“İmamzadə” dini kompleksində Məhərrəmlik mərasimlərinin keçirilməsi ilə əlaqədar iclas baş tutub.
APA xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
İclasda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Gəncə Şəhər Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev və Eldəniz Xudiyev, Samux və Daşkəsən Rayon İcra Hakimiyyətlərinin nümayəndələri, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar şurasının üzvü Tahir Abbasov, hüquq-mühafizə orqanlarının, habelə idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
İclasda Məhərrəm ayında keçirilən mərasimlər zamanı, xüsusilə ilə “Aşura” günü “İmamzadə” dini kompleksinə ziyarətçilərin daşınmasının təşkil olunması, mərasim iştirakçılarının içməli su ilə təmin edilməsi, mərasim keçiriləcək məkanlarda təmizlik və profilaktik dezinfeksiya işlərinin aparılması, qanvermə aksiyasının təşkili və digər zəruri məsələlərlə bağlı müzakirələr aparılıb. Bununla yanaşı, Məhərrəm ayı ilə əlaqədar tədbirlərin Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasına uyğun keçirilməsinin vacibliyi qeyd olunub.
Daha sonra iclas iştirakçıları “İmamzadə” dini kompleksində Məhərrəm ayı ilə əlaqədar şəhid ailələri və müharibə iştirakçıları üçün təşkil olunan ehsan mərasimində iştirak ediblər. Mərasimdə Kərbəla hadisəsi və Aşura gününün mahiyyətindən danışılıb, Məhərrəm ayının dini qaydalara və dövlətin qanunlarına uyğun keçirilməsinin vacibliyi qeyd olunub. Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının ruhlarına dualar oxunub.
Məlumat üçün bildirək ki, Gəncə Şəhər İcra Hakimiyyətində Məhərrəmlik mərasimləri ilə əlaqədar Qərargah yaradılıb.
Paylaş: