Xəbər lenti

Dağlar isti,dağlar böyük,dağlar uca,
Sən dağlardan od almağa getmişdin ki?
Qılınc çəkib kor tamaha,taxta-taca,
Şəhərdəki isti evi tərk eləyib
O dağlarda tək qalmağa getmişdin ki?

Köhnə yurda üz qoymağa üzün vardı,
Yollar səni yola çəkdi, yolçu oldun.
Dağ oğluydun, dağ cüssəndə dözüm vardı,
Qiblə bildi kimi sağı, kimi solu,
Düz yürüdün, sən nə sağçı, solçu oldun.

Heç uymadın siyasətin işvəsinə,
Səni yoldan eləmədi qəmzələri.
Alışmadın ləhcəsinə, şivəsinə,
Vəzifənin cilovundan tutan gördün,
Gördün həsən paşaları, həmzələri.

Heç alışıq deyildin ki, qan tökməyə,
Sənin könlün quşu belə incitməzdi.
Alışmışdın könüllərdə gül əkməyə,
Suladığın könüllərdə qəm bitməzdi

Xoş gün səni heç görməyə vaxt tapmadı,
Nə tez getdin, od almağa gəlmişdin ki?
Vaxt aradı,  səni  kürsü, taxt tapmadı,
Sən təqaüd, ad almağa gəlmişdin k?

Könüllərdə ev tikirdin özün üçün,
Sən dağlardan daş almağa getmədin ki.
Sən Allaha üz tutmuşdun izin üçün,
Sən apardın bir millətin dərd-sərini.
Sən dağlarda yaşamağa getmədin ki.

İstəmədin kimsə çəksin sən çəkəni
İstədin ki, bu dərdləri tək çəkəsən.
O dağlarda yaşamağa getmədin ki,
Sən getdin ki, o dağlarda dərd çəkəsən.                                                                              
                                     24.06.2017



Ana səhifəyə qayıt        Baxış: 2 407          Tarix: 18-07-2020, 11:34      


Paylaş:   

Ən çox oxunanlar