Xəbər lenti

 

Ədalət partiyasının sədr müavini, tanınmış şair-publisist Heydər Oğuzu bir çoxlarımız millətçi kimi tanıyırıq. Di gəl ki, şair dostumuzun kommunist damarı da var. Onun bəzən qələmə aldığı şeirlərdən açıq şəkildə “sovet ədəbiyyatı” qoxusu gəlir.

Şair dostumuzun bu gün öz facebook səhifəsində paylaşdığı bir şeir də bunun ən bariz sübutudur. Şeirin təhlilinə varmadan şərhini Moderator.az oxucularının ixtiyarına buraxırıq:

(Coğrafiyasından asılı olmayaraq, bütün dünya xalqlarını amansızcasına istismar edən vəhşi kapitalizmi lənətləyirəm)

Soma kömür mədənində həyatını itirən mədənçilərə

 

Anadan olanda insan doğuldun,

Amma yaşamadın bir insan kimi.

Kiminsə gözündə qarışqa oldun,

Halın acıtmadı sağkən heç kimi.

 

Sən bir qarışqatək yaşadın ömrü

Həyatının çoxu yer altda keçdi.

Alnına yazıldı aclıq, sömürü,

Pula susayanlar tərini içdi.

 

İnsan qarışqası oldun, mədənçi!

Bundan özünün də xəbərin yoxdu.

Canlı makinaydın, halın dilənçi

Sənin bundan başqa dəyərin yoxdu.

 

Özünə mülk yığır qarışqa belə,

Sənsə başqasına mal toplayırdın.

Verib yer altında ömrünü yelə

Bal tutan barmağa bal toplayırdın.

 

Oyanıb yuxudan hər səhər erkən

Sivri külüngünlə dağı yarardın.

Qarışqa qarnına yem arayarkən,

Sənsə başqasına yem aparardın.

 

Səni qarışqatək görən insanlar

Sənə baxmırdılar qarışqa qədər.

Daş kömürə dəyər verən insanlar

Onu çıxarana vermirdi dəyər.

 

Sən bir qarışqaydın - insan qarışqa,

Atlı qarışqatək qiymətin yoxdu.

Heç nəyin yox idi qarnından başqa;

O da ki, bir gün ac, bir günsə toxdu.

 

İşlər dayanardı acından ölsən,

Vardı bu səbəbdən yavan çörəyin.

Bir də yataq yerin vardı, deyəsən,

Bir də  ki əlində qazma, kürəyin.

 

Səni qarışqatək gördüklərindən

Bəzən məzarına dönürdü mədən.

Çıxarıb mədəndən başqa məzara

Cismini gömürlər, bilirsən, nədən?

 

Yox, əsla bilmədin, ölü mədənçi!

Bu qayğı ruhuna sayqıdan deyil.

Lütfən, sözlərimdən nə küs, nə inci,

Sadəcə həqiqi dəyərini bil.

 

Qiymət verilməzkən hətta dirinə,

Sanırsan, ölünü əzizləyirlər?

Ölü qoxu yayar öz iş yerinə

Onlar iş yerini təmizləyirlər.

 

Sənə baxmadılar bir insan kimi,

Cansız makinanın canlı dişiydin.

Narahat etmirdi halın heç kimi

Sən insan cildində zəhmət, iş idin.

 

Dəyərin yox idi tərindən başqa

Beş quruş etməzdi sümüyün-ətin.

Çünkü qarışqaydın - insan qarışqa,

Atlı qarışqatək yoxdu hörmətin...




Ana səhifəyə qayıt        Baxış: 1 468          Tarix: 11-07-2017, 09:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma