Bir ilə yaxındır sərnişinlərin gediş-gəlişini tam məhdudlaşdırmadan metronun “Nizami” stansiyasında davam edən təmir və bərpa işləri başa çatıb.
Publika.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin daxili vəsaiti hesabına həyata keçirilən təmir işləri çərçivəsində stansiyanın yol divarlarının mərmər üzlükləri yenilənib, platformaaltındakı sonradan quraşdırılan arakəsmələr sökülüb, platforma və kollektorun divarları möhkəmləndirilib, xidməti otaqlar müasir tələblərə uyğun təmir olunub.
1976-cı il dekabrın 31-də istifadəyə verilən stansiya geoloji cəhətdən mürəkkəb ərazidə yerləşir. Ötən 40 il ərzində aqressiv mühitin təsiri nəticəsində stansiya qurğuları, konstruksiyaları və dekorativ-memarlıq elementləri, eləcə də digər funksional əhəmiyyətli avadanlıqlar tamamilə yararsız vəziyyətə düşmüşdü. Havalanma sistemi kifayət qədər səmərəli olmadığına görə dağıdıcı proseslər daha sürətlə davam edirdi. Buna görə də əsaslı təmirə və bərpa işlərinə gərək vardı.
Stansiyanın divarlarında Nizami Gəncəvinin portreti və ölməz “Xəmsə”sinin motivləri əsasında işlənmiş 19 panno bərpa edilib. Bu işlə mozaik təsvirlərin müəllifi SSRİ xalq rəssamı, professor Mikayıl Abdullayevin tələbəsi Zöhrab Cabbarov, keramikaçı Elçin Cabbarov və mərmər üzrə mütəxəssis Nizami Vəliyev məşğul olublar.
Pannoarxası elementlərin təmiri üçün xüsusi hazırlanmış qurğu vasitəsilə pannolar 2-3 metr irəli çəkilib. Sonra pannonun arxa hissəsinin köhnə izolyasiya qatı dağıdılıb, müasir izolateks, silikon və keramik sement qatışığının çəkilməsi ilə rütubətə davamlı və daha etibarlı bir qat yaradılıb. Artıq orta zal bütünlüklə yeni mərmər libasa bürünüb. Keçidlərin yeni mərmər üzlükləri, həmçinin oradakı şəbəkələr də tamamilə yenilənib.
Metronun “Nizami” stansiyasındakı işlər görkəmli şairin yaxınlaşmaqda olan yarıməsrlik yubiley ərəfəsində Bakı metropoliteninin şəhər sakinləri və onun qonaqlarının istifadəsinə verilib.
Qeyd edək ki, “Nizami” stansiyasında eskalatorların istismar müddəti 2025-ci ildə başa çatacaq.
Buna görə də stansiyada istifadədə olan eskalatorların dəyişdirilməsi və vestibülün əsaslı təmiri gələcəkdə həyata keçiriləcək.
Könül Cəfərli