Xəbər lenti

Avropaya qanunsuz gedən miqrantlarla bağlı DGK-dən RƏSMİ MÜNASİBƏT

Bu gün bir sıra kütləvi informasiya vasitələrində Türkiyə Respublikasında fəaliyyət göstərən media orqanlarına istinadən Türkiyə Respublikasının Çorum əyalətinin Osmancıq bölgəsində polis tərəfindən yük yerində Avropaya mühacirət etmək istəyən miqrantların olduğu nəqliyyat vasitəsinin saxlanıldığı, nəqliyyat vasitəsinin qoşqusunda aşkar edilən Azərbaycan Respublikası vətəndaşları və əfqanlardan ibarət 200-dən artıq miqrantın Azərbaycan Respublikasının Bakı şəhərində pul müqabilində nəqliyyat vasitəsinə mindirilərək qeyri-qanuni yollarla Avropaya daşındığı barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, aparılan araşdırma zamanı məlum olub ki, yayılan xəbərə əlavə edilən videoda görüntüləri əksini tapan miqrantların daşındığı 34 DH 9435 dövlət nömrəli nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə ümumiyyətlə daxil olmayıb. Həmin nəqliyyat vasitəsinin 34 EL 322 dövlət nömrə nişanlı qoşqusu isə sadəcə 1 dəfə, 2010-ci ildə Azərbaycan Respublikası ərazisində olub.

Üstəlik hadisə ilə bağlı Tükiyə Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin hazırladığı daha ətraflı reportajlarda jurnalistlərə müsahibə verən miqrantlar nəqliyyat vasitəsindəki insanların əfqan, tacik, türkmən və özbəklərdən ibarət olduğunu bildirir, xəbərdə Azərbaycan və ya azərbaycanlılardan ümumiyyətlə bəhs olunmur.

Dövlət Gömrük Komitəsi bir daha media qurumları və nümayəndələrinə komitənin fəaliyyət sahələrinə aid olan məlumatların rəsmi mövqe öyrənməklə hazırlanmasını və yayımlanmasını tövsiyə edir.




Ana səhifəyə qayıt        Baxış: 619          Tarix: 27-09-2017, 15:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma