Xəbər lenti

 

 

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Ryazan vilayətindəki Neft Emalı Zavoduna silahlı dron zərbələri endirib.

 

Ovqat.com-un Ukrayna mediasına istinadən verdiyi məlumata görə, neft emalı zavoduna hücum səhər saat 3 radələrində baş verib. 

 

Sakinlər əvvəlcə uğultu, ardınca isə iki partlayış səsi eşidiblər.

 

Ryazan vilayətinin qubernatoru da əraziyə yaxınlaşan bir neçə pilotsuz təyyarənin vurulduğunu təsdiqləyib.

 

İlkin məlumatlara görə, itki yoxdur.

 

Bildirilir ki, Ryazan şəhərində yerləşən Neft Emalı Zavodu “Rosneft”in bir hissəsidir. Onun elan edilmiş maksimum emal gücü ildə 17-18 milyon ton neft təşkil edir və məhsulunun böyük hissəsi ixrac olunur.

 

Qeyd edək ki, bundan əvvəl də Ukrayna Silahlı Qüvvələri Rusiyanın bir sıra neft emalı zavodunu vurmuşdu. Aprelin 24-də Rusiyanın Smolensk vilayətində yerləşən Yartsevo və Razdorovo qəsəbəsindəki iki yanacaq anbarı pilotsuz təyyarə hücumuna məruz qalmışdı. Hücumlar nəticəsində bu obyektlərdə saxlanılan 26 min kubmetr yanacaq məhv edilmişdi.

 

“Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna dəstək verən hərbi infrastrukturu və logistikanı effektiv şəkildə hədəf almağa davam edir. Bu obyektlər bizim qanuni hədəflərimizdir və elə də qalacaq”, - “Kiyev post” nəşrinə Ukrayna rəsmiləri bildirib.

 

Qeyd edək ki, Ryazan vilayətinin mərkəzi şəhəri Ukrayna sərhədlərindən 650 km. aralıda yerləşir.




Ana səhifəyə qayıt        Baxış: 4 157          Tarix: 1-05-2024, 13:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma