Dekabr ayının 29-da saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Perimbel kəndi, saat 14:30-da isə Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavalarının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb, sərhədçilərə atəş açılıb.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları hər iki halda odlu silahdan atəş açaraq sərhədçilərin həyatına təhlükə yaratmışlar. “Dövlət sərhədi haqqında” Azərbaycan qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı xəbərdarlıq məqsədilə silahdan istifadə edib. Sərhəd pozucuları üzərindəki bağlamaları ataraq geriyə, İran ərazisinə qaçmağa müvəffəq olub.
Hər iki istiqamət üzrə keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində ümumi çəkisi 170 kiloqram 106 qram narkotik vasitə (20 kq 158 qr heroin, 142 kq 131 qr marixuana, 4 kq 792 qr metamfetamin, 3 kq 025 qr tiryək və 81228 ədəd “metadon M-40” həbləri) aşkar olunaraq götürülüb.
Baş verən silahlı insidentlərlə əlaqədar İranın sərhəd mühafizə orqanlarının nümayəndələri ilə görüş keçirilib və məlumat mübadiləsi aparılıb.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Paylaş: