Xəbər lenti

 TƏBRİK
Dedim od ilə oynama,
Düşərsən odlara, canım!
Məcnun kimi gülünc yeri
Olarsan yadlara, canım.

Od tutarsan, ütülərsən,
Yanarsan cızdağın çıxar.
Başından sevdası çıxmaz,
Sinəndən min ahın çıxar.

Məndən də haray gözləmə,
Yaxanı pis ələ verdin.
Bircə təsəllin var sənin,
Könlünü gözələ verdin.

İndi onun bayramıdı, -
Bu günlərə qoydu səni.
Əlimizdən nə gəlir ki,
O da belə duydu səni.

Mən səni azad bəslədim,
Özün oldun kölə, canım.
Sevdiyinin xoş günüdü,
Sən də təbrik elə, canım!
14.11.2017

SƏNİ SEVMƏK
Səni elə sevdim -
elə bil diqqətimi cəmlədim.
Giləsi də düşməsin deyə
iki əlli nar dənələdim.

Saatın bütün mexanizmləri
əqrəbləri hərləmək,
Mənim bütün əzalarım
səni sevmək üçündür.

İki hiss var,
ömür boyu məni tərk etməz.
Bir müsəlman olmağım,
Bir səni sevməyim.

HALIM
Elə hüznlüyəm –
belə təhərsiz,
gözükölgəli, lal,-
torpaq kimiyəm.
Mən məğlub ölkə şairi,
Endirilmiş bayraq kimiyəm.
Dekabr, 2004

TƏKLİK TƏK ALLAHA YARAŞIR

Allahın altında o olaydı, telli balam,- 
gecələr təklikdən üstümə yeriyən 
daş-divar yerində duraydı!
Elə bilərdim o şahdı,
bu evim də saraydı!

Nə istəsə, nə desə, baş üstə!
Hər istəyinə müntəzir durardım,
Qıymazdım əyilə -
Çəkmələrinin ilgəyini də vurardım.

Paltarım da təklik çəkir, -
paltarımı paltarının yanından asardım,
ayaqqabılarımızı bir yerdə cütləyərdim,
O olsaydı, telli balam, nə dərdim?!

O olsaydı, telli balam, 
Əl saxlamaz – dayanmazdım, 
od üstündə qazan kimi qaynayardım.
Qırıq düyməsini tikmək bəhanə olardı,
eləcə paltarıynan oynayardım.

O qədər ağlamışam təkliyimə
ta gözümdən yaş çıxmır,
Elə bilirlər yanımlığım yoxdu.
Hər şey var, telli balam,
xanımlığım yoxdu.

Əhdim vardı, 
Gecə bir şam yandırıb
qol-boyun rəqs edərdim.
Hərdən lal dilinən bir öpüşlə 
sevgidən bəhs edərdim.

Bəzən şadlığımdan şitdiyim tutaydı 
qəzəbli gözlərini üstümə güllə çəkəydi,
yenə dayanmayaydım - əsəbləşəydi -
mənə bir sillə çəkəydi.

Telli balam, nə olardı 
mən də onun axtardığı
qadın çıxaydım.
Toyların nəmər, yasların yas siyahısından
adım çıxaydı.

Mən də bilərdim kimi danışdıracam,
kimi bezdirəcəm, küsdürəcəm.
Çolpa alanda fikirləşməzdim
Bunu kimə kəsdirəcəm?!

Kitab kimi hər vərəqində olaydım - 
nida, sual, nöqtə, vergül...
Məndən küsüb evdən çıxan gün
qayıdıb gələydi əlində bir gül!

O evə gec gələndə üzümü yan tutaydım,
mısmırığım yer süpürəydi, 
qaş-qabağım göy
özümü göstərəydim – küsmüş...
Qoymazdım cibindən
üzülsün ləpə-kişmiş.

Telli balam, onsuz alınmır eee,
sola dolanırsan, sağa çıxırsan!
Halal qazancımdan cibinə qoyaydım
Etiraz edəndə yadına salaydım –
kişisən, ortalığa çıxırsan!

Görəydim mənim də əlim işə yatır,
Görəydim mənim də başım qarışır..
Məni qınama, telli balam, 
təklik tək Allaha yaraşır!
02.11.2017

AXİRƏT YÜKÜ
Ölümü düşünəndə ruhuma 
doğma olan musiqidən ayrılmağın 
qəfil yağışa tutulan adam kimi
kədər yükünə tutuluram.
Sevdiyim, bilirəm deyəcəksən –
-Yenə İlham nağıl açdı,
Sən məni sevirdin, amma
axirət yüküm ağırlaşdı!
05.11.2017

Bu da "İLHAM QƏHRƏMANA" yazdığım şeir.

Həə, İlham Qəhrəman,
Çoxdan gözaltı etmişəm
Boyuna şeir yaraşdırım,
Boyun məndən inciməsin.
Səni də belə bay olasan,
Bayın məndən inciməsin.

Sağ olsun - o vaxt dədəm 
«Ondan göz ol!» demişdi,
Mən olmasam çoxdan səni 
çöldə qurd-quş yemişdi.

Qanın niyə qaradı,
Bir çırtma bəs edər
qanını çıxarmağa.
Sən ah çəkmirsən,
sinəyenişə yol çəkirsən
canını çıxarmağa.

Həmişə yoxuş qalxdın,
düzə çıxa bilmədin.
Ay mağmın,
daldalarda şeir dedin
üzə çıxa bilmədin.

Mənimlə yola getmirdin,
Hər gün dava qururdun,
«Hər şeydən vaz keç!» - deyə,
Sərbəstliyi, azadlığı sevirdin.
Əlacın olsa məni öldürərdin –
səni arvad-uşaq ayağına verdim.

Mən deyirdim
mən də adi adamam,
Mənim də telim 
qaşın üstündədi.
Sən deyirdin söz at deyil
başına cilov salasan,
Adını şair qoyub
əlli yaşa çatmısan
hələ başın üstündədi.

Səndən hər söz yedim,
Sənə göyərmədim.
Uşaqların boğazından kəsib
Sənə dörd kitab çıxardım
Manatını da görmədim.

Darıxma tarixdə
çox insafsız gorba-gor oldu.
Düzmə Düzənlərbaşı
hamını gördü
sənə çatanda kor oldu.


Bu da belə zamanadı -
Söz alan, söz satan var,
bazar gördüm deyən yoxdu.
Ədəbiyyata gəlib
nə gördün -
Bütün ölçülər yerindədi, 
meyar gördüm deyən yoxdu.

Kim deyə bilər
Yazdığın səmimi deyil.
Qəm yemə kölgədəsən –
Sən yazanı yaza bilmək
Hər şairin yemi deyil.
07.07.08




Ana səhifəyə qayıt        Baxış: 2 384          Tarix: 16-11-2017, 10:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma