Xəbər lenti


Azərbaycanla sülh danışıqlarına hazırlaşan rəsmi İrəvan iki mühüm maneə ilə imtahandadır. Bunlardan biri kilsə, digəri isə Qarabağ erməniləridir. Ermənistanı daxili çaxnaşmalara aparan bu iki problem erməni mediası tərəfindən də açıq dilə gətirilir. 

 

Ovqat.com “ArmenianReport”un analitiki Tevos Arşakyanın qələmə aldığı “Qarabağ klanı və Ümumerməni kilsəsi (ÜEK) Paşinyanı hədəfə alır, amma Ermənistana zərbə vurur sərlövhəli yazısını təqdim edir.

 

Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesi ətrafında baş verən son hadisələr, bununla bağlı keçmiş hakimiyyət və din xadimlərinin birgə həyata keçirdikləri təxribatlar cəmiyyətimizdə artan narahatlığa səbəb olur. Artıq gərginlik o həddə çatıb ki, sanki bir az sonra əsl vətəndaş müharibəsi başlayacaq.

 

Mən mübahisə etmirəm ki, sərhədlərin müəyyənləşdirilməsi prosesi heç vaxt heç bir yerdə ağrısız olmayıb. Məsələn, son 100 ildə müharibə etmədiyimiz Gürcüstanla hələ də sərhədimiz tam müəyyən olunmayıb. Hal belə ikən, 35 ildən artıqdır ki, bir-birini düşmən hesab edən ölkələrə nə deyə bilərik? Və burada aydın olur ki, hər bir tərəf imkan daxilində daha çox şey əldə etmək istəyir. Bu izah edilə bilər.

 

Amma eyni zamanda, sərhədlərin müəyyənləşdirilməsi ən mühüm addımdır, bu addım olmadan biz nə sülh sazişi əldə edə, nə də müvafiq olaraq Ermənistanın təhlükəsizliyinə nail ola bilmərik. Buna görə də burada səbir və incə diplomatiya lazımdır. Ermənistanda insanların çoxu müharibələrdən və sıxıntılardan, düşmənlər tərəfindən mühasirəyə alınmış qalada yaşamaqdan yorulub. Əhalinin həssas təbəqələri ərazi bütövlüyünün tanınması əsasında davamlı sülhün bərqərar olmasına real imkanının yaranacağına inanmaq istəyirlər. Sərhədləri müəyyən etmədən buna necə nail olmaq olar? Ölkə daxilində təxribatların, süni gərginlik yaratmağın yer yoxdur. Amma Köçəryanın, Sarkisyanın, Ermənistandan kənar müəyyən qüvvələrin, eləcə də ÜEK-in bəzi nümayəndələrinin əlindən qidalanan barışmaz müxalifətin son vaxtlar etdiyi isə məhz budur.

 

Onlarla hər şey aydındır. İndiki hakimiyyət nə qədər pisdirsə, Paşinyanı devirmək və kim bilir, dövləti idarə etməyə qayıtmaq şansları bir o qədər coxdur. Onlar Tavuşda və bütün Ermənistanda etiraz aksiyalarına sponsorluq edir, delimitasiya və demarkasiya prosesini “erməni ərazisinin növbəti təhvili” kimi təqdim edirlər. Baş verənlərin mahiyyətini dərk etməyən insanları küçələrə çıxarmağa, yolları bağlamağa, vətəndaşları qarşıdurma yaratmağa dəvət edirlər. Bütün bunlar isə “Tavuşun xilası” kimi təqdim olunur. Üstəlik, Azərbaycan əsgərlərinin guya Voskepar (Aşağı Əskipara – Ovqat.com) ərazisində irəliləməsi ilə insanları qorxudurlar. Aydındır ki, indiki vəziyyətdə Azərbaycanın Ermənistanla yeni hərbi toqquşmalara ehtiyacı yoxdur.

 

Bir dəfədir ki, iki müharibə edən dövlət ortaq dil tapmaq zəhmətinə qatlanır və öz aralarında razılığa gəlməyə çalışır. Bu isə, yenə deyirəm, Qarabağ klanının və onun arxasında duran qüvvələrin maraqlarına ziddir.

 

Amma mənim anlaya bilmədiyim kilsənin Qarabağ klanı tərəfində dayanması və hadisələrə müdaxiləsidir. Aydındır ki, Ermənistan daxilində iğtişaşlar törətməyi qarşısına məqsəd qoyan qüvvələr təkcə Eçmiədzinə deyil, həm də ÜEK-ın ayrı-ayrı nümayəndələrinə arxalanırlar. Və Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan sülhə qarşı mübarizənin önündə yerləşdirilib. Son günlər Tavuşdakı etiraz aksiyalarını məhz o idarə edir. İnsanları polisə qarşı çıxaran, sonra isə “dinc nümayişçilərə” qarşı güc tətbiq etmək barədə qışqıran odur.

 

Və şübhəsiz ki, onun dağıdıcı fəaliyyəti indiki hökumətlə çoxdan düşmən münasibətdə olan katolikosun (erməni dini lideri II Qaregin nəzərdə tutulur – Ovqat.com) özü tərəfindən həvəsləndirilir. Katolikos kütləvi aksiyalar keçirməsi üçün Baqrat Qalstanyana maliyyə dəstəyi də verir. Bu düşərgədə olanlar hesab edirlər ki, Tavuşdakı vəziyyət baş nazir Nikol Paşinyanı devirmək və əvvəlki qayğısız həyatlarını yaşamaq üçün onların son şansıdır. Və bu məsələdə kilsə xadimləri, təəssüf ki, zorakılığa əl atıb, məsələni qanla həll etməyə çalışırlar.

 

Tərifinə görə, kilsə bu proseslərdə rol ala bilməz. Di gəl ki, sülh və əmin-amanlığa çağırışlar əvəzinə, hakimiyyətə qarşı mübarizədə kənar qüvvələrin alətinə çevrilib. Və buna görə də Qareginin rəhbərliyi altında fəaliyyət göstərən ÜEK dövlətin təhlükəsizliyini təhdid edir və cəmiyyətdə parçalanmanı tətikləyir. Və son vaxtlar onun 5-ci kolona çevrilməsi ilə bağlı səsləndirilən bütün ittihamlar təsadüfi deyil. ÜEK ilkin missiyasından geri çəkilib və bu, təəssüf doğurmaya bilməz.

 

Bu gün kənardan gələn sifarişlə ölkənin sularını bulandıran bütün qüvvələrə elə gəlir ki, Paşinyanı hədəfə alıb, onunla vuruşurlar, əslində isə bütün hərəkətləri Ermənistanın özünə qarşı çevrilib. Nə yaxşı ki, Ermənistan əhalisinin əksəriyyəti bu oyunu çoxdan dərk edib və ona görə də bu qədər cüzi sayda insan Robik, Serjik, daşnaklar və ÜEK-ın aksiyalarına qoşulub.




Ana səhifəyə qayıt        Baxış: 5 440          Tarix: 1-05-2024, 08:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma