün – özü belə hiss etmədən - ilk dəfə yetmişlərdə dəyişməyə
başlamışdı. İçərişəhərin küçə uşaqlarının ` alaə, Naxçıvan` deyə araya qoyub
məzələndiyi, özünün ayıbına kor olduğu doğum yeri artıq əlindən tutub irəli aparmağa
başlamışdı. Aspiranturaya sənədlərini verəndə Mikayılın heç xəbəri belə olmadı ki,
seçimdə Naxçıvan doğumlu kafedra müdirinin sıyahısında `doğum yeri; Naxçıvan` kimi
gizli üstünlüyü olub. `Doğum yeri; Naxçıvan` bütün elmi-pedaqoji iş mərhələlərində,
müdafiələrin, elmi dərəcələrin tezləşməsində, tutduğu professor, kafedra müdiri
vəzifələrində, övladlarının biznes nailiyyətində əsas rol oynadı. Amma bu görünənləri
özü görmürdü. Özü hər şeyin özünün olduğunu zənn edirdi."
 
                   Hekayədə göstərilən qüsurların hamısına göz yummaq olmaz. Bunlar həqiqətdir. Düzdən də düzdür. Onların hamısını aparıb naxçıvanlılara bağlamaq insafdan deyil. Azərbaycanda olan rüşvətxorluqdan, özbaşınalıqdan, qohumbazlıqdan, ailəbazlıqdan...hamımız əziyyət çəkirik. Bu Vətəni acgöz məmurlardan təmizləmək müqəddəs borcumuz olmalıdır. Bu Vətənin bir bölgəsini və onun insanlarını aşılayan bir xanımı "onu bağışlamaq olarmı" sualını ortaya gətirir. Siz deyin, onu bağışlamaq olarmı?

                  Xanım Mehriban Vəzir yazır:
  
                "Yatağından durub kompyüterin önünə keçdi, saytı açdı. Onlayn şikayət yeri axtardı.
Rəisin, müavinlərin adlarını oxudu. Bu, cinayət-axtarış üzrə, bu istintaq üzrə, bu ictimai
təhlükəsizlik üzrə, bu…
Şəklləri asılmış bu baş polislərin bioqrafiyalarını oxumağa başladı. Rəis – doğum yeri
Naxçıvan, rəsin müavini – doğum yeri Naxçıvan, rəisin o biri müavini – doğum yeri
Naxçıvan. Rəsin başqa bir müavini… doğum yeri… Naxçıvan deyil… Ermənistan.
Mikayıl əlini çənəsinə qoyub baxdı… baxdı… durub yatağına qayıtdı, aciz-aciz uzandı.
Restoranların çal-çağırı davam edirdi; Naxçıvan da bizimdi… Abşeron da bizimdi. Bizimdi,
ay bizimdi, Azərbaycan bizimdi…".

                            P.S.  2013-cü ildə  Şair Rüstəm Behrudinin " Hamıya qalib gəlib özünü satan"  şeiri Bakı kəndlərinin sakinləri              tərəfindən narazılıqla qarşılanmışdı. Bununla bağlı Mətbuat Şurasına müraciət edildi. Hətta narazıçılıq televiziyaya qədər gedib çıxmışdı.


Ana səhifəyə qayıt        Baxış: 3 035          Tarix: 8-05-2020, 20:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma