Xəbər lenti

Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya XİN rəhbəri Sergey Lavrovla yalnız dostluq münasibətləri yox, həm də biznes ortaqlığı olduğu iddia edilib.

Mətbuatda yayılan məlumatlara görə, Lavrov Rusiyada nəhəng biznes şəbəkəsinə sahibdir və illik dövriyyəsi 600 milyon dollardan yuxarı olan konsulluq xidmətləri göstərən şirkətləri idarə edir.

Bildirilib ki, Elmar Məmmədyarov nazir olduğu müddətdə əsas yatırımlarını Lavrovun şirkətlərinə yönəldib və buradan böyük gəlir əldə edib. Sözügedən iddia ilə "Gununsesi.info" çıxış edib. İddiaya görə, Lavrovun ailəsi də böyük biznes şəbəkəsi ilə əlaqəlidir – onun qızı Rusiyanın ən iri əczaçılıq şirkətlərindən birinin sahibinin oğlu ilə ailə həyatı qurub.

Modern.az iddialarla əlaqədar sabiq xarici işlər naziri Elmar Məmmədyarovla əlaqə saxlayıb. 

Elmar Məmmədyarov deyilənləri təkzib edib. O, son dövrlə şəxsinə qarşı ittihamlar səsləndirən şəxsləri məhkəməyə vermək fikrində olmadığını deyib:

"Mənə bu sözlər heç dəymir. Buna görə də nəsə bir addım atmağa, onları məhkəməyə verməyə dəyməz. Onlar bəlkə də, istəyirlər ki, hansısa bir hərəkət olsun. Yenə də danışsınlar. Niyə mən onlara imkan verim ki, yenə də danışsınlar. Ona görə mənim üçün fərq etməz", - Məmmədyarov vurğulayıb.

O bildirib ki, nazir vəzifəsindən uzaqlaşandan sonra Lavrovla mütəmadi yox, bəzən əlaqələr qurub:

"Yazışırdıq. Amma təbii ki, intensiv şəkildə yox. Nazirdir, məşğul adamdır. Mən də "pensioner" adamam. Qızı ilə tanışam, kürəkəni ilə yox". 




Ana səhifəyə qayıt        Baxış: 3 436          Tarix: Bu gün, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma