Xəbər lenti

 
Respublikamızda uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası, Ailə Məcəlləsi, Əmək Məcəlləsi, “Təhsil Qanunu” və bir sıra digər qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş  «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunudur. Qanun bir sıra beynəlxalq sənədlərə, xüsusilə də «İnsan hüquqları haqqında» Ümumdünya Bəyannaməsinə (1948), Uşaq hüquqları Bəyannaməsinə (1959), BMT-nin Uşaq hüquqları Konvensiyasına (1989), Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi üzrə Ümumdünya Bəyannaməsinə (1990) uyğun şəkildə hazırlanmış və uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir.
 
Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixli və 236 №-li  qanunla BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasını ratifikasiya etmişdir. 1993-cü ildə ölkəmiz «Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında» 1990-cı il 30 sentyabr tarixli Ümumdünya Bəyannaməsinə qoşulmuşdur. 2000-ci il 6-8 sentyabr tarixlərində BMT-nin Nyu-Yorkda keçirilmiş Minilliyin Sammitində isə Azərbaycan Respublikasının Prezidenti bu konvensiyanın «Uşaqların silahlı münaqişəyə cəlb olunması» və «Uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyası» üzrə Fakültativ Protokollarını imzalamışdır. 2004-cü ildə Azərbaycan Beynəlxalq Əmək Təşkilatının «Uşaq əməyinin ən pis formalarının ləğv edilməsi» haqqında 182 saylı Konvensiyasına və eyni adlı 190 saylı Tövsiyəsinə, həmçinin «Beynəlxalq övladlığa götürməyə dair Haaqa Konvensiyası»na qoşulmuşdur.
 
Qanunvericiliyə əsasən hər bir insan 18 yaşına çatanadək uşaq sayılır, bir şərtlə ki, həmin uşaq barəsində tətbiq edilən qanuna görə o, yetkinlik yaşına daha əvvəl çatmış olmasın. Ən son statistikaya əsasən, 2020-ci ilin əvvəlində Azərbaycan əhalisinin 26,2 faizini, yəni 2636,8 min nəfərini uşaqlar təşkil etmişdir. Ölkədə polisin qeydiyyatında 4 minə yaxın uşaq var. İl ərzində 2500-ə yaxın küçə uşağı, 500-ə yaxın cinayət törətmiş uşaq saxlanılır. 13 minə yaxın uşaq internat məktəblərindədir. Azərbaycanda 50 minə yaxın uşaq əlildir. Təxminən 200 minə yaxın uşaq isə qaçqın və məcburi köçkün vəziyyətindədir. Zorakılığa məruz qalan uşaqların sayı məlum deyil. Mətbuatda gedən qeyri-rəsmi məlumata görə hər il təqribi 1000 nəfər uşaq məktəbdə və ailədə zorakılıqla üzləşir. Bəzən cəmiyyətdə ciddi əks-səda doğuran faciələrlə üzləşməli oluruq. Uşaqların sağlamlığının qorunması, onlara səhiyyə xidmətinin yaxşılaşdırılması problemləri aktual olaraq qalır. Uşaq ölümü hallarına təsadüf olunur. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün, onların valideynləri üçün çoxsaylı güzəşt və imtiyazlar nəzərdə tutulsa da, qanunlar qəbul olunsa da onların reallaşmasında mövcud qanunları bilməməkdən və ya müvafiq qurumların bürokratik münasibətindən müəyyən çətinliklər mövcuddur. Dövlətin müəyyən etdiyi imtiyazlar yerlərdə öz subyektlərinə çatmır.


 
Azərbaycan Respublikası Prezidentinin 03 may 2019-cu il tarixli Sərəncamı ilə ali təhsil müəssisələrində təhsil alan fəaliyyət imkanları məhdud uşaqların təhsil haqqının dövlət tərəfindən ödənilməsi bu kateqoriyadan olan şəxslərə ciddi maddi və mənəvi dəstəkdir.
 
Bu və digər uşaqların həyat səviyyəsinin yaxşılaşdırılması, hüquqlarının qorunması, mənafelərinin təmin edilməsi və həyatı onlar üçün daha yaşana bilən hala gətirməkdən ötəri dövlətimizin gördüyü işləri ictiamiyyətə daha yaxından təqdim etmək gərəkdir.
 
Azərbaycan Respublikasında uşaq siyasətinin həyata keçirilməsinə məsul mərkəzi icra hakimiyyəti orqanları Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) fəaliyyət göstərir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və onun tənzimlənməsini həyata keçirən əsas dövlət orqanıdır. Mövcud yerli və beynəlxalq qanunvericilik və normativ aktlara uyğun olaraq Azərbaycan Respublikasında uşaqların müdafiəsi və onların rifahının yaxşılaşdırılması, hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də uşaqlarla bağlı dövlət siyasətinin əlaqələndirilməsi vəzifələrini daşıyır.
 
2006-cı ildə BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycanda uşaq hüquqları üzrə Ombudsmanın, yaxud Ombudsman Aparatının nəzdində xüsusi qurumun yaradılmasını tövsiyə edib. 
 
Bütün bunlara baxmayaraq, gələcəyimiz olan uşaqların şən, xoşbəxt, gələcəyin ləyaqətli vətəndaşı kimi böyüməsi, azad və müstəqil düşüncəyə sahib olması, öz imkanlarını tam reallaşdırması, sağlam, gümrah və güclü olması üçün çox işlərin görülməsinə ehtiyac var. Bununla əlaqədar aparılan araşdırmalar göstərir ki, zəif nöqtələrdən biri uşaqlarla birbaşa, sıx təmasda olan müəllimlərin uşaq hüquqları ilə bağlı məlumatının az olması, bu mövzuya laqeyd yanaşması və uşaq hüquqları ilə bağlı bilikləri uşaqlar və valideynlər arasında zəif təbliğ etməsidir.
 
Uşaqlarla iş üzrə çoxsaylı dövlət və ictimai komissiyalarda təmsil olunan, ekspert və ya nümayəndə kimi istintaq və ya məhkəmə prosesinə cəlb olunan müəllimlərin uşaqların hüquq və mənafeyini həqiqətən qoruması üçün müəyyən biliklərə, təcrübəyə və normativ bazaya malik olması vacibdir. Biz də dünyanın qabaqcıl ölkələrində geniş tətbiq olunan yuvenal yustisiya (uşaq ədliyyəsi) sisteminin tədricən qurulmasına çalışmalıyıq. Bu isə uşaq hüquqlarının cəmiyyət, pedaqoji heyət, hüquq mühafizə, ədliyyə, məhkəmə orqanları və s. tərəfindən dərindən mənimsənilməsini tələb edir.

 

Qeyd edilən və edilməyən geniş fəaliyyət sahəsini əhatə etmək üçün əhali və pedaqoji işçilər arasında hüquqi maarifləndirmə və ya məlumatlandırma yetərli ola bilməz. Bunun üçün universitetlərdə, xüsusilə pedaqoji kadr hazırlayan universitetlərdə uşaq hüquqları ilə bağlı sistemli şəkildə tədris təşkil edilməlidir. Gələcək müəllimlər həm özləri bu hüquq sahəsini mükəmməl mənimsəməli, həm də onun məktəblərdə tədrisi metodikasına yiyələnməlidirlər. Bunun üçün orta məktəb və pedaqoji yönümlü tədris müəssisələrinin proqramlarında dəyişiklik aparılmalı, dərsliklər, tədris metodiki vəsaitlər hazırlanmalıdır.
 
Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 4.4.-cü maddəsində orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Bu bəndə uyğun olaraq, 2015-ci ildən etibarən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində bəzi orta ümumtəhsil məktəblərində uşaq hüquqları üzrə pilləli tədris proqramı artıq həyata keçirilir.
 
Ali təhsil müəssisələrində də insan hüquqlarının, xüsusilə də uşaq hüquqlarının tədrisinin genişləndirilməsinə önəm verilməli, konkret işlər görülməlidir.
 
Universitetlərdə uşaq hüquqları niyə tədris olunmalıdır?
 
  • Demokratik dövlətdə insan hüquqlarının öyrənilməsi və tətbiqi hər bir vətəndaş üçün zəruridir;
  • İnsanın şəxsiyyət kimi formalaşmasının ilkin mərhələsi məktəbdir və düzgün yetişdirilmiş fərdlərin ilk tərbiyəçiləri (valideynlərdən sonra) müəllimlər – pedaqoqlardır. Bu səbəbdən də, uşaqların tərbiyəsi və təhsili ilə məşğul olacaq pedaqoqlar insan hüquqları, xüsusilə də uşaq hüquqları ilə bağlı kifayət qədər geniş informasiyaya malik olmalıdır; 
  • Uşaqlar arasında ayrı-seçkiliyin və əsassız davranışın, zorakılıq hallarının azaldılması, onların hüquqlarının qorunmasında beynəlxalq təşkilatların, dövlətin, ailənin, məktəbin, bələdiyyələrin, vətəndaşların vəzifələrini hər bir müəllim bilməlidir;
  • Uşaq hüquqlarının müdafiə mexanizmlərini bilmək və onlardan səmərəli istifadə etmək müəllimin borcudur;
  • Çalışdığı məktəbdə, bölgədə, rayonda uşaq hüquqları ilə bağlı problemləri bilmək, onların həllinə çalışmaq, uşaqları və valideynləri məlumatlandırmaq müəllimin gənc nəsil yetişdirmək sahəsində fəaliyyətinin vacib hissəsidir; 
  • Uşaq hüquqlarının qorunması, təhsil və sağlamlıq sahəsində dövlətin beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə kömək üçün də bunları bilmək zəruridir;
  • Təhsil qanunvericiliyi, təhsil strategiyası, uşaq və gənclər haqqında normativ hüquqi aktlar müəllimin bu biliklərə yiyələnməsi üçün əsas verir;
  • Müəllimin əldə etdiyi bilik və informasiyalar uşaqların və valideynlərin də maariflənməsini təmin edəcəkdir;
  • Cəmiyyətin həssas qruplarına aid olan - müharibənin təsirinə məruz qalan, məcburi köçkün, qaçqın, yoxsul ailələrdən olan, azlıqların təmsilçiləri, əlil, xüsusi müəssisələrdə saxlanılan uşaqlar başqaları üçün mümkün olan əsas hüquq və azadlıqlardan istifadə edə bilmirlər. Bu hüquqları müəllimlər bilməli, qorumalı, müdafiə etməlidir;
  • Dünyada genişlənməkdə olan insanmərkəzli humanitar siyasi, iqtisadi, mənəvi, etik və hüquqi dəyər və standartların öyrənilməsi və öyrədilməsi mütərəqqi ictimaiyyətin diqqət mərkəzində olan məsələlərdəndir.
 
Eyni zamanda, universitetlərin nəzdində «Uşaq Hüquqları Klinikası»nın təsis edilməsinə, müəllimlərə, valideynlərə və xüsusilə uşaqlara praktik kömək göstərilməsinə ehtiyac vardır.


 
Hər bir qanun pozuntusu ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət etməmək mentalitetinə malik olan insanlarımız çox zaman laqeydliklə, bəzən də yumşaq desək, sərtliklə üzləşəcəklərini düşündüklərindən uşaq hüquqlarının müdafiəsi ilə bağlı üz tutmağa yer tapmırlar.
 
Fikrimizcə, məsələyə ciddi, müasir səviyyədən yanaşsaq yaxın gələcəkdə belə bir yer hamı üçün əlçatan olan, valideynlərin və uşaqların inandığı, uşaq hüquqlarının və onların müdafiə mexanizmini yaxşı bilən, hüquq mühafizə orqanları ilə sıx təmasda olmağı bacaran pedaqoqlar ola bilər.
 
İnsanlar uşaqlıqda zorakılığa və təhqirə məruz qalmasalar cəmiyyətdə baş verən narkomaniya, cinayətkarlıq, korrupsiya, yalançılıq, talançılıq, ailədaxili münaqişə və s. kimi neqativ hallar da dəfələrlə azalar.
 
Uşaq hüquqlarının yeni vətənpərvər gənclik yetişdirmək, ləyaqətli vətəndaş formalaşdırmaq, yaşamın və fəaliyyətin qanunauyğun standartlarını yaratmaq və hüquqi maarifləndirmə baxımından ciddi strateji hüquqi, siyasi və pedaqoji məsələ olduğunu nəzərə alsaq ölkə ictimaiyyətinin bu məsələyə diqqətinin ancaq uşaqlara qarşı radikal zorakılıq halları baş verdikdə və ya uşaqların ölümü ilə nəticələnən hadisələrdən sonra müvəqqəti artması təəssüf doğurur.
 
Müasir dövrdə hüquqi mədəniyyətin və hüquq tərbiyəsinin əsasında hər kəsin öz hüquq və azadlıqlarını bilməsi, onu reallaşdırmaq bacarığına yiyələnməsi, qoruya bilməsi, şəxsi azadlığının məsuliyyətinin sərhədini dəqiq müəyyənləşdirməsi, mübahisə və konfliktlərin hüquqi vasitələrlə həll edilməsini təmin etmə durursa, deməli uşaq hüquqlarının təkcə uşaqlar tərəfindən öyrənilməsi kifayət deyil. Baxmayaraq ki, bugünkü tədris və tərbiyə sistemi uşaq hüquqlarının uşaqlar tərəfindən öyrənilməsi üçün heç bir real mexanizm təklif etmir. 
 
Uşaq hüquqlarının öyrənilməsinə diqqətin artırılmasını ölkəmizin qoşulduğu beynəlxalq normalar və ölkə daxilində cinayətkarlığa qarşı mübarizə prosesləri də tələb edir.
 


Araşdırmalar göstərir ki, valideynlərin, pedaqoqların və uşaqların münasibətlərində normativləşmə, standartlaşma olmadığı üçün məktəblərdə uşaqlara qarşı çoxsaylı zorakılıq halları, valideyn və müəllim arasında kobud mübahisələr baş verir.
 
Bu gün uşağın təkcə təhsil hüququ ilə bağlı hansı hüquq və öhdəlikləri olduğu, məktəbdə və dərs prosesində valideynin, eləcə də müəllimin hansı hüquqlara malik olduğunu və hansı vəzifələr daşıdığını öyrədən bilikverici mənbə, normativ sənəd yoxdur. Ona görə də, hər kəsin özünü haqlı saydığı mühitdə konfliktlər qaçınılmazdır.
 
Narahatedici faktdır ki, ölkəmizin pedaqoji profilli ali təhsil müəssisələrinin proqramlarında gələcək müəllimlərə tədrisin təşkili, pedaqoji taktın müəyyənləşməsi, ayrı-ayrı fənlərin tədrisi metodikası zamanı, eləcə də məktəbin idarə edilməsində uşaq hüquqlarının öyrədilməsi nəzərdə tutulmur. Bəsit halda öyrədilən Konstitusiya hüququ ilə bağlı proqramlar nə müəllimlərə, nə də uşaqlara öyrətmək üçün uşaq hüquqları haqda kifayət qədər informasiya vermir.
 
Cəmiyyətin inkişafında insanmərkəzli dəyərlərin önə çıxdığını, demokratik cəmiyyətdə insan hüquq və azadlıqlarının yerini, hüquqi informasiyanın və hüquqi biliklərin insanların həyatında oynadığı vacib rolu dərindən bilməyən bəzi tədris ekspertləri, metodistlər və tədris idarəçiləri uşaq hüquqlarının pedaqoji profilli ali təhsil müəssisələrində tədrisinə mane olmağa çalışırlar. Fikrimizcə, bu həm də onunla bağlıdır ki, on illərlə daşlaşmış tədris proqramlarının yeni dövrün tələblərinə uyğunlaşdırılması əlavə bilik, bacarıq və sistemdə dəyişiklik aparmaq qabiliyyəti tələb edir.
 
Sosial şəbəkələrdə ardıcıl olaraq uşaq hüquqlarının pozulması, uşaq əməyinin istismarı, məktəblərdə və ailələrdə uşaqlara qarş zorakılıq və s. materiallar yayılmaqdadır. Bu cür neqativ halların baş verməsinin müxtəlif, çox sahəli səbəbləri var və onlar mütəxəssislər tərəfindən dərindən təhlil olunmalı, ictimai müzakirələr təşkil edilməlidir.
 
İctimaiyyətin və mütəxəssislərin diqqətini öz pedaqoji və elmi fəaliyyətimlə bağlı uşaq hüquqlarının müdafiəsi sahəsində gəldiyim bir qənaətə də cəlb etmək istəyirəm.
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2000-ci il tarixli 125 nömrəli sərəncamı ilə “Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında” Dövlət Proqramı və Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2020-ci il tarixli 2073 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” təsdiq olunmuşdur. Dövlət Proqramının və Strategiyanın qəbulunun əsas məqsədlərindən biri də BMT-nin Uşaq hüquqları Konvensiyasının və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının həyata keçirilməsinə əlverişli şərait yaratmaq və uşaqların müdafiəsini gücləndirmək olmuşdur.


 
Mükəmməl hazırlanmış və uşaqların ahəngdar inkişafı üçün ictimai həyatın müxtəlif sahələrində görülməli vacib məsələləri əhatə edən Proqramda tədris fənnindən asılı olmayaraq bütün pedoqoji işçilərə və uşaqlarla işləyəcək şəxslərə uşaq hüquqlarının sistemli şəkildə öyrədilməsi, pedaqoji universitetlərdə uşaq hüquqları ilə bağlı fənninin tədris proqramlarına daxil edilməsi məsələsi həllini tapmamışdır. Fikrimizcə, gələcək müəllimlərin pedaqoji universitetlərdə ixtisasdan (tədris fənnindən) kənar öyrəndikləri biliklər daimi təmasda olacaqları uşaqların hüquqlarından əhəmiyyətli deyil.
 
Dövlət və ictimai həyatda bioetikanın yeri, bioetik bilik və informasiyanın genişlənməsi, önəçıxması yeni etik, fəlsəfi və hüquqi dəyərlər, standartlar yaradır. Bu isə öz növbəsində milli etik dəyərlərin tədrisini, bununla bağlı yaranan münasibətlərin tənzimlənməsini, bu standartlardan kənara çıxan, dəyərlərə xələl gətirən əməllərin kriminallaşdırılmasını tələb edir. Bioetik dəyərlər mühitində yaşayacaq insanların gənc yaşlarından, uşaqlıqdan bu həyata hazırlanması cəmiyyətimizin qarşısında duran strateji məsələlərdən biridir.
 
Uşaq hüquqlarını tədris və tədqiq etmək, onlara yeni dəyərlərlə yaşamağı öyrətməyin vacib formalarından biridir. Bununla əlaqədar olaraq xüsusi qeyd etməliyəm ki, dünyada elmi-texniki tərəqqinin nailiyyətləri, milli-mənəvi və ictimai inkişafın sürəti tədris proqramlarının və dəsliklərin yeni dövrün tələblərinə uyğunlaşdırılmasını tələb edir. Sovet dövründə tərtib edilmiş və köhnəlmiş metodika ilə aparılan tədris prosesi bu günün bioetik, biotexnoloji və mənəvi psixoloji səviyyəsi ilə uzlaşmır. İnformasiya texnologiyalarının həyatımıza daxil olması, ona cəmiyyətin və fərdin reaksiyası köhnə tədris proqramı və dərsliklərlə uzlaşmır. Zaman tələb edir ki, insanlara öz real həyatlarında istifadə etdikləri bilik, bacarıq və vərdişlər verilməlidir.
 
Belə bilik, bacarıq və vərdişlərdən biri də demokratik cəmiyyətdə insanın hüquq və azadlıqları ilə, o cümlədən uşaq hüquqları ilə bağlıdır. Eləcə də, elmi-texniki tərəqqinin yeni nailiyyətlərinin tətbiqi nəticəsində uşaqların sağlamlığına və inkişafına ziyan vuran hallara, hərəkətlərə qarşı hüquqi qadağaların müəyyənləşməsi, bu əməllərin kriminallaşması onların təhqiqi və istintaqının aparılmasının yeni mexanizmlərinin hazırlanması, insan həyatına və sağlamlığına, psixi vəziyyətinə neqativ təsir edən texniki vasitələrə və sosial şəbəkələrə mükəmməl nəzarət və təşkilati idarəetmə sisteminin yaradılması haqda da düşünməliyik.
 
Sevda Aydın Kərimova
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi
AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantı
sevda.aydin.k@gmail.com
 


Ana səhifəyə qayıt        Baxış: 3 924          Tarix: 20-11-2021, 06:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma