Xəbər lenti

  Müasir poeziyamızda öz poetik səsi, orijinal deyim tərzi ilə seçilən Adil Qasımlı ədəbiyyatımızın 60-cı illər ədəbi nəslinə mənsub olan şairlərdəndir. İxtisasca müəllim olan A.Qasımlı əmək fəaliyyətinin ilk illərində Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda metodist, Naxçıvan pedaqoji məktəbində, Naxçıvan Pedaqoji İnstitutunda müəllim işləmişdir. Sonra jurnalistlik fəaliyyətinə keçərək Naxçıvan Dövlət Teleradio Komitəsində müvafiq ardıcıllıqla redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrində çalışmışdır.

Şeirləri ilə müntəzəm olaraq respublika qəzet və jurnallarında çıxış edən şairin «Pıçıltılar» adlı ilk kitabı 1969-cu ildə işıq üzü görmüşdür. Hələ ilk poetik nümunələrindən oxucu və ədəbi tənqidin nəzər- diqqətini çəkən şairin sonrakı illərdə çap olunan «Biz görüşəndə», «Dağlar, qalalar, babalar», «Qaranquş ömrü», «Sənə dönərəm» kitablarını, Azərbaycan radiosunda səhnələşdirilərək dinləyicilərə təqdim edilən «Cəsarət» və «Yaşılobanın nağılları» poemalarını, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulan «Aylı gecənin qaranlığında» pyesini oxucular, dinləyici və tamaşaçılar məhəbbətlə qarşılamış, ədəbi tənqid yüksək qiymətləndirmişdir.

Şairin bir sıra şeirləri xarici ölkələrin ədəbi orqanlarında çap edilmişdir.

A.Qasımlı SSRİ Yazıçılar İttifaqı, həm də SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. O, Əməkdar İncəsənət Xadimi fəxri adını daşıyır.

   Ovqat.com Adil Qasımlının  yeni şeirlərini öz oxucularına təqdim edir.       

    

SƏNİ SƏSLƏYİRƏM

Bir xoş, bir mübarək aylı gecədə,

Allahım, sən məni yoxdan var etdin.

Bir gəlin ağacın bətninə düşən

İlahi şəfəqdən, nurdan yaratdın.

Qovğalara atıb, etibar etdin

İçimdə gizlənən bir gücə məni.

Günbatana doğru bədöy atları

Kişnəşə-kişnəşə bir köç gedirdi,

Qoşdun o karvana, o köçə məni.

Bir köç ki, oxşardı dəli rüzgara,

Dağlardan, düzlərdən əsib keçərdi.

Qovub, yağıların bağrını yarar,

Düşmənin əhdini kəsib keçərdi.

Daim əldə qılınc, ata süvardım,

İllərlə zəfərdən-zəfərə vardım...

Görünür sonacan baxt gülməz üzə,

Zamanın hansı bir dönəmindəsə

Dəyibdi bəd nəzər, göz qılıncıma,

Hədəfə dönmüşəm öz qılıncıma.

Huşumu itirib düşmüşəm atdan.

İllərlə qalmışam ayaqlar altda,

Sinəmin üstündən yol alıb yağı.

Çatdığım ocaqlar, tonqallar sönüb,

Yurd yerlərim olub düşmən tapdağı.

Yastı təpələrdə, dağlar döşündə

Çubuğu çəkilmiş çadırlar qalıb,

Atlar varıb gedib, qatırlar qalıb...

Qəsdimə duranın bilinmir sanı,

Dörd yandan bağlanıb, kəsilib yolum.

Hanı, yel qanadlı kəhərim hanı?

Hardasan, ey tanrım, hardasan Ulum?..

Dardayam, hayıma hay ver, İlahi.

Yetir qılıncımı, yetir atımı,

Zülmət gündüzümə Günəş bağışla,

Gecəmə bir nurlu Ay ver, İlahi!..

 

... Nədir göydən doğan o mavi işıq?

Deyəsən, səsimi eşidib Allah,

Odur, lap yaxında Boz qurd ulayır,

Atım, qılıncım da yetər, inşallah!

         

         İMTAHAN

İnsan doğulanda ağlayır nədən?

Olmaya anlayır o, nəyə gəlir?-

Bilir, doğulandan ta ölənəcən

Hər şeydən imtahan verməyə gəlir.

 

Bu dünya nəhəng bir imtahan zalı,

Qarşıda suallar qalaq-qalaqdır.

Kimlərsə yığacaq ən yüksək balı,

Kimlərsə sınaqdan çıxmayacaqdır.

 

İmtahan qorxusu ötməz canından,

İşlər iliyinə, işlər qanına.

Çıxdınmı məhəbbət imtahanından,

Hazırlaş ailə imtahanına!

 

Bilinməz hesabı, bilinməz sanı,

Birisi bitməmiş birisi başlar.

Sınaqlarda keçər ömrün hər anı,

Daim həyəcanlar...daim təlaşlar...

 

Heç də öyünməsin ədalətilə,

Dünyanın işini nə bilmək olar.

Ən doğru cavabı verəndə belə

                        kəsilmək olar.

Bəzən yanılarsan, bəzən çaşarsan,

Ağla sığmayanlar ürəyə gələr.

Elə suallarla qarşılaşarsan

Nə bilik, nə ağıl köməyə gələr.

Cavab tapmayanı qınamaq olmaz,

Sual anlaşılmaz, sual dərindir.

Adamlar bir yana, düşünsən bir az,

Ən çətin imtahan ölkələrindir.

 

Sual var, cavabı bəllidir az-çox,

Sual var, cavabsız, qıfıllı bir sirr.

Belə sualların cavabı söz yox,

Alovla, atəşlə verilməlidir.

Nahaq üz-gözündən qüssə-qəm yağır

Keçməyəndə bilik imtahanından.

İnsana ağırdır, ağırdan ağır

Kəsilmək

                    kişilik imtahanından.

Bu dünya nəhəng bir imtahan  zalı,

Qarşıda suallar qalaq-qalaqdır.

Cəsurlar yığacaq ən yüksək balı,

Acizlər bu testdən çıxmayacaqdır.

     

  BU DAĞDA QUZU MƏLƏR

Mələyirsən, gözün nəmdi,

Səsindəki o nə qəmdi?

Ananın döşləri boşdur,

Ruzunu özgəsi əmdi;

Mələmə, quzum, mələmə.

Uzaqda od tüstülənir,

Canın qızır, istilənir.

Orda, o tonqal başında

Bəlkə bıçaq itilənir,

Mələmə, quzum, mələmə.

Elə güc yoxdur dizində,

Bərkiməyib buynuzun da.

Nə bilirsən nələr vardı

Qarşı dağın o üzündə;

Mələmə, quzum, mələmə.

 

Yağış gəlir, göy gurlayır,

Dumanlıdır bu çöl-bayır.

Hənirini alıb deyən,

Gendə yalquzaq ulayır;

Mələmə, quzum, mələmə.

  

Qayaları tərpədənməz

Qayalarda qırılan səs.

Baxma ki, çoxları deyir:        

«Mələməyən məmə yeməz».      

Mələmə, quzum, mələmə.

 

Bu dağın çox yoxuşu var,       

Yoxuşdan çox enişi var.

Qoç oğlusan, qoç tək dayan,

Qabaqda qoç döyüşü var,

Mələmə, quzum, mələmə.

 

VAHİMƏLİ GECƏ

Zülmət deşir gözlərimi,

Gözümdən yaş çıxarır.

Bu gecə şeytan şərimi?

Mən necə baş çıxarım?..

 

Oyaq tək oyaq deyiləm,

Yuxulu tək yuxulu.

Kölgələr gəlir üstümə

Vahiməli, qorxulu.

Zəncirini qırır köpək

Hikkəsindən, hovundan.

Az qalır bağrım yarıla

Bu gecənin xofundan.

Harda itib, çənmi udub,

Nə olubdu Ayına?

Haray çəksəm tapılarmı

Bir hay verən hayıma?

Tərsinəmi çevrilibdi

Göydə ulduz tabağı?..

Artır zülmət... görünməyir

Bu gecənin sabahı...

 

     AĞIR YUXU

Belə ağır yuxu olmaz,     

Vallah, məni qara basır.

Bir namərd bir yol öləni

Alıb bir də gora basır.

Anlamıram nədir bu sirr:

Nə ölü, nə də diriyəm.

Yanımda qoyunlar gəzir,

Mən də qoyunun biriyəm.

 

Üzümə hey su çırpıram,

Bəlkə ayılam, oyanam.

Görürəm heç fərqi yoxdur,

Elə bir fağır qoyunam.

 

İlahi, sənin qarşında

Nə günahım olub, axı,

Çırpılıb sınır başımda

Gündə yüz çoban çomağı?..

Zalım qəssab gör nə kəsir!..

Girələyir xata məni.

Yoxmu bir Allah bəndəsi

Qışqırıb oyada məni?..

          

    GƏLİB-GƏLİB AXIRDA

Yol aldım yol yanınca, bəlkə yola yol qoşam,

Bir də baxıb gördüm ki, qabağımda yol qoşa.

Bu yollar ayrıcında indi çaşıb qalmışam,

Gəlib-gəlib axırda gör harda axşamladım.

Baxt başıma əl çəkdi, Araz boyuna düşdüm,

Canımdan can ayrıldı, canım hayına düşdüm.

Bu qarışıq zamanda əcəb oyuna düşdüm,

Gəlib-gəlib axırda gör harda axşamladım.

     

Bu su elə bulanıb durulmasından keçib,

Xeyirin də arğacı, Şər ilməsindən keçib.

Puç ümidin bar tutub dərilməsindən keçib,     

Gəlib-gəlib axırda gör harda axşamladım.

 

Tale oyun oynadı, sirri düyündə qoydu,

Çoxlarını çaşdırıb, əli üzündə qoydu.

Məcnun baxtım məni də Leyli düzündə qoydu,               

Gəlib-gəlib axırda gör harda axşamladım.

 

Canı yanan mində bir, zalım yüz-yüz, zalım çox,    

Dilbilməzlər yanında söz deməyə dilim yox.

Önüm dağa dirənib, geriyə də yolum yox,

Gəlib-gəlib axırda gör harda axşamladım.

 

        GÜMANIM

        Balaca Azadıma

 Böyüklərə mən nə deyim?

 Böyüklər anlamaz məni.

 Gəl dərdimi sənə deyim,

 Sən duyarsan bir az məni.

Təzə-təzə dikəlirsən,

Təbəssüm alır çöhrəni.

Sən dünyaya yol gəlirsən,

Dünya yola salır məni.

Öpüşlərdən üzün yanır,

Hələ yerin isti qucaq.

Qucaq sanma bu dünyanı,

Hər vaxt belə olmayacaq.

Sevgisini gördüm mən də,

Sevgisi dərin olmadı.

Daraldı mən böyüyəndə,

Heç yerdə yerim olmadı.

Səni necə başa salım

Nə dərddi dərdim biləsən.

Dostlar çıxdı mənə zalım,

Dost nədi, hardan biləsən.

Doğru söyləmək istədim

Yalan sevən qulaqlara.

Hamı məndən kənarlaşdı,

Qaçdı, qaçdı uzaqlara...

Dövrəm «hədiyyə» umanlar,

Özünə «yiyə» umanlar...

Məndən mədhiyyə umanlar

Sıxdı məni bucaqlara.

  

 Böyüyərək hər qaraltı

 Sıxlaşdı, başda yer aldı.

 Qaraldı, dünyam qaraldı,

 Həsrət qaldım işıqlara.

 

 Ahılların baxışı buz,

 Cavanlara nə əyri-düz?..

 Bir gümanım qalıb yalnız

 Uşaqlara... uşaqlara!..

    

     GÖYƏRİR

Çəpər basıb bağbanımız,

Hər şey çəpərdən göyərir.

«Bəxtəvərik», ağ günümüz

Qara xəbərdən göyərir.

Düşmüşük əcəb kələyə,

Dəni vermişik küləyə,

Ruzumuz gəlmir ələyə,

Elə xəlbirdən göyərir.

Gözlənilən gözdən itir,

Əkilən tərsinə bitir.

Bilmirsən yerdən nə itir,

Ölü qəbirdən göyərir.

Doğulduqca şər balamız

Dünya olur Kərbalamız.

Hər dərdimiz, hər bəlamız

Andır səbrdən göyərir.

   

         BELƏ DÜNYADA

Düzələcəyini guman elədim,

Çoxunu özümə yaman elədim.

Axırda dad çəkdim, aman elədim,

Gülünc tək salındım ələ dünyada,

Mənim nə işim var belə dünyada.

Bağlanıb yolumuz, yolaqlarımız,

Atdan zirək olub ulaqlarımız.

Gör nələr olacaq, qulaqlarımız

 Nələr eşidəcək hələ dünyada.

Mənim nə işim var belə dünyada.

 

Arası çox sazdı zurna, dəf ilə,

Mahnısı, şüarı, sözü: «Kef elə!»

Dilim də dönməyir, tanrım, əhf elə,

Ar, namus satılır pula dünyada.

Mənim nə işim var belə dünyada.

Kiminin mərmərdən evi, eşiyi,

Kimi aramada siçan deşiyi.

Baxırsan hər şeyi-iti, pişiyi,

İnsanı yüyürür yala dünyada.

Mənim nə işim var belə dünyada.

Abırsız dövranda abırım gedib,

Dözümüm qalmayıb, səbirim gedib.

Durum hər üzünə tüpürüb gedim,

Sonrası nə ola-ola dünyada.

Mənim nə işim var belə dünyada.

        

 ARAM OL, ÜRƏYİM

Boğuldum qəmlər əlində,

Öldüm hüzündən, hüzündən.

 İçimdə tonqal qalanıb

Dərdin özündən, özündən.

 

Alovlanır buğur-buğur,

Canımı yandırıb-yaxır.

Tüstüsü başımdan çıxır,

Odu gözümdən, gözümdən.

Könlüm bir saz soraqladı,

Əl vurdum, simlər ağladı.

Ya Rəbbim, kimlər ağladı

Mənim üzümdən,-üzümdən?..

 

Aram ol, ürəyim, aram,

Niyyətimə gərək varam.

Bu taledir, qaçammaram

Alın yazımdan,yazımdan.




Ana səhifəyə qayıt        Baxış: 1 580          Tarix: 21-06-2017, 15:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma