Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bloqqer Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Lapşinin anası iştirak etməyib. O, vəkil vasitəsilə məhkəməyə müraciət edərək ifadə verməkdən imtina etdiyini bildirib.
Məhkəmədə qeyd olunub ki, Lapşinin anası bu işdə şahid qismində tanınıb.
Prosesdə Şuşa şəhərindən olan məcburi köçkün Əsmər Xəlilova ifadə verib.
O, Lapşini bu hadisələrdən sonra tanıdığını deyib: "Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində məcburi köçkün düşmüşəm. Ermənilər tərəfindən Şuşa şəhərində olan ata-baba mülküm dağıdılıb. Bunun nəticəsi olaraq şəhərimi də itirmişəm. Həmçinin doğum günümü də itirmişəm. 25 ildir doğum günümü qeyd etmirəm. Zəfər çalınacağına, doğma torpaqlarımıza qayıdacağımıza inanırdım. Amma internet resurslarından Lapşinin məqaləsini oxudum və bu ümidim puç oldu. Azərbaycan xalqı humanist xalqdır. Lapşin bundan istifadə edib. Məcburi köçkünlərin bu şəxsə etirazı var. Bir neçə gün əvvəl Azərbaycan xalqı Füzuli rayonunda bir faciə yaşadı. İki yaşlı Zəhranın günahı nə idi? Ermənilər onu qətlə yetirib. Lapşin quldur erməniləri müdafiə edib. Ona ən layiqli cəzanın verilməsini istəyirəm".
Şuşadan olan digər məcburi köçkün Məmməd Hacıyev deyib ki, Lapşinin məqaləsini oxuduqdan sonra ona qarşı nifrət yaranıb: "Onu şeytan kimi gördüm, o, erməniyə satılıb".
Məcburi köçkün Yunus Hüseynov Lapşinin Azərbaycanda görəndə sarsıntı keçirdiyini bildirib.
Daha sonra prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb.
İşdə olan sənədlər tədqiq edildikdən sonra Lapşinin vəkili vəsatətlə çıxış edib. O, ekspert Almaz Bayramovanın məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib.
Məhkəmə vəsatəti təmin edib. Proses iyulun 11-də davam etdiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.
Paylaş: