Xəbər lenti
Bu gün, 16:28
Bu gün, 14:16
Bu gün, 12:15
Bu gün, 12:00
Bu gün, 10:50
Bu gün, 10:24
Bu gün, 09:37
Dünən, 22:32
Dünən, 21:21
Dünən, 20:20
Dünən, 19:16
Dünən, 18:19
Dünən, 17:33
Dünən, 16:06
Dünən, 15:21
Dünən, 14:36
Dünən, 13:19
Son illərdə istər pandemiyanın, istərsə də 44-Günlük Müharibənin təsiri ilə Ermənistan iqtisadiyyatında əsaslı geriləmələr müşahidə edilmiş, onun iqtisadi müstəqilliyi və əhalisinin sosial-iqtisadi vəziyyəti ilə bağlı əsaslı risklər formalaşmışdır. 2021-ci il ərzində isə Ermənistan iqtisadiyyatı müəyyən qədər inkişaf etsə də iqtisadiyyatın 2019-cu ildəki səviyyəsinin bərpası mümkün olmamışdır.
İqtisadiyyatın həcminin azalması və qismən bərpası prosesləri həm də Ermənistan iqtisadiyyatına məxsus olan ənənəvi problemlər ilə müşayiət olunmuşdur və bu problemlərin aradan qaldırılması üçün zəruri mühit formalaşmamışdır. 2021-ci ildə Ermənistan iqtisadiyyatının inkişaf səviyyəsini və gələcək perspektivlərini müəyyən etmək üçün müxtəlif istiqamətlər üzrə gedən prosesləri və nəzərdən keçirək.
İqtisadi artım
Ermənistan iqtisadiyyatı 2020-ci ildəki 7.5%-lik daralmadan sonra 2021-ci ildə 5.8% artım əldə etmişdir. Daha əvvəl, 2019-cu ildə isə 7.8%-lik artım qeydə alınmışdı (Qrafik 1). 2021-ci ildə iqtisadi artımın əldə edilməsində əsas rola malik olan sektorlara xidmət, ticarət, tikinti və sənaye sektorları aid olmuşdur. Bu sektorlarda artım səviyyəsi müvafiq olaraq 7.8%, 7.5%, 7.4% və 3.3% təşkil etmişdir. Lakin, kənd təsərrüfatı və enerji sektorlarında azalma qeydə alınmışdır. Bu sahələrdə azalma isə müvafiq olaraq 1.1% və 0.6% səviyyəsində olmuşdur. Pandemiya dövründə tətbiq edilən qadağaların təsiri ilə turizm əlaqələrinin kəsilməsi və ticarət əlaqələrinin zəifləməsi Ermənistan iqtisadiyyatının inkişafına əsaslı şəkildə təsir göstərmişdir. Bunun nəticəsində 2020-ci ildə turizm sektoru 14.7%, ticarət sektoru isə 14% kiçilmişdi.
Maraqlıdır ki, digər sektorlarda azalmanın müşahidə edilməsinə baxmayaraq, 2020-ci ildə kənd təsərrüfatında 1.4%-lik artım qeydə alınmışdır. 2021-ci ildə qadağaların aradan qalxması xidmət və ticarət sahələrinin sürətlə inkişaf etməsinə və ümumi iqtisadi artımda əsas rol oynayan sahələrə çevrilməsinə səbəb olmuşdur. Onu da qeyd edək ki, xidmət və turizm sektoru Ermənistanın Ümumi Daxili Məhsulunun (ÜDM) 30%-ə qədərini formalaşdırır və həm məşğulluqda böyük paya sahibdir. 2021-ci ildəki artıma baxmayaraq, xidmət sektorunda ən böyük artım 2019-cu ildə qeydə alınmışdır və 15%-i ötmüşdür.
Maraqlıdır ki, 2021-ci ildə olduğu kimi 2019-cu ildə də kənd təsərrüfatı sektorunda 4.2% azalma müşahidə edilmişdir. Son illərdə Ermənistanda aqrar sektorun inkişafı trendləri onu göstərir ki, ümumi iqtisadi artım əldə edildiyi dövrlərdə kənd təsərrüfatının artımı zəifləyir, əksinə ümumi iqtisadi geriləmə olduqda isə sürətlənir. Bu onu deməyə əsas verir ki, Ermənistanda işçi qüvvəsinin kənd təsərrüfatından uzaqlaşması baş verir və iqtisadi inkişaf əldə edilən kimi bu sahənin inkişafı zəifləməyə başlayır. Əksinə böhran dövrlərində işsizlik səbəbindən aqrar sahədə aktivlik artır. Bu prosesdə həm də Ermənistanda hökm sürən sürətli emiqrasiya da rol oynayır. Ona görə ki, Ermənistandan emiqrasiya edən vətəndaşların əksəriyyəti aqrar sektorun daha yaxşı inkişaf etdiyi regionlarda yaşayan kasıb əhalidir. Onların ölkəni tərk etməsi isə bu sahənin inkişafını zəiflədir.
2021-ci ildə Ermənistanda iqtisadi artım əldə edilsə də bu bəzi maliyyə təşkilatlarının verdiyi proqnozdan daha aşağı səviyyədə olmuşdur. Belə ki, 2021- ci ilin oktyabr ayında Dünya Bankının verdiyi proqnoza görə, Ermənistan iqtisadiyyatım 6.1% səviyyəsində artım əldə etməli idi. Lakin, ilin yekunlarına görə iqtisadi artım bu səviyyəyə çata bilmədi. Lakin, Dünya Bankından fərqli olaraq Fitch Ratings agentliyi 2021-ci ilin sentyabr ayında açıqladığı hesabatda Ermənistanda 5.5% səviyyəsində iqtisadi artımın əldə ediləcəyini proqnozlaşdırmışdı.
İnflyasiya və milli valyutanın məzənnəsi
İstər pandemiyanın, istərsə də 44-Günlük Müharibənin Ermənistan üçün yaratdığı əsas iqtisadi problemlərdən biri də qiymət artımı olmuşdur. Müharibə nəticəsində Ermənistanın uzun illər işğalda saxladığı ərazilərdə yerləşən ehtiyatlara, xüsusilə də kənd təsərrüfatı ehtiyatlarına çıxışının əldən çıxması ərzaq məhsullarının qiymət artımına əsaslı sürətdə təsir etmişdir. Eyni zamanda pandemiyaya görə qlobal səviyyədə müşahidə edilən inflyasiya və enerji daşıyıcılarının qiymətinin artması da qiymət artımında böyük rol oynamışdır. Ona görə də pandemiyadan əvvəl müşahidə edilən aşağı inflyasiya dövrü bitmiş, yüksək inflyasiya ilə müşayiət olunan dövr başlamış və 2021-ci ildə inflyasiya daha yüksək səviyyəyə çatmışdır. Ermənistan Statistika Komitəsinin məlumatlarına əsasən, 2021-ci ildə orta inflyasiya 2020-ci ildəki 3.7%-lik səviyyədən 7.7% səviyyəsinə qalxmışdır (Qrafik 2). 2019-cu ildə isə inflyasiya 1.44% səviyyəsində olmuşdur. Orta aylıq inflyasiya göstəricisinə gəldikdə isə bu göstərici 2019, 2020 və 2021-ci illərdə müvafiq olaraq 0.1%, 0.3% və 0.6% səviyyəsində olmuşdur. Ermənistan Mərkəzi Bankının hesablamalarına görə, 2021-ci ildə orta illik inflyasiya 8.4% səviyyəsində olmuşdur. Fitch Ratings agentliyi isə 2021-ci ildə inflyasiyanın 7.4% həddinə çatacağını proqnozlaşdırmışdı.
Qiymət artımında ərzaq məhsullarının rolu daha böyük olmuşdur. Belə ki, inflyasiyanın təxminən üçdə birinin formalaşması məhz ərzaq məhsullarının qiymətinin artımı ilə bağlı olmuşdur. 2021-ci ildə ərzaq məhsullarının orta illik qiymət artımı 12.5%, qeyri-ərzaq məhsullarının qiyməti artımı isə 8% səviyyəsinə çatmışdır. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə ərzaq və qeyri-ərzaq məhsullarının qiymət artımı müvafiq olaraq 5.5% və 3.4% səviyyəsində olmuşdu. Daha əvvəl 2019-cu ildə isə ərzaq məhsullarının qiymət artımı 0.2%, qeyri-ərzaq məhsullarının qiymət artımı isə 1.4% təşkil etmişdir. 2021-ci ildə qeyri-ərzaq məhsullarından benzin və dizelin qiyməti kəskin şəkildə artmışdır və bu artımlar müvafiq olaraq 43.3% və 50.4% səviyyəsində olmuşdur.
Ermənistanda inflyasiyanın formalaşmasına həm də milli valyutanın məzənnəsindəki dəyişikliklər də təsir edir. 2020-ci ildəki müharibənin iqtisadi təsirləri özünü göstərməyə başladığı 2021-ci ilin ilk rübündə Ermənistanın milli valyutası olan dramın kəskin ucuzlaşması baş verirdi. Sonrakı dövrdə, xüsusilə də iyun ayında keçirilmiş parlament seçkilərindən sonra siyasi vəziyyətin sabitləşməsi dramın müəyyən qədər bahalaşmasına imkan yaratmışdır. Bu proseslərin nəticəsidir ki, Ermənistanda 1 ABŞ dollarının (bundan sonra dollar) orta aylıq dəyəri 2020-ci ilin dekabr ayında 519 drama bərabər olsa da 2021-ci ilin dekabr ayında 485 drama qədər azalmışdır. Yəni dramın dollara qarşı məzənnəsi 7% bahalaşmışdır. 1 ABŞ dollarının orta illik dəyərinə gəldikdə isə 2020-ci ildə 489 dram, 2021-ci ildə isə 504 dram olmuşdur. Yəni dram 2021-ci ildə illik ifadədə dollara qarşı 3% ucuzlaşmışdır. 2020-ci ildə isə illik ucuzlaşma 9% səviyyəsində olmuşdur. Bu göstəricilər onu deməyə əsas verir ki, milli valyutanın məzənnəsindəki dəyişikliklər inflyasiyanın formalaşmasında böyük rola malik olmamışdır.
İnflyasiyanın yüksək səviyyəsi və artıma meylli olması Ermənistanın Mərkəzi Bankını daha sərt pul siyasəti həyata keçirməyə məcbur etmişdir. Bu məqsədlə 2021-ci ilin dekabr ayında yenidən maliyyələşmə səviyyəsi 7.75%-ə qədər artırılmışdır. Qeyd edək ki, 2020-ci ilin dekabr ayında bu göstərici 4.25% səviyyəsində idi. Bununla da 2020-ci ilin dekabr ayından sonra Ermənistan Mərkəzi bankı faiz dərəcələrini 7 dəfə qaldırmışdır. Mərkəzi Bankın bu addımı iqtisadi aktivliyə mənfi təsir etsə də inflyasiyanın yaratdığı riskləri azaltmaq üçün atılmışdır. Bu artımlara baxmayaraq, əvvəl qeyd etdiyimiz inflyasiya göstəriciləri onu deməyə əsas verir ki, sərt pul siyasəti qiymət artımlarının qarşısını almağa imkan yaratmamışdır. Çünki yüksək qiymətin formalaşmasında inflyasiya idxalı və siyasi proseslər əhəmiyyətli rola malik olmuşdur.
Xarici ticarət
Ermənistan pandemiya və müharibədən sonrakı dövrdə azalmış xarici ticarət həcmlərini 2021-ci ildə bərpa etmişdir. Belə ki, 2020-ci ildəki 13.2%-lik azalmadan sonra Ermənistanın xarici ticarət dövriyyəsi 2021-ci ildə 17.7% artaraq 8.4 milyard dollara çatmışdır (Qrafik 3). Nəticədə ticarət dövriyyəsinin həcmi 2019-cu ildəki səviyyədən 680 milyon dollar daha çox olmuşdur. İxracın həcmi əvvəlki ildəki 3.9% azalmadan sonra 2021-ci ildə 19.1% artaraq 3 milyard dollara çatmışdır. 2019-cu ildə isə artım 9.4% səviyyəsində olmuşdu. İdxalın həcmi isə 2020-ci ildə 17.7% azaldıqdan sonra 2021-ci ildə 16.9% artaraq 5.4 milyard dollara çatmışdır. 2019- cu ildə isə idxal 10.8% artmışdı. İxracın idxal ilə müqayisədə daha sürətli artımı ticarət balansının yaxşılaşmasına imkan yaratmışdır.
Ermənistanın xarici ticarət əlaqələrinin dinamikası onu göstərir ki, 2020-ci ildə istər idxalın, istərsə də ixracın həcmində azalma müşahidə edilsə də 2021-ci ildə artmışdır və 2019-cu ildəki səviyyəni ötmüşdür (Qrafik 3). Ticarət balansının mənfi saldosu 2020-ci ildə azalaraq 2.07 milyard dollara çatsa da 2021-ci ildə yenidən artmış və -2.4 milyard dollara bərabər olmuşdur və 2019-cu ildəki səviyyəyə yaxınlaşmışdır.
Rusiyadan iqtisadi asılılıq
2021-ci ildə Ermənistanın əsas ticarət tərəfdaşları Rusiya, Çin, İran, İsveçrə və Almaniya olmuşdur. Rusiya ilə ticarət dövriyyəsi 21% artaraq 2.6 milyard dollara, Çin ilə ticarət dövriyyəsi 30.7% artaraq 1.3 milyard dollara, İran ilə ticarət dövriyyəsi 25.2% artaraq 503 milyon dollara, İsveçrə ilə ticarət dövriyyəsi 18.4% artaraq 385.3 milyon dollara, Almaniya ilə ticarət dövriyyəsi isə 2.5% azalaraq 290 milyon dollara çatmışdır. Müxtəlif təşkilatlara gəldikdə isə Ermənistanın Müstəqil Dövlətlər Birliyi (MDB) ilə ticarət dövriyyəsi 2021-ci ildə 20.4% artaraq 2.9 milyard dollara, Avrasiya İqtisadi Birliyi (AİB) ilə ticarət dövriyyəsi 20.6% artaraq 2.7 milyard dollara, Avropa İttifaqı (Aİ) ilə ticarət dövriyyəsi isə 23.4% artaraq 1.6 milyard dollara çatmışdır. Göründüyü kimi Ermənistanın Aİ ilə ticarət əlaqələri əsasən post-sovet ölkələrinin daxil olduğu MDB və AİB-dən daha az inkişaf etmişdir.
Ermənistanın ticarət baxımından ən çox asılı olduğu ölkələri müəyyən etmək üçün əsas ticarət tərəfdaşlarının ticarət dövriyyəsində payına diqqət yetirmək lazımdır. Qrafik 4-də yer alan məlumatlar göstərir ki, 2021-ci ildə Ermənistanın ticarət dövriyyəsində ən böyük paya sahib olan ölkə Rusiya (31%) olmuşdur. Həmin il Çinin dövriyyədə payı 15%-ə, İranın payı 6%-ə, İsveçrənin payı 5%-ə, Almaniyanın payı isə 3%-ə bərabər olmuşdur. Təşkilatlardan isə MDB-nin ticarət dövriyyəsində payı 35%, AİB-nin 32%, Aİ-nin isə 19%-ə bərabər olmuşdur. Rusiyanın həm MDB- nin, həm də AİB üzvü olması onu deməyə əsas verir ki, Ermənistanın bu təşkilatlarla ticarətinin böyük hissəsi məhz Rusiyanın payına düşür. Təşkilatın digər üzvləri ilə ticarət əlaqələrinin ümumi ticarət əlaqələrində payı isə çox azdır (1-4%). Bu isə onu göstərir ki, ticarət əlaqələrində Ermənistan Rusiyadan əhəmiyyətli sürətdə asılıdır.
Ermənistanın ixracının strukturuna əsas məhsullar üzrə nəzər saldıqda isə görə bilərik ki, ixracın 50%-dən çoxunu mineral məhsullar təşkil edir. Əsas ixrac mallarına mis filizləri, qızıl, tütün, tütün məhsulları və spirtli içkilər daxildir. Ermənistanın ixrac edilən mineral məhsullarının böyük hissəsi Aİ ölkələrinə ixrac edilir və daha sonra orada emal edilərək digər ölkələr satılır. Bu prosesdə aktiv rola malik olan ölkələrə İsveçrə və Almaniya aiddir. İdxalın strukturuna gəldikdə isə idxal edilən əsas məhsullara neft, qaz və onlardan düzəldilən məhsullar, radio- telefon ötürücü alətləri və almaz aiddir. Neft və qazın ən çox idxal edildiyi ölkə isə Rusiyadır. Ona görə Ermənistanın enerji təhlükəsizliyində də Rusiya böyük rola malikdir.
Dövlət borcu
Ermənistan üçün xarakterik və təhlükəli iqtisadi problemlərdən biri də dövlət borcunun yüksək həddə olmasıdır. Ermənistanın maliyyə resursları məhdud olduğundan iqtisadi inkişafın təmin edilməsi, əhalinin sosial ehtiyaclarının və büdcə xərclərinin qarşılanması üçün müxtəlif dövrlərdə Ermənistanda mövcud olan hakimiyyətlər xarici borc cəlb etmək məcburiyyətində qalmışdır. Bu isə ildən- ilə Ermənistanın xarici borcunun artmasına və təhlükəli həddə çatmasına gətirib çıxarmışdır. Son illərdə hakimiyyətdə olan Paşinyan hökuməti xarici borcun azaldılmasına çalışsa da istər pandemiyanın, istər 44-Günlük Müharibənin təsiri ilə formalaşmış iqtisadi şərtlər daxilində bunu edə bilməmişdir və xarici dövlət borcu hələ də yüksək səviyyədə qalmaqda davam edir. Son beş ilin statistik göstəricilərinə nəzər salsaq görərik ki, Ermənistanda dövlət borcu 2.46 milyard dollar və ya 36% artaraq 2021-ci ildə 9.23 milyard dollar səviyyəsinə çatmışdır (Qrafik 5). Təkcə 2021-ci il ərzində dövlət borcunun həcmi 1.2 milyard dollardan (15.8%) çox artmışdır. Bu illər ərzində dövlət borcunun böyük hisəsini xarici borclar təşkil etmişdir və 2017-2021-ci illərdə 1.13 milyard dollar (20%) artaraq 6.64 milyard dollara çatmışdır. Xarici borcun həcmi artsa da ümumi borcda payı azalmaya meylli olmuşdur. Xarici borclar əsasən xarici dövlətlərdən və maliyyə təşkilatlarından cəlb edilmiş borclardır. Əgər 2017-ci ildə xarici borclar ümumi dövlət borcunun 81%-ni təşkil edirdisə bu göstərici 2021-ci ildə 71%-ə qədər azalmışdır. Baxılan dövrdə daxili borcların isə həm həcmi, həm də dövlət borcunda payı artmışdır, hansı ki əsasən vətəndaşların aldığı dövlət qiymətli kağızları hesabına formalaşmışdır. 2017-2021-ci illərdə daxili borcun həcmi 1.33 milyard dollar artaraq 2021-ci ildə 2.59 milyard dollara çatmışdır. Təkcə 2021-ci ildə daxili borcların həcmi 35%-dən çox artmışdır. Daxili borcların ümumi borcda payı isə bu dövr ərzində 18%-dən 28%-ə qədər artmışdır. 2021-ci ildə Ermənistan Mərkəzi Bankının xarici borcları isə 0.5% azalaraq 458 milyon dollara bərabər olmuşdur.
Ermənistanda xarici borcun artması ilə yanaşı hökumətin xarici borcların faiz ödənişlərini ödəmək üçün xərcləri də artmışdır. 2021-ci ildə Ermənistanın xarici borclara görə ödədiyi faiz ödəmələrinin həcmi 9% və ya 33.5 milyon dollar artmışdır. Baxılan dövrdə büdcə xərclərinin 10%-ə qədəri məhz qeyd edilən faiz ödəmələrinin icrasına yönəldilmişdir. Bu isə onu göstərir ki, cəlb edilən dövlət borcu cari xərclərin qarşılanmasına imkan yaratsa da uzun müddətli dövr üçün dövlətin maliyyə təhlükəsizliyi ilə bağlı ciddi risklər formalaşdırır. Həm də bu verilən borcların gələcəkdə daha çətin şərtlər daxilində veriləcəyini deməyə əsas verir.
Ümumiyyətlə, Ermənistanda xarici borcdan asılılığın yüksək olmasının əsas səbəbi toplanılan vergilər və digər büdcə daxilolmalarının büdcə xərclərini qarşılamaq üçün kifayət etməməsidir. Xüsusilə də pandemiya və müharibəyə görə büdcə daxilolmalarının həcminin azalması xarici borcun cəlb edilməsinə olan tələbi artırmışdır. Bunun nəticəsidir ki, son üç ildə cəlb edilən xarici borcların həcmi əvvəlki illərə nisbətən daha sürətlə artmışdır. Borclanmanın yaratdığı riskləri azaltmaq üçün isə 2016-cı ildən etibarən Ermənistan hökuməti daxili bazarda dövlət qiymətli kağızlarının satışını artırmışdır. Dövlət qiymətli kağızlarının üstünlüyü ondan ibarətdir ki, milli valyuta ilə verilir və valyuta məzənnəsinin dəyişikliyinin yaratdığı risklərə qarşı həssas deyildir. Lakin, dövlət qiymətli kağızların faiz dərəcələri xarici borclarla müqayisədə daha yüksək olur ki, bu da dövlətin borc yükünü artırır. Digər tərəfdən əhali üçün dövlətin qiymətli kağızları o qədər də cəlbedici deyildir və buna görə də onların ümumi həcmi xarici borcla müqayisədə azdır.
Dövlət borcunun nə dərəcədə təhlükəli səviyyədə olduğunu müəyyən etmək üçün isə dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) nisbəti göstəricisindən istifadə edilir. İlkin hesablamalara görə, Ermənistanda dövlət borcunun ÜDM-də nisbəti 2021-ci ilin yekunlarına görə 60.8%-ə çatmışdır. 2020-ci ildə bu göstərici 63.5% səviyyəsinə çatdıqdan sonra Ermənistan hökuməti növbəti 5 ildə dövlət borcunun ÜDM-ə nisbəti əhəmiyyətli şəkildə azaltmağı planlaşdırırdı. 2021-ci ildə bu nisbətin 2.7% azalması müsbət göstərici olsa da xarici borcun ümumi həcmi artmışdır. Bu isə onu göstərir ki, bu azalma daha çox ÜDM artımının xarici borcun artımını üstələməsi nəticəsində baş vermişdir. İstənilən halda bu nisbətin 60%- dən yüksək olması dövlət borcunun təhlükəli həddə olduğunu göstərir.
İqtisadi inkişaf perspektivləri
2020-ci ildəki iqtisadi şoklardan sonra Ermənistan iqtisadiyyatında 2021-ci ildə müxtəlif istiqamətlərdə müsbət irəliləyişlər qeydə alınmışdır. Bu dövrdə iqtisadi artım tempi sürətlənmiş, xarici ticarət dövriyyəsi artmış və dövlət borcunun ÜDM- də payı azalmışdır. Bu proseslərə pandemiya ilə əlaqəli qadağaların aradan qalxması və nisbətən sabit siyasi mühitin formalaşması təsir etmişdir. Qeydə alınan müsbət irəliləyişlər qarşıdan gələn illərdə də artım templərinin qorunması ilə bağlı ümidlər yaratsa da Rusiya-Ukrayna müharibəsinin başlaması bu ümidlərin aradan qalxmasına səbəb olmuşdur. Ona görə ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür və Rusiya ilə sıx iqtisadi əlaqələrə malikdir. Müharibəyə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Rusiyada ciddi iqtisadi daralmalara səbəb olduğundan bu Ermənistan iqtisadiyyatına da əsaslı şəkildə təsir edəcəkdir. Müharibə başladıqdan sonra artıq 2022-ci ilin mart ayında Ermənistanın həmin il üçün iqtisadi artım proqnozları əhəmiyyətli sürətdə azaldılmışdır. Belə ki, Ermənistanın Mərkəzi Bankı 2021-ci il üçün artım proqnozunu 5.3%-dən 1.6%-ə qədər azaltmışdır. Beynəlxalq Valyuta Fondu isə 4.5%-lik artım proqnozunu üç dəfə azaldaraq 1.5% səviyyəsinə endirmişdir.
Müharibə eyni zamanda Ermənistanın xarici ticarət əlaqələrinə də əhəmiyyətli sürətdə təsir edəcəkdir. İlkin hesablamalara görə, artıq mart ayında Ermənistanın Rusiyaya ixracının ümumi həcmi 30%-ə qədər azalmışdır. Sanksiyaların təsiri artdıqca bu göstəricinin də artacağını gözləmək olar. Ticarətlə yanaşı Ermənistan iqtisadiyyatında böyük paya sahib olan xaricdən pul köçürmələrinin də həcminin əsaslı şəkildə azalacağı gözlənilir. İlkin hesablamalara əsasən Rusiyadan daxil olan pul köçürmələrinin həcmi 40% azalacaqdır.
Müharibə həm də Ermənistanda inflyasiyanın artmasına səbəb olacaqdır. Əvvəl də qeyd etdiyimiz kimi 2021-ci ildə 7.7% səviyyəsində inflyasiya qeydə alınmışdı və inflyasiyanın 2022-ci ildə 5.5% səviyyəsinə qədər azalacağı gözlənilirdi. Lakin, müharibənin başlaması inflyasiya ilə bağlı olan proqnozların da dəyişməsinə səbəb olmuşdur və yeni proqnozlara görə inflyasiya 8%-ə yaxın olacaqdır. Müharibənin uzanması daha yüksək inflyasiya göstəricilərinin qeydə alınmasına səbəb ola bilər.
Qeyd etdiyimiz problemlər onu göstərir ki, Ermənistan iqtisadiyyatını qarşıdan gələn dövrdə əsaslı daralmalar gözləyir, hansı ki, həm də sosial narazılığın artması ilə müşayiət olunacaqdır. Ermənistan iqtisadiyyatının bütün strateji istiqamətləri Rusiya iqtisadiyyatından asılı olduğundan Rusiyada müşahidə edilən iqtisadi şoklar birbaşa Ermənistan iqtisadiyyatına da təsir edir. Ona görə də qarşıdan gələn dövrdə Ermənistanda iqtisadi inkişaf müharibənin gedişatından, sanksiyaların hansı müddətdə qüvvədə qalacağından və Rusiyada iqtisadi böhranın hansı səviyyədə olacağından asılı olacaqdır. İqtisadi problemlərin sosial gərginliyi artırması və iqtisadiyyatın inkişafı ilə bağlı verilən vədlərin Ermənistanın hazırkı hökumətinə olan inamın formalaşmasında böyük rol olması onu deməyə əsas verir ki, iqtisadi problemlər uzunmüddətli xarakterə malik olarsa o zaman bunun ciddi siyasi nəticələri də formalaşa bilər.
Orxan Bağırov
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar