Xəbər lenti

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərini davam etdirir.

DSX-nin mətbuat mərkəzindən Strateq.az-a verilən məlumata görə, martın 12-də Astara reydində fırtınalı hava şəraiti ilə əlaqədar batma təhlükəsi ilə üzləşən “ŞA-274” bort nömrəli, “Yamaha-48” mühərrikli üzmə vasitəsinin 2 nəfərdən ibarət heyəti tərəfindən Sahil Mühafizəsinin “Kələdəhnə” sahil nəzarəti məntəqəsinə kömək göstərilməsi barədə müraciət edilib:

"Sahil nəzarəti məntəqəsi tərəfindən cənub istiqamətində xidmətdə olan sərhəd gözətçi gəmisi ilə əlaqə saxlanılaraq təhlükədə olan üzmə vasitəsinin koordinatları ötürülüb.

Sərhəd gözətçi gəmisi tərəfindən həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində fırtınalı hava şəraiti və texniki nasazlıq səbəbindən sahildən 10 kilometr məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilib, zəruri xilasetmə əməliyyatına başlanılıb.

Küləyin sürəti saniyədə 23 metr, dalğanın hündürlüyü 3 metrdən çox olan fırtınalı hava şəraitində batma vəziyyətində olan qayıqdakı insanların xilas edilməsi mümkün olub.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən xilas edilmiş şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri Həsənov Süleyman Telman oğlu və Həsənov Əbdülhüseyn Ağasəf oğlu olmaları müəyyən edilib".

 




Ana səhifəyə qayıt        Baxış: 964          Tarix: 13-03-2018, 15:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma