Xəbər lenti


Azərbaycanın qaz hasilatı ilə bağlı mühüm bur yeniliyə imza atılıb. Belə ki, Abşeron yatağında qaz hasilatına başlanıb. Bu mühüm  proseslə bağlı Prezident İlham Əliyev də sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına çıxışında əhəmiyyətli mesajlar səsləndirib: “Bu, doğrundan da, çox əhəmiyyətli hadisədir.

 Çünki faktiki olaraq “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır və əminəm ki, bu mərhələ də uğurlu olacaq və beləliklə, Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə, önəmli addıma imza atacaqdır”.

Prezident bildirib ki, nəhayət, Abşeron yatağında  qaz ehtiyatları aşkarlandı: “Abşeron” yatağının tarixi bir qədər fərqlidir: “Çünki ilk dəfə “Abşeron” qaz yatağı üzrə kontrakt xarici tərəfdaşlarla hələ 1990-cı illərin sonlarında imzalanmışdır. Mən o günləri yaxşı xatırlayıram və bizim “Abşeron” yatağı ilə əlaqədar böyük ümidlərimiz var idi. Çünki bizim geoloqlarımız, xüsusilə Xoşbəxt Yusifzadə tam əmin idi ki, bu yataqda kifayət qədər böyük qaz rezervləri vardır. Ancaq əfsuslar olsun ki, müəyyən müddətdən sonra birinci kontrakta xitam verildi. Onun da səbəbi ondan ibarət idi ki, qazılan kəşfiyyat quyu boş çıxdı.

Xatırlayıram o vaxt bizim görkəmli geoloqumuz Xoşbəxt Yusifzadə demişdi ki, quyunun yeri düzgün seçilməmişdir və xarici tərəfdaşları inandırmağa çalışırdı ki, onlar öz iş proqramına bir qədər düzəlişlər etsinlər. Ancaq əfsuslar olsun ki, onun sözünə baxmadılar. Ancaq yenə də deyirəm, bizdə tam əminlik var idi ki, burada çox böyük qaz ehtiyatları vardır və şadam ki, “Total” şirkəti eyni fikrə gəldi və SOCAR-la müvafiq sənədlər də imzalandı və ondan sonra praktiki işlər aparıldı və böyük qaz kondensat yatağı aşkarlandı və deyə bilərəm ki, bu önəmli hadisə ilə əlaqədar yatağın aşkarlanması ilə əlaqədar ilk xəbəri mənə Xoşbəxt müəllim vermişdir və beləliklə bu gün bizim neft-qaz potensialımızın inkişafı üçün çox böyük resurs əldə edildi”.ə

Dövlət başçısı vurğulayıb ki, bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları vardır: “Amma mən hesab edirəm ki, daha çox olacaq. Çünki artıq bizdə olan təcrübə onu göstərir ki, ehtimal olunan resurslardan daha böyük resurslar üzə çıxır və 100 milyon ton kondensat. Bu da xam neftə bərabər olan bir məhsuldur və beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Onu da bildirməliyəm ki, “Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Çünki buna da ehtiyac var. Artan əhali, artan sənaye bunu tələb edir. İkinci mərhələdə çıxarılacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılacaq. Çünki artıq bu yatağın tam işlənməsi mərhələli yollarla öz həllini tapacaq”.

İlham Şaban
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban vurğuladı ki, “Abşeron” yatağında qaz hasil olunması mühüm hadisədir: “Müstəqillik illərində “Şahdəniz” layihəsindən sonra ikinci ən böyük qaz yatağıdır. Eyni zamanda həmin yataqda çox böyük miqdarda kondensant hasil olunacaq. Hasil olunan qaz ilk növbədə artan daxili tələbatı ödəməyə, daha sonra isə xarici bazara yönəldiləcək. Bu da Azərbaycanın dayanıqlı qaz hasilatçısı  kimi  mövqeyini dünya bazarında möhkəmləndirəcək”.

Azərbaycanın qaz bazarında irəli getməsinin hansısa dövlətləri narahat etməsinə gəlincə, ekspert vurğuladı ki, bu istiqamətdə nəsə olarsa, onun cavabı Azərbaycan qazının alıcıları tərəfindən veriləcək: “Azərbaycan istər regionda, istərsə də, Avropada qaz bazarına daxil olub. Avropanın 2005-ci ildən apardığı qaz təminatını şaxələndirmə siyasət  məhz ona yönəlib ki, bazarlarda rəqabət artsın və enerjidən, əsasən də qazdan bu ölkələrin hər hansı birinə təsir vasitəsi kimi istifadə edilməsin. Bu baxımdan Azərbaycanın hə hansı bir ölkənin bazarına daxil olması alqışlanır. İndiyə kimi də biz Azərbaycana qarşı bir sərt təpki görməmişik. Əgər buna bənzər bir hadisə olsa , onun cavabı Azərbaycan qazının alıcıları tərəfindən veriləcək”.

Natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərli də qeyd etdi ki, yeni yatağın işlənməyə başlaması, qaz hasilatının artması, Azərbaycanın qaz ixracatına ciddi şəkildə müsbət təsir edən amillərdən biridir: “Son zamanlar qaz istehsalında və ixracatında ciddi artım var. Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin əsas koordinatoru və moderator olduğundan Cənub Qaz Dəhlizi vasitəsilə Gürcüstana, Türkiyəyə və Avropaya TANAP və TAP layihələri ilə daha çox qaz ixrac etmə potensialına da malikdir. Həcm olaraq elə də böyük deyil, çox böyük gözləntilər yoxdur”.

Ekspert vurğuladı ki, qaz gəlirləri heç zaman Azərbaycanda neft gəlirləri qədər olmayıb və onu əvəz edə bilməyib: “Amma əlavə olaraq, enerji daşıyıclarından gələn gəlirlərin artmasında mühüm rol oynayıb. Azərbaycanın ixracatı artdıqca TANAP və TAP layihələri ilə Avropaya 10 milyard kubmetr qaz sata biləcəyik. Bu həcmlərin artması Azərbaycanın valyuta gəlirlərinin də artmasına səbəb olacaq. Ancaq gəlirlərin həcmi o qədər də böyük deyil. Qazın qiyməti neftin qiyməti ilə ölçülür deyə, neftin ucuzlaşması qaz qiymətlərinə də təsir göstərir. Bu gün Avropada qaz qiymətləri 200 dollardan da aşağı düşüb. Halbuki  cəmi 5 il öncə 400 dollardan 500 dollara yaxınlaşmışdı. Abşeron yatağından qaz hasil edilməsinin üstünlükləri var, ancaq yüksək gözləntilərin formalaşması doğru deyil”.

“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 2 901          Tarix: 21-09-2020, 23:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma