Vüqar Məmmədov: “Bizə qarşı olan munasibət nəinki pisdir, hətta deyərdim ki, düşmənçilik səviyyəsindədir”
“KİVDF-də bizə xəbərdarlıq olunacağı ilə bağlı məlumat var idi”
“Bunlar hələ başa düşmürlər ki, haqq yeyənin cəzası çox ağır olur”
“Bu gün ölkə mətbuatı dar ağacından gözünü ölüm fərmanını oxuyacaq adamın ağzına dikib, başına nə vaxt ip keçiriləcəyini gözləyən bir məhkuma bənzəyir. Amma şükürlər olsun ki, bu məhkumların içərisində hələ də öz ölüm fərmanını mərdi-mərdanə gözləyən igid oğlanlar var”
İyulun 22-də - Milli Mətbuat günündə 255 nəfər jurnalist, yazıçı və media sahəsində çalışan digər şəxslər prezident İlham Əliyev tərəfindən mənzillə təmin edildi. Qeyd edək ki, İ.Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı olmaqla, 255 mənzil var.
Dəyərli oxucularımıza bəlli olduğu kimi, Baş Prokurorluq tərəfindən “Hürriyyət”ə xəbərdarlıq edildiyindən, qəzetimizin əməkdaşları hələ 1 ay öncədən ev almaq hüququndan məhrum edilmişdi. Bununla belə, uzun müddət mətbuatda çalışan və illər öncədən öz imzasını cəmiyyətdə təsdiq etdirən xanım əməkdaşlarımızdan biri öz hüququndan istifadə edərək, fərdi qaydada müraciət etmişdi. Lakin, təəssüf ki, həmin əməkdaşımıza nəinki ev verilmədi, hətta Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) onun sənədlərini Prezident Administrasiyasına göndərməyə belə, ehtiyac görmədi.
Odur ki, “Hürriyyət”ə qarşı bu ögey münasibətin səbəbini qəzetimizin baş redaktoru Vüqar Məmmədli ilə söhbətimizdə aydınlaşdırmağa çalışdıq.
- Vüqar bəy, jurnalistlərin mənzillə təmin edilmə proses artıq başa çatdı və biz “Hürriyyət” olaraq yenə də kənarda saxlanıldıq. Siz qəzetimizə qarşı bu qərəzli mövqenin səbəbini aydınlaşdıra bildinizmi?
- Təbii ki, tam aydınlaşdıra bilmədik. Amma əmin olduq ki, bizə qarşı olan munasibət nəinki pisdir, hətta deyərdim ki, düşmənçilik səviyyəsindədir.
- Sizcə, bu düşmənçilik münasibətinin gökündə nə durur?
- Bilirsinizmi, bu gün ölkə mətbuatı dar ağacından gözünü ölüm fərmanını oxuyacaq adamın ağzına dikib, başına nə vaxt ip keçiriləcəyini gözləyən bir məhkuma bənzəyir. Amma şükürlər olsun ki, bu məhkumların içərisində hələ də öz ölüm fərmanını mərdi-mərdanə gözləyən igid oğlanlar var. Bax, bunların çalışdığı da odur ki, bu cür insanlar olmasın. Çox təəssüflər olsun ki, bu belədir.
- Baş Prokurorluğun xəbərdarlığını qərəzli adlandırdınız. Bunu nəyə dayanaraq belə əminliklə deyirsiniz?
- Tamamilə düz buyurursunuz. Təbii ki, əlimizdə heç bir əsas olmadan prokurorluğu qərəzçilikdə ittiham etmək düzgun olmazdı. Amma bizim ittihamlar tamamilə əsaslıdır. Nəzərə alın ki, prokuroluğun xəbərdarlığı mənzillərin sənədlərinin yığılması ərəfəsinə təsadüf etdi. Xəbərdarlıqdan bir neçə gün əvvəl biz artıq məlumat almışdıq ki, kimləri bu prosesdən kənarda saxlamaq istəyirlərsə, onlara xəbərdarlıq olunacaq. Artıq KİVDF-də bizə xəbərdarlıq olunacağı ilə bağlı məlumat var idi. Çünki biz onlardan redaksiyada keçiriləcək iclasın vaxtını soruşanda, təəccüblə bizdən soruşdular ki, sizə hələ xəbərdarlıq verilməyib?! Bu da o anlama gəlir ki, ssenari əvvəlcədən hazırlanmışdı.
- Belə çıxır ki, elə bu işlərin başında KİVDF dayanır, eləmi?
- Yox, elə demək istəmirəm, hələlik. Çünki bu haqda əlimdə faktım yoxdur. Amma hər halda araşdırırıq. Yəqin ki, bu yaxınlarda tam dədiq məlumat əldə edəcəyik.
- Dediniz ki, əlinizdə əsaslar var. Nədir bu əsaslar, bilmək olarmı?
- Əsas budur ki, bizə xəbərdarlıq verilməsinə səbəb göstərilən yazıların heç biri “Hürriyyət”in yazısı deyildi. Bu yazılar başqa saytlardan istinadla gotürülən və məhkəmə prosesindən hazırlanan yazılar idi.
- Bəs, onda “Hürriyyət”ə niyə xəbərdarlıq olunurdu?
- Elə maraqlısı da odur da. Yazını yazan qalıb qıraqda, istinad edənə xəbərdarlıq edirlər. Bu fakt özü onu göstərir ki, xəbərdarlıq sifarişli idi. Yoxsa, o yazılar həqiqətən də dövlət maraqlarına zərbə vuracaq qədər ciddi yazılar olsaydı, onlara da xəbərdarlıq olunardı.
- Necə yəni, onlara xəbərdarlıq edilmədi?
- Yox, əksinə hərəsinə 4 mənzil verdilər.
- Vüqar bəy, bəs onda xəbərdarlığı necə əsaslandırdılar axı, bir halda ki, yazının altında istinad olunan mənbənin adı verilir...
- Tamamilə düz buyurursunuz. Cənab Rüstəm Usubova siz dediyiniz kimi dedim. Aldığım cavabsa dəhşətli idi. Mənə cavab verdilər ki, istinad etdiyiniz mənbənin adını yazının əvvəlində qeyd etməli idiniz, amma siz yazının sonunda qoymusunuz. Bilirsiz, bu, nə deməkdir? O deməkdir ki, sizə iki dunya bir olsa da xəbərdarlıq verəcəyik. Yəni “bizi bağışlayın, “zakaz” yuxarıdandır”.
- Xəbərdarlıqdan sonra bu məsələ ilə rəsmi qurumlarla əlaqə yaratmağa cəhd etmədiniz?
- Dərhal bu qanunsuzluqla bağlı Prezidentə, Birinci vitse-prezident Mehriban xanıma, Prezidentin köməkçisi Əli Həsənova və baş prokuror Zakir Qaralova məktub ünvanladım...
- Nə cavab aldınız?
- Çox təəssüflər olsun ki, heç birindən cavab gəlmədi.
- Bəs bu susqunluq sizi narahat etmədimi, heç onları qınamadınızmı ki, ölkənin ən böyük qəzetlərindən birinin başına oyun açırlar, amma onlardan bir cavab yoxdur?!
- Açığını desəm, həm qınadım, həm də yox.
- Anlamadım, bu necə olur?
- Qınamıram ona görə ki, bu insanlar ölkənin idarə edilməsində mühüm vəzifə tutan şəxslərdir, yəni bu cür kiçik məsələlərlə məşğul olmağa faktiki olaraq vaxtları çatmaz. Qınayıram ona görə ki, belə həssas məsələlərdə inandıqları adamlar bu cür möhtəşəm kampaniyaya öz çirkin əməlləri ilə kölgə salırlar. Hansı ki, buna bir növ prezidentə qarşı sobataj da demək olar.
- Onda belə çıxır ki, bu "qəhrəmanlar" qalib çıxdılar...
- Üzdə görsənən odur. Onlara da elə gəlir ki, qalib gəliblər. Amma bir şeyi unudurlar. Hansısa bir prosesin müəyyən mərhələsini əllərindəki riçaqlardan istifadə etməklə öz xeyirlərinə həll etmək ümumilikdə qalibiyyət sayılmır.
- Demək istəyirsiniz ki, haqq yemək cox çətindir?
- Təbii ki, çətindir. Amma bunlar hələ başa düşmürlər ki, haqq yeyənin cəzası çox ağır olur. Cənabi Haqq belə buyurur: “Mən onların qəlblərini möhürləmişəm”. Sözsüz ki, anladıqları vaxt çox gec olur.
- Yəni haqq yeyənlər həm də bu dünyada cəzalanırlar...
- Əlbəttə, cəzalanırlar. Bir vaxtlar bəzilərinin qılıncının dalı da, qabağı da kəsirdi. İndi bir hissəsi cəzalarını alandan sonra xaricdə, bəziləri ev dustaqlığında, bəziləri isə hələ də türmədədir. Əgər fikir versəniz, görərsiniz ki, bir qismi də hakimiyyətdə olsalar belə, ciddi xəstəliklərdən - biri şəkərdən, biri təzyiqdən, biri ürək problemindən, biri prostatdan və s. əziyyət çəkir. Sadəcə möhürləndiklərindən heç nə anlamırlar.
- Zatən anlasalar, “gözü çıxmış qardaş”larından dərs götürərlər...
- Əlbəttə, bir vaxtlar onlar da bunlar kimi mətbuata xor baxırdılar. Amma gün gəldi, elə məhv etməyə çalışdıqları qəzetlərdən imdad diləməyə başladılar. İnanıram ki, bunlar da belə olacaq. Gün gələcək, içəridən “bizi bağışlayın, səhvimizi başa düşmüşük, bizə yardım edin” deyib dil tökəcəklər. Çünki indi bizlərin haqqını yeyərək bəslədikləri qəzet və saytlar gün gələcək elə əqrəb kimi onların özlərini çalacaq.
- Yeri gəlmişkən, dünən Əli Həsənov da çıxışında dedi ki, bəziləri komissiyanın işinə kölgə salmaq istəyir. Siz bu haqda necə düşünürsünüz?
- Mən başqalarını deyə bilmərəm, ola bilər ki, kimlərsə komissiyanın işini bütövlükdə qaralasın. Təbii ki, bu insafsızlıq olardı. Siyahının içində elə insalar var ki, onların haqqını heç kim dana bilməz. Onlar uzun illərdir ki, bu sahədə can qoyublar. Mənzil də onların halal haqqıdır. Bizim davamız mətbuatı ikiyə bölüb “ağlara hər şey, qaralara heç bir şey” devizi ilə bu işləri yürüdənlərlədir. Bəli, komissiya bir yerə qədər müstəqildir. Amma qalanı sifarişlədir. “Sən xoşuma gəlirsən, sənə 4-8 mənzil, sən isə xoşuma gəlmirsən, kənarda dur və sus. Susmasan da səni “xoxan” kimi təqdim edəcəyəm”. Biz buna qarşıyıq. Hamı bilməlidir ki, bütün bu mükafatlar heç bir ayrı-seçkilik göstərilmədən ölkə başçısı tərəfindən əvəzsiz olaraq mediaya verilən bir dəstəkdir. Bu mükafatın onlara heç bir aidiyyatı yoxdur. Lakin çox təəssüf ki, bəziləri bunu bizlərə minnətli formada vermək istəyir. Və bununla da demək istəyirlər ki, burda qərar verən yardımı ayıran yox, yardımı bölüşdürəndir, yəni əsas bizik, biz istəməsək, siz bütün yardımlardan məhrum olarsınız. Yenə də deyirəm, təəssüf ki, çox vaxtı onlar haqlı çıxırlar.
- Bəzi saytlarda kifayət qədər narazılıqlar var. Onlara necə, haqq verirsiniz?
- Bilirsiniz, narazılar iki hissəyə bölünüb. Bir hissə öz haqlarını tələb edənlərdir, digər hissə də hay-küyçülər. Küyçülərin işi suyu bulandırıb, qənimət əldə etməkdir. Bunlara ordan nə pay düşsə, razı olacaqlar. Çünki bunlar haqsız olduqlarını bilirlər. Amma digərləri haqlı olduqlarına əmin olduqları üçün mucadilə edirlər.
- Məsələn, haqlı deyəndə kimləri nəzərdə tutursunuz?
- Məsələn, Elxan Şükürlü, Elnur Məhərrəmli, Anar Həsənli, Heydər Oğuz, İsamayıl İsmayılbəyli, Əvəz Zeynallı, Zülfüqar Hüseynzadə, Kənan Həsənli, Cəsur Məmmədov, Ləman Əliəşrəfqızı, Azadə Balayeva. Bu siyahını daha da uzatmaq olar.
-Niyə məhz adlarını çəkdiyiniz jurnalistlərin mənzil alanlardan daha üstün olduğunu düşünursünüz?
- Yox, düz anlamadınız. Düşünmürəm ki, bu belədir. Adlarını çəkdiyim insanlar 20 ilə yaxındır ki, mətbuatda can qoyurlar. Bu insanlar tək yazar deyillər, eyni zamanda rəhbər vəzifələrdə çalışırlar. Olkə mətbuatına onlarla jurnalist yetişdirib veriblər. İndi necə olur, yetişdirdiyi jurnalist ev alır, amma komissiya deyir ki, bunların kriteriyası uyğun gəlmir?! Əgər kriteriyalar uyğun gəlmirsə, açıq deməlidirlər ki, uyğunsuzluq hardadır. Bax, budur ədalətsizlik. Buna necə qarayaxma demək olar?!
- Vüqar bəy, onsuz da bu kampaniya başa çatdı, necə deyərlər, alan aldı, satan satdı. Bəs, sonda nəsə demək istərdiniz?
- Bizdə belə bir deyim var. Biri başqasının işinə pəl vuranda ona qarşı etdiyi pisliklə öz məqsədinə çatanda, qarşı tərəf ona “pislik yiyəsi” deyər. Mən də deyirəm, ey pislik yiyələri, gözunuz aydın, istəyinizə çatdınız, “Hurriyyət”i uzaqlaşdırmağa nail ola bildiniz, indi rahat-rahat oturub barmaqlarınıza xına qoya bilərsiniz!
RƏŞAD
Qeyd: Dünən KİVDF prezidentin 2017-cı il 19 iyul tarixli "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması haqqında” Sərəncamına əsasən qəzetlərə birdəfəlik maliyyə yardımı ayırıb. Bu siyahıda 27 qəzetin adı yer alsa da, “Hürriyyət” yenə də kənarda saxlanılıb. Həmin siyahı axşam saatlarında açıqlandığından, “Hürriyyət”in baş redaktorunun bu məsələyə münasibətini öyrənə bilmədik. Bununla belə, dəyərli oxucularımız Vüqar Məmmədovun KİVDF-nin qəzetlərə ayırdığı maliyyə yardımı ilə bağlı mövqeyini bu gün Hurriyyet.org saytında oxuya bilərlər.
Paylaş: