Bakı Nəqliyyat Agentliyinin bu gün yaydığı məlumata görə, paytaxtda mövcud olan piyada keçidlərinin araşdırılması nəticəsində ümumilikdə 398 ədəd piyada keçidinin normalara uyğun yerləşdirilmədiyi məlum olub. Agentliyin məlumatına görə, Bakıda yaranan tıxacların əsas səbəblərindən biri də məhz piyada keçidlərinin doğru yerləşməməsidir.
Yol hərəkətində piyada keçidlərinin müəyyən edilməsi və nişanların quraşdırılması ilə məşğul olan Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Publika.az-a açıqlamasında bildirib ki, onlar da bu cür pozuntu hallarına rast gəlirlər: “Piyada keçidləri, nişanlama xətləri, svetaforlar Nazirlər Kabineti yanında Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən tənzimlənir. Ola bilər ki, hər hansı təşkilat Komissiyanın qərarı olmadan nişan qoyub, cizgilənmə xətləri çəkilsin. Bizim tərəfimizdən belə hallar aşkar ediləndə aradan qaldırılır”.
Bu yanlışlığa hansı qurumlar tərəfindən yol verildiyinə gəldikdə, K.Əliyev müxtəlif tərəflərin olduğunu dedi: “Bir vaxtlar yolların çoxu Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən çəkildiyindən, xətləri də onlar çəkirdilər. Həmçinin, keçmiş Nəqliyyat Nazirliyinin tabeliyində “Azəryolservis” QSC, bizim Siqnal İdarəsi tərəfindən də bu xətlər çəkilirdi. Yəni müxtəlif təşkilatlar bu işi görürdü. Hansı təşkilat tərəfindən görülməsindən asılı olmayaraq Nazirlər Kabineti yanında aidiyyəti Komissiyanın qərarı ilə həyata keçirilməli idi. Biz də şəhərin bir çox küçələri - Fətəli Xan Xoyskidə, Əhməd Rəcəbli, Akademik Həsən Əliyev küçələrində bir neçə piyada keçidi düzgün çəkilmədiyindən ləğv etdik. Həm təhlükəsizlik, həm də hərəkətin təşkili baxımdan tələblərə cavab vermirdilər. Arasında 20-25 metr məsafə olan piyada keçidləri var idi. Sözsüz ki, onların əksəriyyəti ləğv edildi, aidayyəti təşkilatlar qarşısında hər hansı nişanlama, piyada keçidilə bağlı qərar qəbul edərkən bunu Komissiya ilə razılaşdırmaq məsələsi qaldırılıb. Bakı Nəqliyyat Agentliyinin piyada keçidləri ilə bağlı pozuntuları hansı küçələrdə aşkar etdiklərini deyə bilmərəm. Lakin onlar da Komissiya qarşısında bu məsələni qaldıra bilərlər. Təhlükəsizlik tələbinə cavab verməyənlər Komissiyanın qərarı ilə ləğv edilməlidir. Ola bilər ki, bu yollar Komissiyanın məlumatı olmadan çəkilib”.
Ötən həftə Nobel prospektində qəzadan sonra həmin piyada keçidinin ləğv edildiyinə toxunan K.Əsədov məqsədin təhlükəsizliyi təmin etmək olduğunu deyib: “Bu vaxta qədər təhlükəsizlik tələblərinə cavab vermədiyinə görə xeyli piyada keçidi ləğv edilib. Bəzən piyada keçidi döngələrə yaxın olur. Bu piyadanın təhlükəsiz yol keçməsinə yox, əksinə onların həyatı üçün təhlükə yarada bilir”.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin məlumatında işıqforla tənzimlənən 274 yol kəsişməsində nizamlanmayan piyada keçidində nişanlanma xətti çəkildiyi, 12 məntəqədə yol nişanlanması olsa da yol nişanı quraşdırılmadığı bildirilib. Həmçinin 12 məntəqədə piyada keçidləri dayanacaq məntəqəsi daxilində yerləşdiyi, 18 məntəqədə piyada keçidi yol nişanı quraşdırılıb, amma yol xətlənməsi işləri aparılmadığı, 67 məntəqədə piyada keçidləri quraşdırılarkən, normalara uyğun ara məsafəsi gözlənilmədiyi, keçidlər bir-birinə çox yaxın quraşdırıldığı, 5 yol kəsişməsində isə piyada keçidi yerləşdirilərkən bərabəryanlı görmə üçbucaqları nəzərdə tutulmadığı piyada keçidi kəsişmədən dərhal sonra təşkil edildiyi vurğulanıb
Paylaş: