Xəbər lenti

Azərbaycan hökuməti ölkənin davamlı inkişafının, xalqın firavan həyatının təmin edilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün bütün səylərini səfərbər edəcək.

"Report" xəbər verir ki, bunu Milli Məclisin fevralın 16-da keçirilən iclasında Azərbaycanın Baş naziri vəzifəsinə namizədliyi təsdiqlənən Əli Əsədov deputatların qarşısında çıxışı zamanı deyib.

O xatırladıb ki, 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən ilk dəfə Baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsi zamanı bu yüksək kürsüdən çıxışından ötən müddətdə Nazirlər Kabineti ilə Milli Məclis arasında birgə fəal iş aparılıb.

"Ötən müddət ərzində hökumət və ölkəmizin qanunverici orqanı arasında konstruktiv və səmərəli işbirliyi qurulmuş, müxtəlif qanun layihələrinin və sənədlərin məhsuldar birgə müzakirəsi keçirilmişdir. Buna görə hörmətli deputatlarımıza təşəkkürümü ifadə edirəm. Ümidvaram ki, növbəti müddətdə də bu xoş ənənəni davam etdirəcəyik və birgə səylərimiz bundan sonra da ölkəmizin tərəqqisinə, xalqımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək.

Onu da qeyd edim ki, yaxın vaxtlarda Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabat diqqətinizə təqdim ediləcək, ötən il hökumət tərəfindən görülən işləri və qarşıda duran vəzifələri müzakirə edəcəyik", - Ə.Əsədov vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 4 353          Tarix: 16-02-2024, 11:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma