Bakı Apelyasiya Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Elşad Həsənov və Rüstəm Rzayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Ovqat.com xəbər verir ki, Trend-in məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüstəm Rzayev və qətli törədən Elşad Həsənovun hər ikisi 16 il azadlıqda məhrum ediliblər. Onlar hökmdən apelyasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
İttihama görə, bu il yanvarın 10-da Sabunçu rayonu, Zabrat qəsəbəsində 1965-ci il təvəllüdlü Sevil Rzayevanın üzərində zorakılıq əlaməti olan meyiti yaşadığı evdə aşkar edilib. Polis və prokurorluq əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun keçmiş əri Rüstəm Rzayev və tanışı Elşad Həsənov tutularaq istintaqa cəlb ediliblər. Məlum olub ki, Rüstəm Rzayevin keçmiş arvadı Sevil Rzayevanı öldürtmək məqsədi ilə tanışı Elşad Həsənovla 2000 manat müqabilində qabaqcadan razılaşıb. Elşad Həsənov yanvarın 10-da Sevil Rzayevanın yaşadığı evə daxil olub və özü ilə götürdüyü küt alətlə mərhumun baş nahiyəsinə zərbə endirərək öldürüb. Məlum olub ki, həyat yoldaşı Sevil Rzayeva ilə münasibətlərində problem yaranan Rüstəm Rzayev ondan ayrılmağa qərar verib. Yanvarın 18-də məhkəmə onların boşanması ilə bağlı məsələyə baxacaqmış. Ərinin ondan boşanmasında israrlı olduğunu görən Sevil Rzayeva həyat yoldaşına məxsus evdən və obyektdən pay tələb edib. Rüstəm Rzayev isə Sevil Rzayevaya mülklündən pay verməmək üçün onu öldürtmək qərarına gəlib. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə ittiham ediliblər.
Paylaş: