Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 52 yaşlı Zakir İbayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org saytının xəbərinə görə, hakim Eldar Mikayılovun sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə əsasən, Zakir İbayevə ittiham olunduğu maddələr üzrə bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, 5 il axtarışda olan Zakir İbayev ötən ilin noyabr ayında saxlanılıb. Z.İbayevin tanışı Arzuman Bəşirov 2011-ci il iyulun 14-də "Binə" ticarət mərkəzindəki valyutadəyişmə məntəqələrindən birinə basqın edərək oranın işçisi Əli Əliyevə odlu silahdan atəş açaraq qətlə yetirmiş və məntəqədən 16 min manat götürmüşdü. İlkin dindirmə zamanı Arzuman Bəşirov (Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib-red.) törətdiyi cinayəti etiraf edərkən silahı tanışı Zakir İbayevdən aldığını, bunun qarşılığında ona 3 min manat verdiyini bildirmişdi. Bu ifadədən sonra Z.İbayev qətldə iştirakda şübhəli bilinərək axtarışa verilmişdi. Z.İbayev Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 181 (quldurluq) və 228-ci (qanunsuz silah gəzdirmə) maddəsi ilə axtarışda idi.
Məhkəmə istintaqı dövründə müəyyən olunub ki, Z.İbayev törədilən qətl hadisəsində iştirak etməyib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Paylaş: