
“Pekin çinli iş adamlarına və süni intellekt sahəsində çalışan alimlərinə, araşdırmaçılarına ABŞ-a səfər etməməyi məsləhət görüb. “Wall Street Journal” dərgisinin yazdığına görə, Pekin iki səbəbdən vətəndaşlarına xəbərdarlıq edib. Birincisi, Pekin ehtiyat edir ki, çinli işadamlar və alimlər ABŞ-da müxtəlif bəhanə ilə saxlanıla bilərlər. İkincisi, Pekin ehtiyat edir ki, çinli işadamlar və alimlər bilmədən Çinə aid məxfi məlumatları amerikalı həmkarlarıyla bölüşə bilərlər”.
Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, Pekinin narahatlığı səbəbsiz deyil:
“Donald Trampın əvvəlki prezidentlik dönəmində Çinin “Huawei” şirkətinin Kanada ofisinin rəhbəri Vaşinqtonun tələbi ilə həbs olunmuşdu. Bundan sonra Vaşinqtonla Pekin arasında gərgin danışıqlar başladı. Pekində hesab edirlər ki, Vaşinqton bu dəfə də hansısa çinli işadamını və ya alimini həbs edərək, bunu alver predmetinə çevirə bilər.
ABŞ-la Çin hazırda süni intellekt sahəsində sərt rəqabət içindədir. Çinin süni intellekt sahəsindəki “DeepSeek” startapı bir müddət əvvəl böyük qalmaqala səbəb oldu. “DeepSeek” faktiki ABŞ-ın “OpenAI” və “Alphabet Inc” kimi süni intellektlərini üstələdi. Çinin süni intellektinin daha bir üstünlüyü qiymətinin ucuz olmasında idi. Bu sahədə mübarizə yeni mərhələyə keçib. Vaşinqtonda hesab ediblər ki, “DeepSeek” süni intellekti vaxtilə ABŞ-dan oğurlanan texnologiyalar əsasında yaradılıb.
Çinin süni intellekt sahəsindəki uğurlarından ölkə lideri Si Cinpin də razıdır. O Çinin kibertəhlükəsizliyinin yüksək səviyyədə olduğunu bildirərək süni intellekt sahəsində qazanılan uğurlardan danışıb. Si Cinpin Kommunist Partiyasının toplantısında çıxış edərkən ölkənin siyasi təhlükəsizliyinin gücləndirilməsi vacibiliyini vurğulayıb. Si Cipinin texnoloji sahəyə rəhbərlik edənlərlə tez-tez görüşüb, fikir mübadiləsi aparması da diqqətdən yayınmayıb.
Buna baxmayaraq, Pekinin Çinin texnologiya sahəsinə rəhbərlik edənlərə tam etibarı yoxdur. Bu səbəbdən hakimiyyət xarici ölkələrə səfər etmək istəyən şirkət rəhbərlərini əvvəlcədən öz planları barədə müvafiq strukturları xəbərdar etməyi tövsiyə edib. Şirkət rəhbərləri geri döndükdən sonra səfərləri və kimlərlə görüşdükləri barədə geniş hesabat hazırlamalıdırlar. Problemlə üzləşməmək məqsədilə “DeepSeek” şirkətinin yaradıcısı Lyan Venfen fevral ayında Parisdə süni intellekt sammitində iştirak edib. Süni intellekt sahəsinə rəhbərlik edən digər çinli işadamı Pekinin təlimatıyla Vaşinqtona səfərdən imtina edib”.
Paylaş: