Bakıda “1001 gecə” istirahət mərkəzində deputatın qardaşı oğluna qarşı xuliqanlıq etməkdə təqsirli bilinən Lənkəran şəhər sakini, 1975-ci il təvəllüdlü Elman Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Elman Əhmədov bir qrup şəxslə birlikdə Rəşad Mirələmov arasında 2011-ci ilin noyabr ayından etibarən yaranmış əmlakla bağlı mübahisəni bəhanə edib, Rəşad Mirələmov üzərində üstünlüyünü nümayiş və qəbul etdirmək məqsədilə zorakılıq hərəkətlərinə yol verib.
İttiham sənədlərində qeyd olunur ki, Rəşad Mirələmov Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 7 iyul 2004-cü il hökmü ilə qəsdən adam öldürmə cinayəti törətməkdə təqsirli bilinib və məhkum olunub.
Bundan 7 il sonra - 6 oktyabr 2011-ci ildə Rəşad Mirələmov Lənkəran şəhərində tanışı Taleh Həsənovun qarşısında nüfuz qazanmaq məqsədilə sonuncunun Zamin Bağırova borca verdiyi 3 min 700 manat puldan imtina etməsini tələb edib. Lənkəran şəhərində yerləşən “Cənub” şadlıq sarayının çayxanasına gələn Rəşad Mirəlımov orada masa arxasında əyləşən Zamin Bağırovu çayxananın arxasına çağırıb.
Qatlanmış vəziyyətdə olan bıçağın dəstək hissəsi ilə Zamin Bağırovun göz və kürək, təpiklə isə ayaq və bədəninin digər nahiyələrinə zərbələr vurub. Ondan Taleh Həsənova verdiyi borcundan imtina etməsini tələb edib. 2012-ci ilin iyun və iyul aylarında isə Rəşad Mirələmov qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə Lənkəranın Şilavar kənd sakini Firdosi Bağırovu döyüblər.
Ondan Həsənov Taleh Zakir oğluna, Əliyev Valeh Müslüm oğluna və qeyrilərinə mövcud olmayan borcu - 19 min dollar alıblar. Bununla bağlı Firdosi Bağırov Ramal Bayramova və Elman Əhmədova müraciət edib.
Bununla bağlı Elman Əhmədov 16 iyul 2012-ci il tarixdə Rəşad Mirələmova zəng vurub və Səbail rayonu, Salyan şosesi 32 ünvanında, Şıx çimərliyi ərazisində yerləşən “1001 gecə” istirahət mərkəzində görüşməyi razılaşdırıb.
Elman Əhmədov iyulun 17-də, gecə saat 03 radələrində əvvəllər tanıdığı Ramal Bayramov, Səməd Mənsimov, Elnur Qasımov, Elmar Süleymanov, Mübariz Məmmədovdan ibarət bir qrup şəxslə Rəşad Mirələmova qarşı “1001 gecə” istirahət mərkəzinə gedib.
Onlar obyektin normal iş rejimini və orada olan şəxslərin istirahətini pozub, çimərliyə uyğunlaşdırılmış açıq yay köşkündə çay stolu arxasında əyləşmiş Rəşad Mirələmovla qarşılıqlı mübahisəyə giriblər.
Elman Əhmədov orada Rəşad Mirələmovun və restoranın xidmət personalının ünvanına ucadan nalayiq ifadələr işlədib. Qarşılıqlı yaranan mübahisə zəminində o, stol üzərində olan stəkanları Rəşad Mirələmova tullayıb.
Həmçinin Ramal Bayramov zor tətbiq edib yay köşkünün taxta materiallarını qopardıb, dəstə üzvləri Rəşad Mirələmova təpik zərbələri vuraraq, ona xəsarət yetirib.
Rəşad Mirələmov isə həmin zaman özündə olan “Makarov” tipli tapançadan atəş açaraq Ramal Bayramovu öldürüb, digərlərini isə öldürməyə cəhd edib.
Bu cinayət işi bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində iki icraatda araşdırılıb. Ramal Bayramovun öldürülməsinə və digərlərinin isə öldürməyə cəhd edilməsinə görə Rəşad Mirələmov mühakimə olunub. O, ömürlük azadlıqdan məhrum edilib.
Rəşad Mirələmova qarşı xuliqanlıq etməkdə təqsirləndirilən Əşrəf Qasımov, Elmar Süleymanov, Səməd Məsimov, Orxan Məlikov, Firdovsi Bağırov və Şahin Novruzovun cinayət işi isə ayrıca icraatda araşdırılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum ediliblər.
Elman Əhmədov isə istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib. O, 2015-ci ildə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.
Elman Əhmədov Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) maddəsilə ittiham olunub.
Səbail rayon Məhkəməsinin hökmü ilə Elman Əhmədov 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib. Prokurorluq protestində Elman Əhmədovun cəzasının ağırlaşdırılmasını istəyib.
Prokurorluğun protestinə Bakı Apelyasiya Məhkəməsində baxılıb və təmin edilib. Yeni hökmə əsasən, Elman Əhymədovun cəzası 3 il müddətinə qədər ağırlaşdırılıb.
Bu qərardan Elman Əhmədovun vəkili kasasiya şikayəti verib və müdafiə etdiyi şəxsin cəzasının azaldılmasını xahiş edib.
Vəkilin şikayətinə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada baxılıb.
Hakim kollegiyası işə baxan zaman Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Elman Əhmədovun ərizəsi daxil olub. Məhkum ərizəsində müdafiəçisi tərəfindən verilmiş kasasiya şikayətinin geri götürdüyünü bildirib.
Hakimlər həmin məktubu elan edərək məhkumun istəyini nəzərə alıblar. Hakimlər kasasiya şikayətinin geri götürülməsi barədə qərar elan ediblər.
Qeyd edək ki, Rəşad Mirələmov Milli Məclisin deputatı Hüseynbala Mirələmovun qardaşı oğludur.
Hadisə zamanı qətlə yetirilən Ramal Bayramov isə kriminal aləmdə “Rövşən Lənkəranski” kimi tanınan Rövşən Canıyevin adamı olduğu bildirilir.
Rövşən Canıyev 2016-cı ilin avqustunda Türkiyədə qətlə yetirilib.
Məlumat üçün bildirək ki, “1001” gecə istirahət mərkəzi millət vəkili Hüseynbala Mirələmov və onun ailəsinə məxsusdur.
Paylaş: