“Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə bir sıra yeni tədbirlər həyata keçirilib.
Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, layihə çərçivəsində salınan yollarda 251 ədəd müxtəlif təyinatlı yol nişanı quraşdırılıb.
Yollarda təhlükəsiz və maneəsiz hərəkəti şərtləndirən bütün normalar yerinə yetirilib. Layihə çərçivəsində salınan yollarda 251 ədəd müxtəlif təyinatlı yol nişanı, 8 ədəd avtobus dayanacaq pavilyonu, 17 ədəd piyada keçidi, piyada keçidlərində ümumilikdə 34 ədəd pandus, 8-i xüsusi sensorla təchiz olunmuş 44 ədəd svetofor obyekti quraşdırılıb.
Paytaxtın digər küçə və prospektlərindən fərqli olaraq, burada svetoforlarla nizamlanan piyada keçidləri xüsusi qırıq xətlərlə nişanlanıb. Piyadaların yolun hərəkət hissəsində diqqətli olmaları üçün xəbərdaredici məlumatlar yazılıb.
Xüsusi sensorla təchiz edilmiş svetoforlar eyni zamanda, görmə qabiliyyəti məhdud olan şəxslərin yolu təhlükəsiz keçməsi üçün nəzərdə tutulub. Belə ki, piyada əllə sensorlu qurğuya toxunduqdan sonra svetoforu piyada keçidi rejiminə keçirə bilər.
Nişanlanma və yol-cizgi xətlərini daha müasir tərtibatda həyata keçirilib. Dayanacaq məntəqələrində quraşdırılan məlumat lövhələrində ünvan və ordan keçən marşrut xətləri ilə bağlı məlumatlar əks olunub.
Paylaş: