
“Görünən odur ki, Tramp bütün parametrlərdə bu güc mərkəzlərinin tələblərinə cavab verir...”
"Tramp Maskla qarşıdurmadan sonra ABŞ daxilində, o cümlədən Respublikaçılar Partiyasının özündə də getdikcə nüfuzdan düşür. Bəzi ekspertlər 2026-cı ilin noyabrındakı aralıq seçkilərdən sonra Trampın impiçmentinin mümkün olacağını iddia edirlər. Siz necə düşünürsüz?"
Moderator.az-ın bu sualını cavablandıran siyasi şərhçi Heydər Oğuz bildirib ki, ABŞ prezidenti Donald Trampın çox çətin prezidentlik dövrü keçirəcəyi əvvəldən bəlli idi:
“Bununla belə, mən Maskla qarşıdurmanın onun hakimiyyətdən uzaqlaşdırılması üçün yetərli səbəb olacağına inanmıram. Bir çoxları İlon Maskın ABŞ “dərin dövləti” tərəfindən Trampın yanına yerləşdirilmiş “saatlı bomba” olduğunu düşünürlər. Bu mülahizəyə görə, Tramp öz hakimiyyəti dövründə cızıqdan çıxar və ya büdrəyərsə, “saatlı bomba” işə düşəcək və təhlükə sovuşacaqdı. İndi onun Trampa qarşı hücumları belə bir təsəvvür yaradır ki, artıq təhlükəni bitirmə düyməsinə basılıb və yaxın zamanlarda ABŞ prezidenti devrilə, yaxud ara seçkiləri ilə fəaliyyəti məhdudlaşdırıla bilər. İlk baxışdan həqiqətən də belə görünür. Amma hadisələri dərinliyinədək incələyəndə Tramp-Mask gərginliyində ABŞ prezidentinin “dərin dövlət”ə daha yaxın siyasət yürütdüyünü və İlon Maskın da məhz bu siyasətə qarşı çıxdığı üçün Trampın qəzəbinə uğradığını görə bilərik. Ona görə də mən bu qarşıdurmadan zərərlə ayrılacaq şəxsin Mask olacağını proqnozlaşdırıram. Hətta dünyanın ən zəngin iş adamı kimi tanınan Maskın tamamən bitiriləcəyi belə, istisna deyil”.
Heydər Oğuzun fikrincə, Maskın Tramp əleyhinə mövqe tutması və məlum gərginliyin yaranması heç də ABŞ liderinin şəxsi maraqlarından irəli gəlmirdi:
“Bilirsiniz ki, Maskla Tramp arasındakı narazılıq ABŞ hökumətinin Konqresə təqdim etdiyi yeni vergi layihəsindən çıxmışdı. Bu layihədə Pentaqona Bayden zamanında ayrılan 860 milyard dollarlıq büdcənin daha 150 milyard artırılması nəzərdə tutulur. ABŞ “dərin dövlət”inin aparıcı fiquru olan Pentaqonun illik xərcini artırmaq, sözsüz ki, hərbçilərin etirazına yol açmaz, əksinə onları sevindirir. Mask isə özünün hazırladığı vergi layihəsində bir çox kəsintilərə getməyi təklif edir, bununla da ABŞ büdsəsinə 2.4 trilyon qənaət olunmasını planlaşdırırdı. Sözsüz ki, bu büdcə qısılmasında ən çox yük ABŞ Silahlı Qüvvələrinə yük düşəcəkdi. Məsələyə bu baxımdan yanaşanda Trampın təklifi Pentaqonun maraqlarını daha çox təmin edir. Üstəlik, Tramp Yaxın Şərqə ilk turundan ABŞ-a 4 trilyon dollar gətirdi. Bənzər maliyyə axınlarının Yaponiya və Cənubi Koreyadan da gəlməsi gözlənilir. Ukrayna-Rusiya savaşında Avropanı sıxışdırması, onların hərbə ayırdıqları vəsaiti dəfələrlə artırmaları ABŞ hərbi sənayesindən daha çox asılı vəziyyətə salınmaları və s. kimi siyasətlər silah sənaye bosları üçün əvəzolunmaz keyfiyyətlərdir və bütün bunların hamısı Tramp sayəsində əmələ gəlir…
Ötən gün Los-Agelsdə baş verən iğtışaşlar zamanı Trampın sərt mövqe tutması, ölkəsinin parçalanmasına izn verməyəcəyini bildirməsi və açıq şəkildə ABŞ polisini dəstəkləməsi də Trampın “dərin dövlət” qarşısında başını ucaldan addımlardır…
Trampla Mask arasında çıxan digər gərginlik amili ABŞ prezidentinin keçmiş müttəfiqinin ifrat tələblərini geri çevirməsi idi. Məsələn, İlon Mask milyardlarla büdcə vəsaitini kosmosda əridən NASA-nın rəhbərliyini öz dostuna tapşırmaq istəyirdi. Bu isə onunla əlbir olub böyük varidatlar əldə etməsinin təminatı demək idi. Tramp isə onun təklifini geri çevirmiş və bardağı daşıran son damla da məhz bu olmuşdu. ABŞ-ın kosmosda yürütdüyü bütün çalışmalarının bir əldə toplanması “dərin dövlət üçün də olduqca təhlükəli idi. Çünki belə olacağı halda ABŞ-ın bütün məxfi məlumatları İlon Maskın əlində cəmləşəcəkdir. Mask isə Çin və Rusiya ilə yaxın münasibətləri olan birisidir. Onun strateji məlumatlar bazasına buraxılması əldə etdiyi dataları rəqib dövlətlərə ötürmə imkanı mənasına gəlirdi. Sözsüz ki, “dərin dövlət” bu perspektivlə də razılaşa bilməzdi…
Digər mübahisə doğuran məsələ elektrikli avtomobillərə tətbiq olunan subsidiyların ləğvi və onların idxalına qoyulan rüsumların artırılması idi. “Tesla” kimi iri elektrikli avtomobil müəssisəsinin ən böyük sərmayədarı olan Mask bunu qəbul edə bilmir və üsyankar açıqlamalar verirdi. Onun xüsusilə Çinə qarşı tətbiq olunan gömrük rüsumlarına təpkisi diqqətçəkici idi. Halbuki Tramp bu rüsumları ABŞ-ın iqtisadi maraqlarını nəzərə alıb artırmışdı və onun qarşısını almaq cəhdi faktiki olaraq Çinin böyüməsinə, ABŞ-ı geridə qoymasına çalışmaq idi. Elektrikli maşınların batareyalarının 90%-nin Çində istehsal olunması və bu istehsal üçün tələb olunan xammalın 70%-nın həmin ölkədə toplanması sözügedən sektorda ABŞ-ın rəqabət imkanlarını da sıfırlayırdı. Belə bir vəziyyətdə İlon Maskın Çinin tərəfində yer alması ABŞ “dərin dövləti” tərəfindən birmənalı qarşılanmırdı və qarşılana da bilməzdi”.
Heydər Oğuzun fikrincə, sadaladığı bütün bu amillər Tramp-Mask rəqabətində birincinin daha şanslı olduğunu və ABŞ “dərin dövlət”inin maraqlarına daha çox cavab verdiyini göstərir: “Hətta mənə elə gəlir ki, Tramp ABŞ “dərin dövlət”inin tələbləri ilə Maskı öz ətrafından uzaqlaşdırdı. Düzdür, bu uzaqlaşdırmada neft-qaz hasilatçısı və bu klassik enerji mənbəyinə əsaslanan maşınların istehsalçısı Rokfeller ailəsinin də maraqları vardı. Amma eyni zamanda ABŞ “dərin dövləti” ilə bu ailənin maraqları üst-üstə düşürdü. Görünən budur ki, Tramp bütün parametrlərdə bu güc mərkəzlərinin tələblərinə cavab verir. Odur ki, mən yaxın zamanlarda Maskın tamamilə iflasının şahidi olacağımıza inanıram...”
Təqdim etdi:
Sultan Laçın
Paylaş: