Xəbər lenti

Qarşıdan bayram günləri gəlir. Noyabr 8-i Zəfər bayramı, 9 noyabr isə Dövlət Bayrağı Günüdür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 2023-cü il tarixli qərarına əsasən, iş və istirahət günlərinin yerləri dəyişdirilib.

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerlərinin dəyişdirilməsi barədə qərar qəbul edib.

Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür.

Təəssüf ki, Nazirlər Kabinetinin bu qərarını Naxçıvan Muxtar Respublikasında saya salan olmaycaq. Ona görə ki, muxtar respublika hələ də Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun absurd qaydaları ilə idarə edilir.

TNS-in əldə etdiyi məlumata görə, muxtar respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət idarə və müəssisələrinin rəhbərlərinə qeyri-rəsmi şəkildə tapşırıq verilib ki, bayram günlərində bütün işçilər işə çıxmalıdır.

Müxtəlif təşkilatların əməkdaşlarının redaksiyamıza göndərdiyi şikayət məktublarından aydın olur ki, bayram günlərində qurumların işçiləri nahara qədər, rəhbər vəzifəli şəxslər isə saat 18:00-dək iş yerində olmalıdırlar.

Bu, tamamilə absurd tapşırıq və ciddi qanun pozuntusudur.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərin bayram günlərində işə cəlb olunmasını qadağan edir. Məcələnin 107-ci maddəsində yazılıb: “Bu Məcəllənin 101-ci maddəsinin “a” və “b” bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir”.

Məcəllənin 101-ci maddəsinin “a” və “b” bəndlərində qeyd olunub ki, dövlətin müdafiəsinin təmin olunması, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə görə, su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək məqsədilə işçilər işə cəlb edilə bilər.

Bu zaman sual yaranır. Nazirlər Kabinetinin qərarını heçə sayaraq, Əmək Məcəlləsini pozaraq bayram günlərində işçilərin işə çağırılması tapşırığını Naxçıvanda kim verib?

Maraqlıdır ki, bayram günlərində işə çıxan əməkdaşlar nə iş görəcəklər? Muxtar respublikada hansı fövqəladə hadisə baş verib ki, bütün dövlət müəssisələrinin işçiləri bayram günlərində səfərbər olub onun nəticələrni aradan qaldıracaq?

Bəs paytaxt Bakıda və Azərbaycanın regionlarında vəziyyət necədir? Bu absurd sualımızı eşidən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının işçiləri bunu gülüşlə qarşılayıblar.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərindən, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran Şəhər İcra hakimiyyətlərindən bildiriblər ki, bayram günlərində işçilərin işə çağırılması ilə bağlı hər hansı rəsmi və ya qeyri-rəsmi göstəriş yoxdur. Onlar fəaliyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına və Əmək Məcəlləsinə uyğun olaraq, tənzimləyəcəklər. Gücləndirilmiş iş rejimində çalışan işçilərə Əmək Məcəlləsinə görə, əlavə əməkhaqqı ödəniləcəkdir.

Göründüyü kimi, Naxçıvandan başqa, bütün ölkə ərazisindəki dövlət orqanlarının işçiləri bayram günlərində istirahət edəcəklər.

Hər kəs bilir ki, Vasif Talıbov belə qanunsuz əməllərinə görə vəzifəsindən uzaqlaşdırılıb. Naxçıvanda əhaliyə əziyyət verilərək Talıbov qaydalarının yaşadılmasında kimlər maraqlıdır? Naxçıvanı ölkəmizdə qəbul olunan qərarlardan başqa formada idarə etməyə çalışan, muxtariyyət davasına çıxan, Vasif Talıbovdan sonra yeni “xan” olmağa cəhd edən adama xatırladırıq ki, bu ölkə yiyəsiz, sahibsiz deyil. Vasif Talıbov kimi davranmağa çalışanların aqibəti ondan daha betər olacaq. Və bundan sonra Naxçıvanda heç vaxt ikinci bir “xan” olmayacaq.




Ana səhifəyə qayıt        Baxış: 9 185          Tarix: 1-11-2023, 17:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma