Ağdam rayonunda baş vermiş zəlzələ nəticəsində dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı araşdırmalar davam edir.
Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib. İcra başçısı bildirib ki, hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və rayon icra hakimiyyətində yaradılmış komissiya üzvləri bütün kəndlərə baş çəkir, müraciətlər dəqiqliklə yoxlanılır: "Müraciətlər çoxdur. Bütün müraciətləri araşdırırıq. Zəlzələ vaxtı cüzi də olsa, ziyan dəymiş evlərlə də bağlı akt tərtib edilir və vətəndaşın müraciəti araşdırılır".
R.Məmmədov bildirib ki, Ağdamda zəlzələ nəticəsində ziyan çəkən ev və obyektlərin bəziləri sığortalanıb: "Həmin mənzillər sığorta şirkətləri tərəfindən bərpa ediləcək. Zəlzələdən ziyan çəkən bütün ev və mənzillər bərpa olunacaq. Hələlik araşdırmalar davam etdiyindən zəlzələdən ziyan çəkən evlərin tam sayı məlum deyil".
Qeyd edək ki, noyabrın 15-də Ağdam rayonunda zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata əsasən, yerli vaxtla saat 23:48-də rayon ərazisində 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 5.7 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub.
Digər təkan isə noyabrın 16-da saat 02:02:27-də Bərdə rayonu ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub. Zəlzələ ətraf rayonlarda hiss olunub.
Paylaş: