Daxili İşlər Nazirliyinin (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının Yardımlı rayonu ərazisində birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon sakini, 2006-cı il təvəllüdlü şərti adı A.A tutularaq üzərindən 26 qram metamfetamin aşkar olunaraq götürülüb.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, davam etdirilən tədbirlərlə narkokuriyerliyə cəlb edilən yetkinlik yaşına çatmayan şəxsin İran İslam Respublikası ilə dövlət sərhəddinin yaxınlığında gizlətdiyi yerdən əlavə 13 kq 530 qram heroin, 10 kq 550 qram qurudulmuş marixuana və 3 kq 65 qram metamfetamin aşkarlanıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs ilkin sorğuda ondan aşkar olunan narkotik vasitələri və psixotrop maddəni "Əhməd" adlı şəxsdən satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Tədbirlərlə ümumilikdə 27 kq 171 qram narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.
O da müəyyən edilib ki, şərti adı A.A-nın atası 2020-ci ildə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyinə görə polis tərəfindən tutularaq istintaqa cəlb edilib və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Yetkinlik yaşına çatmayan şəxsi narkokuriyerliyə cəlb edən şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
Paylaş: