Bayramovla Mirzoyan görüşünə hazırlıqlar başlayıb - rəsmi Astana moderator olmaq istəmir, ofis verir; analitiklərin fikrincə, Qazaxıstan doğru edir, çünki...l
Qazaxıstan Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan rəsmiləri arasında Almatıda keçiriləcək görüşün təfərrüatını açıqlayıb. “Yeni Müsavat” bildirir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aibek Smadiyarov danışıb.
O bildirib ki, Almatıda keçiriləcək danışıqlar yalnız Azərbaycan və Ermənistan arasında aparılacaq, Astananın vasitəçiliyindən söhbət getmir. Diplomat vurğulayıb ki, Qazaxıstan xoşməramlı xidmətlər təqdim edir, sözdə yaxşı ofis, yəni danışıqlar üçün platforma təmin edəcək: “Əgər bu iki ölkə sülhə gəlsə və bu, bizim tərəfimizdən imzalansa, bunun bütün region üçün böyük müsbət təsiri olacaq”. Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib ki, rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib. Dövlət başçısı qeyd edib ki, əgər Ermənistan da buna razılaşsa, XİN rəhbərlərinin növbəti görüşü Qazaxıstanda keçiriləcək. Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan öz növbəsində bildirib ki, İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzərdən keçirir. Onun sözlərinə görə, görüşün tarixi razılaşdırılır.
Qeyd edək ki, Ceyhun Bayramov və Ararat Mirzoyan sonuncu dəfə fevralın 28-29-da Berlində görüşüb. Qazaxıstan azərbaycanpərəst mövqeli ölkə kimi tanınır, Türk Dövlətləri Təşkilatının üzvüdür, Astana Azərbaycanın Qarabağ iqtisadi rayonunun bərpasında iştirak edir, son səfərində hər iki ölkə prezidenti birgə Şuşaya da getdilər. Amma Qazaxıstan prezidenti Tokayev Ermənistana da səfər edib və Paşinyana sülh üçün vasitəçilik təklif edib. İki ölkə KTMT və Avrasiya İqtisadi Birliyində təmsil olunur. Yeri gəlmişkən, Qazaxıstanın Azərbaycan-Ermənistan münasibətlərində vasitəçi kimi təşəbbüsü yeni deyil. Hələ 1991-ci ilin noyabrında Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev rusiyalı həmkarı Boris Yeltsinlə Bakıya, oradan da keçmiş DQMV-yə səfər etmişdilər. Lakin həmin missiya o zaman çox da uğurlu olmadı və nəticəsiz qaldı. 1991-ci ilin 20 noyabr dəhşətli helikopter terrorunda həlak olanlar arasında qazax rəsmilər də var idi. Qarakənd səmasında həyata keçirilən həmin terror aktı Qazaxıstan və Rusiyanın da iştirak etdiyi danışıqların üstündən xətt çəkdi. Bu mənada yenidən Astanadan təşəbbüs gəlməsi maraqlı məsələdir və həm də məntiqlidir.
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, Tokayevin Azərbaycan-Ermənistan sülh danışıqlarının Astanada keçirilməsi təklifi 5 aprel Brüssel görüşünü təşkil edənlərin qətiyyən ürəyindən deyil: “Bunun da iki səbəbi var. Birinci səbəb odur ki, Astana danışıqlarında onun ikitərəfli xarakter daşıdığı özünü daha qabarıq göstərəcək ki, bu da vasitəçilik, yaxud da moderatorluq adı altında bu regionda öz oyunlarını oynamağa çalışan, bölücülük edənlərin maraqlarına cavab vermir. İkincisi, Astana danışıqları normallaşma prosesinin 3+3 əməkdaşlıq formatı çərçivəsində gedəcəyi anlamı daşıyır ki, bu da regiondankənar güclərin planları ilə üst-üstə düşmür”. Üstəlik, Qazaxıstan tərəfkeşlik etməyəcək, balansı qoruyacaq. Bu mənada Astanada verilən bəyanatın şifrələrini necə izah etmək olar? Qazaxıstan XİN sülh sənədinə niyə “şərik” olmadıqlarını açıqladı?
Analitik Elxan Şahinoğlu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarovun “Qazaxıstan hakimiyyəti Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda görüşünü təşkil edərkən danışıqlarda vasitəçi rolunu oynamayacaq” açıqlamasını faydalı hesab edir. Onun fikrincə, Azərbaycanla Ermənistana vasitəçi lazım deyil, birbaşa danışıqlar müsbət nəticə verir: “30 il ərzində nə qədər vasitəçi oldu, heç biri işə yaramadı. Tərəflərin vasitəçiyə yox, görüş üçün məkana ehtiyacları var, onu da Qazaxıstan hakimiyyəti təqdim edir”. Politoloqun sözlərinə görə, Qazaxıstan XİN nümayəndəsi Astananın təklifini “good offices” (yaxşı ofis) kimi qiymətləndirib: “Qazaxıstan vasitəçi olmasa da, Azərbaycanla Ermənistan arasında razılaşmanın əldə edilməsini arzulayan əsas dövlətlərdəndir. Astana Bakı və Ankara qədər Zəngəzur dəhlizinin işə düşməsini istəyir. Bu dəhliz Qazaxıstanın da baş rol oynayacağı Orta dəhliz layihəsinin reallaşmasını sürətləndirəcək. Qazaxıstan prezidentinin qısa zaman kəsiyində Azərbaycana və Ermənistana səfərləri həm də bununla bağlı idi”.
E.Şahinoğlunn fikrincə, Azərbaycanla Ermənistan arasında əldə edilən son razılaşma və sərhədlərin müəyyənləşməsi Kremlin maraqlarına ziddir: “Çünki Bakı ilə İrəvan arasında razılaşmalar Rusiyanın nəzarətindən kənarda - birbaşa danışıqlarda əldə edilir. Kremlin narahatlığının səbəbi bəllidir. İki ölkə arasında sərhədlər müəyyənləşdikcə, Azərbaycan və Ermənistan sülh və ya çərçivə sazişinin imzalanmasına yaxınlaşır. Bu isə gələcəkdə Ermənistanda Rusiya hərbçilərinin varlığını sual altına qoyacaq. Nikol Paşinyan rusiyalı hərbçiləri hələlik Zvartnots hava limanından çıxarmaq istəyir, ancaq Türkiyə ilə razılaşma əldə edilərsə, bu ölkə ilə sərhəddə də rusiyalı hərbçilərə ehtiyac qalmayacaq. Kreml bu gedişata mane olmaq istəyir".
Siyasi ekspert Ramiyə Məmmədova deyir ki, Astana neytraldır, Brüssel, Vaşinqton və Moskva kimi tərəf deyil. Onun fikrincə, bu platforma inkişaf edə, növbəti görüş Tiflisdə, yaxud Daşkənddə ola bilər: “Bakı və İrəvan sülh mətnini onlayn yazışma şəklində davam etdirir və bu, əla tendensiyadır. Tərəflər uzun yol qət edib ayrı-ayrı paytaxtlara getmədən elektron məktublaşma şəklində sülh danışıqlarını inkişaf etdirirlər. Qazaxıstan da məkan olaraq uğurlu yerdir. Əgər Ermənistan imtina etməsə, konstruktiv davransa, baş diplomatlar bir sıra məsələləri müzakirə edə bilərlər”. Təhlilçinin fikrincə, əsas görüş yeri yox, nələrin müzakirə edilməsidir: “Yay aylarında çərçivə sənədi imzalana bilər. Bu da çox ciddi irəliləyiş hesab olunacaq. Prezidentin dediyi kimi, sülh müqaviləsi ilə bağlı indi daha aydın təsəvvürlər yaranır. Artıq beynəlxalq ictimaiyyət də prosesə müdaxilə etmədən ikitərəfli razılaşmaları alqışlayır. Qazaxıstan bu baxımdan danışıqların yeni tətikləyici məkanı ola bilər. Bu ölkənin moderator yox, ev sahibliyi etdiyini deməsi də yaxşı əlamətdir. Axı ikimiz oturub danışa biliriksə, üçüncü tərəfə ehtiyacımız yoxdursa, qazax nazirin iştirakına da zərurət qalmır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Paylaş: