Xəbər lenti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam şəhərində salınacaq beşinci yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma yaşayış kompleksi barədə məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 12 hektar olan yaşayış kompleksinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Kompleks şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumilikdə 1115 mənzil olacaq. Mənzillərdən 25-nin birotaqlı, 314-nün ikiotaqlı, 552-sinin üçotaqlı, 224-nün isə dördotaqlı olacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaşayış kompleksi barədə videoçarxa baxdılar.

Qeyd edildi ki, kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.

Bütün binalar daimi su, elektrik enerjisi və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə ediləcək.

Dövlətimizin başçısı Ağdam şəhərində beşinci yaşayış kompleksinin təməlini qoydu.




Ana səhifəyə qayıt        Baxış: 2 735          Tarix: 24-12-2023, 16:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma