Xəbər lenti
  


 Dövrümüzün yaşayan klassiki Musa Yaqub istedadlı şair Kəmaləddin Qədim haqqında gözəl bir məqalə yazıb. Ustad xeyir-duası hesab etdiyimiz bu yazını Ovqat.com oxucularının nəzərinə çatdırır, biz də öz növbəmizdə Kəmaləddin Qədimi həm yubileyi, həm də ustad iltifatına layiq olması münasibətilə təbrik edirik:


  Xeyli vaxt bundan əvvəl “Ulduz” jurnalını vərəqləyirdim. Burda silsilə şeirlərə rast gəldim. Bu şeirlər çox xoşuma gəldi. Təzə fikirlər, təzə gəzişmələr, poetik duyğular məni aldı. Müəllifi ilə maraqlanmalı oldum.
  Gördüm ki, bu yeniliklərlə dolu poetik sətirlərin müəllifi Kəmaləddin Qədimdir. Mənim indiki bu yazdığım fikirlərsə, əslində Kəmaləddin Qədimin şeirləri üzərində gəzişmələrimdi.
  Şeirləri oxudum. Xoşuma gəldilər. Jurnalda onların yerini qatlayıb nişanladım. Elə bildim o şeirlər jurnalın vərəqlərində darıxır – oxunmaq istəyir. Ürəyimdə də oxunmaq istəyir. O şeirləri oxumaq istədiyimə və o şeirlər də oxunmaq üçün darıxdığına görə Qulu Ağsəsə zəng elədim:
  – Ay Qulu, salam! Axır vaxtlar “Ulduz”da yaxşı şeirlər çap eləyirsən, maşallah! Həmişə belə elə. Mən orda Kəmaləddinin şeirlərini oxudum. Çox xoşuma gəldi. Mən Kəmaləddinin başqa şeirlərini də oxumuşam. Çoxdankı şeirlərini. Onlar başqa şeirlərdi. Sən indi onun telefon nömrəsini mənə ver, onunla danışmaq istəyirəm.
  Qulu dedi ki, Kəmaləddinin nömrəsi onda yoxdu. Amma mənim telefonumu ona verər. Beləcə, bir neçə gündən sonra Kəmaləddin Qədim mənə telefon açdı. Buna qədər biz heç vaxt zəngləşməmişdik, görüşməmişdik. Dedim ki, ay Kəmaləddin, bunlar gözəl şeirlərdi, həmişə belə yaz. Müəyyən şeirləri haqqında danışdım, söhbət etdik. Gördüm ki, sözlərim onun xoşuna gəldi, bir az qanadlandı. Fikirlərim onu ilhamlandırdımı, daha hansı duyğuları yaşadı, bunu dəqiq deyə bilmərəm. Amma bu sözləri dilə gətirməkdə məqsədim var. Bizim poeziyada belə “darıxan misralar”ın sayı çoxdu. Bunları bir-birimizə demək, bir-birimizi fərəhləndirmək, bir-birimizdən öyrənmək, fikirlərimizi, duyğularımızı bölüşdürmək mənasında dilə gətirirəm.
  Bu şeirləri oxuyandan sonra yadıma ötən əsrin 70-ci illəri düşdü. Bu illərdə poeziyaya həvəs göstərənlər çox fəal idi. O zaman bizləri şeiri kimin yazması yox, şeirin yaxşı yazılması düşündürür, ayıldırdı. Yaxşı şeirləri bir-birimizə muştuluq kimi çatdırırdıq. Şeirin kim – hətta xatirini istəmədiyin şair tərəfindən yazılmasından asılı olmayaraq. Məsələn, belə mükalimələr çox olardı: “Əli Kərimin “Daş” şeirini oxudunmu?” Qarşındakı da deyirdi ki, əlbəttə oxudum, gözəl şeirdi. Yaxud, “Vilayət Rüstəmzadənin “Zəngli saat” şeiri də, maşallah, adamı lap yazmağa ruhlandırır”. Və ya “Məmməd İbrahim Məmməd Araz təxəllüsünə keçəndən sonra çox gözəl şeirlər yazır. Onun dünya haqqında və başqa poetik fikirləri lap məni aldı”.
  “Amma Əliağa Kürçaylı “Azərbaycan” jurnalındakı silsilə şeirləri ilə qan eləyib ha… Görürsən, şeiri belə yazarlar: qısa, məzmunlu və gözəl”. Doğrudan da o vaxt şeirlər çox gözəl idi. Məsələn, onun belə bir şeiri var:
Ey ağaca bıçaq çəkən,
Tanımıram mən səni.
Amma adam öz eşqiyçün
Yaralamaz özgəni.

  Yəni baxmayaraq ki, iki sevənin baş hərfləri bıçaqla həkk olunub, amma bu adlar o ağacı zədələyib. Böyük şeydi. Adi sözlə çox gözəl məzmunlu bir fikir yaradıb. Yaxud, həmin müəllifin “Qala” poeması o dövrdə bütün cəmiyyətə bir mesaj idi. Yalnız özünü düşünən, yalnız özü üçün yaşayan, sevgilisini də aldığı qala içində yaşadan, ancaq özləri üçün yaşayan insanların gələcəkdə də yaranacağı mesajını verirdi. Baxın, indi o qalalar necə böyüyüb, villalara çevrilib, dənizimizi, meşələrimizi hasarlayaraq görünməz edib, insanları buna həsrət qoyub, gözümüzü dənizdən, özümüzü meşədən, sözümüzü bulaqdan ayrı salıb. Ona görə də belə “darıxan sözlər”i poeziyadan daim oxumağımız lazımdı.
  Əlbəttə, bunlar hamısı sovet dövründən qalma poeziya nümunələridi. Bəs indi necə? Söz indi də fəaldımı?
  Yəni, bu fəallıq Sovet hakimiyyəti, Sovet zorakılığı vaxtında yaranmışdı. Baxmayaraq, bəzən söyləyirlər ki, Sovet dönəmində poetik şeirlər yaranmayıb, ədəbiyyat yalnız şüarçılıqdan ibarət olub-filan, bunlar yalan sözdü. Həmin şüarçılıqla, ritorika ilə birlikdə çox gözəl ədəbi nümunələr yaranıb. Səməd Vurğunun, Rəsul Rzanın, Osman Sarıvəllinin və başqalarının şeirlərində poetik fikirlər daha çox idi. Məsələn:
Bu dumanlı dağın başı mən olsam,
Dibinin ağlayan daşı mən olsam,
Bir sərxoş əcəlin əlindən düşüb
Nə zaman qırılan kaşı mən olsam,
Şair yeni-yeni sözlər bulacaq,
Təbiət qaldıqca şeir olacaq.

  Şair bu misralarla deyir ki, şeir bizimlə yol gedir, şeir həmişə olacaq. Amma sözün poetikliyi isə birinci idi. Nə olsun ki, məsələn, Müşfiqin:
  “Əyil Kürüm, əyil keç,
Dövran sənin deyil, keç”

  – fikirlərinə görə onu ittiham edirdilər ki, necə yəni, dövran sənin deyil, Kürün dövranı nə deməkdir? Bu Sovet dövranıdır, ancaq bu dövrandan yazmaq lazımdı. Bu sözlərə görə Müşfiqi ittiham etdilər, gülləyə tutdular, öldürdülər. Onlar getdi, dövran da getdi. Sovet hakimiyyəti də, onun dövranı da, onun ritorik şeiri də getməyə başladı. Amma yenə də yaşayan, qalan narahat misralar – oxunmağa möhtac sətirlər oldu. Yəni əslində şeiri, sənəti, poetik sözü ustad sənətkarlar qiymətə mindirir və yaşadır.
  Bəs indi? Adını çəkdiyimiz dövrandan sonrakı müstəqillik illəri? Bu illərdəki coşqunluqla şeirin özünün də coşqunluq illəri başladı. Müstəqilliyə həvəs zamanlarında, 80-90-cı illərdə ədəbiyyatın özü də yeniləndi. Şairlər daha təzə sözlər, azadlığa yol açan gözəl şeirlər yazmağa çalışdılar. Amma təəssüflər olsun ki, bu illərdən başlayaraq şeiri sanki asanlaşdırdılar. Elə bildilər ki, elə kim istəsə, hər əlinə qələm alan şeir yaza bilər. Əslində elə deyil axı… Tutalım, yuxarıda misal çəkdiyimiz Mikayıl Müşfiqin şeiri. Bu təkcə poetik ifadə deyildi, həmçinin şairin dövrana, zamana qarşı deyilən sözü idi. Bu, təxminən belə demək idi:
  Ağ salıb gözümə pambığın ağı,
Açımmı sandığı, töküm pambığı,
Açsam öldürərlər, açmasam ölləm.

  Sandığı açanda məlum olurdu ki, burada doğrudan da zəmanəyə qarşı deyilən sözlər var. Bu sözlər poetikliyindən çox cəsarət yükünə görə xalqın, oxucuların xoşuna gəlirdi.
  Amma dövran dəyişdikcə bu şeirlərin çoxu çılpaqlaşdılar. Artıq belə cəsarətli sözləri demək adiləşdi. Bax, təzə poeziya onda yarandı. Yeni gəzişmələr, yeni məzmunlar, yeni formalar… Təəssüf ki, hamı bir sərbəstlik tapdı. Baryerlər, qadağalar götürüldü və hamı dedi şeir yazmağa nə var ki… Başladılar – kitablar çox, təqdimatlar çox, sözlər çox, poeziya isə yox… Burda gileylər əmələ gəldi və “darıxan misralar” başladı yenə də çoxalmağa. Oxunmağa həvəs göstərən misralar yenə qaldı kitabların içərisində. Çünki yaxşı pisə, pis yaxşıya qarışdı, onları ayırmaq çox çətin iş oldu. Onların içində qəribə bir şeir bazarı – hər şeyi maddiyyatda görən şeir bazarı formalaşdı. Şeir satıldı. Yəni nə mənada…sözlə satıldı… şeir bazara çıxarıldı. Amma şeirin bazara salınmağına biz öyrəşməmişdik. Bir sözlə, maddiyyatı qabağa saldıq, mənəviyyat arxa planda qaldı.
  Xatırlayırsınızsa, o dövrün bir qınaq sözü vardı: əvvəl gödəniyyət, sonra mədəniyyət. Məmməd Araz demişkən, “nəfsi gödəninə calaq millətin”. Yəni, doğrudan da nəfsi gödəninə calaq olanlar əsl poeziya yarada bilmədi. İndi mən ona görə deyirəm ki, Kəmaləddinin “Ulduz” jurnalında çap olunan şeirlərini gərək darıxqanlıq çəkməyə qoymayaq. Yəni, burada çox poetik suallar yaranır. Məsələn, Kəmaləddinin şeirində belə misralar var:
  Qalmasa da o dağların havası,
Qalır ancaq qarı mənim başımda.
Gözlərində ağ çiçəkmi saçlarım,
Nə fırlanır arı mənim başımda?

  Doğrudanmı, hələ arılar da, insanların beyni də ayılmayıb, hər şey qarışıbdı? Arı insanın saçına qonur, elə bilir ki, bu saçlar hələ çiçəkdi, güldü. Bu qarışıqlıq var, bu narahatçılıq var, bu suallar yeni – darıxan misralar yaradıb.
  Elə götürək Naxçıvan Ədəbi Birliyini. Bilirik ki, Naxçıvan qədim yurd yerimizdi. Dünyanın mədəniyyət mərkəzlərindən biridi. Burada Nəsirəddin Tusi, Memar Əcəmi kimi dahilər yetişib. Burada dünyəvi şair olan Hüseyn Cavid yetişib. Cavidi Sibirə göndərənlər hələ səsini çıxara bilmir. Hər şey aydınlaşandan sonra yenə də bir qarışıqlıq əmələ gəldi. Nədi bu qarışıqlıq? Sovet dönəmində Naxçıvanda da poeziyaya bir məhdudiyyət vardı (Kəmaləddin Naxçıvanda doğulduğu üçün bunu deyirəm), hamının başının üstündəki o rejim hətta heç nə deməsə də, çap eləmirdi. Elə bu kifayət idi söz, sənət adamları üçün. Amma həmin dövrdə Müzəffər Nəsirli, Hüseyn Razi və başqa şairlərin ritorikasından sonra şeirlərindən yeni fikir şüarları yaranırdı. Burada poeziyada fəallaşan Məmməd Araz, Kəmaləddin Qədim, Adil Qasımov, Xanəli Kərimli kimi şairlər poeziyanın yeni yolunu tutub yazmağa başladılar. Onların birinci arzusu o idi ki, yazdıqları kitabların arasında qalıb darıxqan olmasın. Bəziləri Bakıya üz tutdu, misralarını yaydı, yazdıqlarını darıxqanlıqdan çıxardı. Çünki misralar darıxqan qalmamaq üçün daim hərəkətdə olmalıdır.
  Təzə poeziya, təzə söz, fikir indi hansı mərtəbədədir? “Açımmı sandığı, töküm pambığı”? İndi biz bu dünyəviləşmiş sandığın içərisini açıb o sözü tapa bilirikmi? Aça bilmiriksə necə, onlar kitabların arasında qalırmı?! Azərbaycan poeziyası öz qüdrətini göstərə bilirmi? Bax, bu lazımdı. İndi mən poeziyada nəyi istəyirəm? Poeziyada dikəlmək istəyən, poeziyanı sevən kəs Azərbaycanın milli dilindən, Azərbaycanın mənəvi dünyası ilə tanış olub-olmamağından çıxış eləməlidi. Məsələn, mən elə yenə Kəmaləddin Qədimdən bir misal gətirmək istəyirəm. Bizdə belə bir deyim var. İkiüzlü, xəyanətkar haqqında deyirlər: saman altından su yeridən. İndikilər istəyirlər bunu başqa cür ifadə eləsinlər. Axı necə ifadə eləmək olar? Bu nə saman deyil, nə samanlıq, nə də su. Saman altından axan su nə dəyirman, nə xırman, nə taxıl zəmisi deyil.
Onlardan poetik surətdə qidalanan indi çox azdı. Ona görə də Modernizmə – modern şeirlər yazmağa həvəslənirlər. Necə desin ki, “dəyirmanın boğazından salınıb unluğundan diri çıxsın”, “üstümü unlu görüb adımı dəyirmançı qoyub” və s. Bu sözləri necə poetikləşdirsin? Bu sözlər axı bizim milli mentalitetimizə, yaddaşımıza daxil olan sözlərdi. Gərək dilimizi, keçmişimizi elə mənimsəyək ki, onu qaldırıb ayaq üstdə saxlaya bilək. Kəmaləddində belə gözəl bir bənd var:
  Bu Qərbi yürüdən kimdi,
Bu Şərqi yürüdən kimdi,
Nə fərqi yeridən kimdi,
Sular saman altındadı…

 …Oğullar papaq altında,
Dağlar duman altındadı…

  Bunun həssas tərəfi “nə fərqi yeridən kimdi, sular saman altındadı” hissəsidir. Bunu bəlkə də çoxları başa düşmür. Yəni, indi o qədər ikiüzlülər var ki, o qədər fırıldaqlar, o qədər kinlər, o qədər aldanışlar var ki, xəyanətlər o qədər çoxalıb ki, sular tamamilə saman altındadır. O vaxt suyun altına saman yeridənlərin yanından heç olmasa piyada keçmək olurdu. Yəni, Kəmaləddin gözəl bir fikri, əla bir fikri folklor dili ilə çatdırmaqla bərabər, həmçinin indiki zamana uyuşdurub deyir.
  İndi Kəmaləddinin bütün şeirlərini təhlil etmək fikrində deyiləm. Dediklərim yalnız gəzişmələrdir. Yəni, niyə istəyirəm ki, Kəmaləddinin bu misraları darıxqan misralar olsunlar ki, onu hiss eləsinlər, oxusunlar. O, təpədən-dırnağa şairdi, bütün misraları doludu, bütövdü, ifadələri mükəmməldi və Azərbaycan dilində yazılıb. O, dilimizin ən gözəl xüsusiyyətlərindən istifadə eləyir. Özü də zorla yox, məqsədlə yox. Kəmaləddin özü xalq adamı, el adamı olduğundan, xalqını və onun dilini sevdiyi üçün belə şeir nümunələri ortaya qoya bilir.
 
 Mən Kəmaləddinin 60 illik yubileyi münasibəti ilə bu günlərdə işıq üzü görən – haqqında yazılan məqalələrdən ibarət “Qonaqsevməz dünyanın şairi” və “Burdan ayrılıq keçib” adlı son şeirlər kitabını oxudum. Şairi 60 yaşının tamam olması münasibəti ilə təbrik edərək, təzədən o “Ulduz” jurnalındakı şeirlərə qayıdıb deyirəm ki, Kəmaləddin, həmişə sənin səsin o darıxqan misraların kimi gəlsin poeziyamızdan. Sən ürəklə, ruhla yazırsan. Allah sənin bu darıxqan misralarını bol eləsin və bu misraların ürəklərə, qəlblərə çatsın, oxunmağa elə həmişə darıxqan olsun.
  Düzdür, indi şeir də yaranır, çox gözəl yazan gənclərimiz də var. Amma bizdə gah oxucunu, gah şairləri, gah yazarları günahlandırırlar. Amma günah nədədi? Bayaq dediyim kimi, günah maddiyyatı qabağa salmağımızdadı. Fikir verin, “bakuş”u reklam eləyirlər, amma kitabı yox. Kitabxanalar azalıb. 20 ildir kitabxanalara təzə kitablar daxil olmur. Oxucu hardan oxusun kitabı, şeiri? Kitab ticarəti tam qaydaya düşməyib. Yəni, şair əməyinə oxucu qiymət versə də, maddi qiymət verən yoxdu. Barıya daş qoyan belə axşama pulunu alıb gedir, amma şairin kitabı çıxır, pul verən yoxdu. Axı, bunlar da təsir eləyir yeni-yeni şeirlərin yaranmağına. Gərək qiymət verəsən, üstəlik, misralar oxunmaq üçün darıxmasın. Onun oxunması üçün də həvəs yaratmaq, reklam eləmək lazımdı. Qeyd etdiyim kimi, kitab mağazalarının çoxu yığışdırılıb. Bəs oxucu hardan tapsın kitabı?! Əvvəllər ən azı 5-6 min tirajla şeir kitabları çıxardı. Həmin kitablar satılıb-alınardı. Həmin adamlar yenə var, yenə reklam olunmalıdı ki, alsınlar, oxusunlar, yaxşını pisdən, ağı qaradan seçib ayıra bilsinlər. O seçmə, darıxqan şeirlər kitabların içərisindən çıxarılıb reklamlaşdırılmalıdı ki, millət onu oxusun, bilinsin ki, kim nə yazır. Bax, bu mənada mədəniyyətimizin inkişafına dayaq olan bir qurum, bir təşkilat olmalıdır ki, bütün bunlar formalaşdırılsın, kitab satışında müəyyən qaydalar yaransın. Nəticədə Kəmaləddin kimi şairlərin darıxqan misraları kitab arasında qalmasın.
  Mən heç kəsi – vaxtı, zamanı, şairləri, kimisə mühakimə edib günahlandırmaq istəmirəm. Yəni ki, ittiham etmirəm, öz fikirlərimi söyləyirəm. Bunu bəyənən də olar, təsdiq edən də, bəyənməyən də. Bunları nəzərə almaq lazımdı. Mən gənc istedadlı bir yazar haqqında şeir yazdım. O yazarı da təhqir eləyirlər:
  Təzədən Yesenin asdı özünü,
Təzədən Müşfiqi güllələdilər.


  Yəni SÖZ həmişə güllələnir, düz SÖZ əyilir. Neyləmək olar ki?!
  
 Sənə yeni-yeni yaradıcılıq uğurları arzulayıram, Kəmaləddin Qədim!
  Musa Yaqub
 



Ana səhifəyə qayıt        Baxış: 1 509          Tarix: 21-04-2017, 06:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma